Deməli, rus dilində bir məlumat tapıb atıram ki, tərcümə eləsin, mən də paylaşım. Bu ‘dahı’ da götürüb mətndə heç ruhu belə olmayan bir ‘GUYA’ sözü artırıb. Tələsik paylaşıram, bir də ayılıram ki, rəylərdə ‘parta-part’ qırğındır, hamı mənə irad tutur. Baxıram ki, süni intellekt özündən ‘fəlsəfə’ qatıb, təsdiq cümləsini şübhəli bir formaya salıb mənanı alt-üst eləyib.
Bu gün yenə eyni ssenari! Yenə ‘İran’ sözü, yenə həmin o məşhur ‘guya’ kəlməsi… Görünür, bu texnologiyanın ‘neyronları’ bəzi coğrafi adları eşidəndə avtomatik olaraq ‘uydurma rejiminə’ keçir.
Görəsən, bu süni intellektə kim öyrədib ki, mətndə olmayan sözləri ora dürtüşdürüb bizi camaatın qabağında pis vəziyyətdə qoysun? Belə çıxır ki, artıq təkcə insanların yox, robotların da öz siyasi ‘allergiyaları’ və gizli gündəmləri var. Alın, bu da sizin ‘qərəzsiz’ texnologiyanız!
Gələcəyin ‘ağıllı’ dünyası budursa, vay halımıza… Görünür, süni intellekt hələ ‘insan kimi yalan danışmağı’ hər şeydən tez öyrənib!
