Səhər obaşdan “dəmir alıram, dəmir” qışqırtısı bizi yuxudan oyatdı. Bayılda artıq xoruz banına ehtiyac yoxdur…
Əvvəllər xlorsatanlar vardı, sonra qatıqsatanlar çoxaldı. İndi də dəmiryığanlar meydan sulayır…
Durub çölə çıxdım, dəmiralanlarla söhbət etdim. Demə, bir qadın öz oğlu ilə qapı-qapı gəzir, dəmir toplayır…
Gənc oğlanla xeyli danışdıq. Bəlli oldu ki, dəmirin kilosunu 30 qəpiyə alırlar. Köhnə mühərrikə isə ölçüsündən asılı olaraq 10–20 manat verirlər. Ən çox maraq göstərdikləri isə misdir — kilosunu 10 manatdan alırlar…
Köhnə evləri söküb satanlar da var. Qapı, pəncərə, döşəmə taxtası, dam örtüyü… nə varsa, pul edən hər şey yığılır, satılır…
Bir tərəfdən baxanda, bu yaxşıdır. İnsanlar işləyir, çapalayır, vurnuxur. Hər kəs bir yol tapıb dolanmağa çalışır.
Amma məsələnin başqa tərəfi də var.
Bu qədər neft və qaz satan, qızıl ixrac edən ölkədə insanlar niyə hələ də dəmir yığmaqla, küçə-küçə gəzib xırda alverlə məşğul olmalıdır?
İnkişaf etmiş ölkələrdə bu mənzərə yoxdur. Orada insanlar belə primitiv işlərlə dolanmağa məcbur qalmır.
Bizdə isə hələ də: küçədə qatıq satılır, süd satılır, dəmir yığılır…
Bu, həm də o deməkdir ki, hökumət pis işləyir, özü də çox pis işləyir…
