CəmiyyətKriminalQalmaqal

Əli Əsədovun biznes imperiyası: hökumətyönlü medianın göstərmədiyi tərəflər

Son günlər hökumətyönlü mediada Baş nazir Əli Əsədovun sahib olduğu biznes imperiyası haqda yazılar dərc olunur.

Yazıda qeyd olunur ki, məsələ təkcə Baş nazirin var-dövləti ilə bağlı deyil, həm də onun idarəçilik üslubu və hakimiyyətdə sevmədiyi vəzifə sahiblərinə qarşı münasibəti ciddi araşdırma mövzusudur.

Məqalədə həmçinin Prezident İlham Əliyevin dövlət məmurlarının fəaliyyətinə dair tənqidi fikirlər səsləndirdiyi vurğulanır. Məmurlardan peşəkarlıq, təvazökarlıq və qanunlara riayət etmək tələb olunduğu qeyd olunur. Eyni zamanda korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının yolverilməz olduğu bildirilir.

Məqalədə bildirilir ki, dövlət başçısının sərt xəbərdarlıqlarından nəticə çıxarmayan məmurlar hələ də mövcuddur. Buna sübut kimi isə fəaliyyət dövrlərində biznes maraqları ilə əlaqələndirilən şəxs kimi Baş nazir Əli Əsədovun adı çəkilir.

Adətən hökumətyönlü media bu cür materialları müstəqil şəkildə hazırlamaq casarətində olmur. Hökumətyönlü media, bir qayda olaraq, hakimiyyətə bağlı fəaliyyət göstərir və daha çox yuxarıdan gələn tapşırıqlar və tezislər əsasında materiallar hazırlayır. Bu baxımdan, hakimiyyətin razılığı və ya ən azı səssiz razılığı olmadan belə bir yazının dərc olunması inandırıcı görünmür. Belə olan halda fəaliyyətdə olan baş nazirlə bağlı hökumətyönlü mediada bu cür yazının dərc olunması nəyə xidmət edir?

Ekspertlər mətbuata ötürülən bu tip yazıları bəzi vəzifəli şəxslərin vasitəsilə baş naziri tənqid etmək, onun biznes fəaliyyətini ifşa etməklə “hədələmək” və ya “cəzalandırma” məqsədi daşıyan bir kampaniya kimi qiymətləndirir.

Bu yanaşma jurnalistika prinsiplərindən çox, məmurlar arasındakı intriqalara xidmət etməsi kimi qiymətləndirilir. Həmçinin “İlham Əliyev yaxşıdır, ətrafı pisdir” tezisinin ictimai rəyə aşılanmasına cəhd edildiyi də vurğulanır.

Meydan TV isə məsələ ilə bağlı araşdırma apararaq, Baş nazir Əli Əsədovun yüksəlişində birbaşa Prezident İlham Əliyevin rolunu faktlar əsasında təqdim edərək, onun biznes fəaliyyəti ilə bağlı daha geniş mənzərəni ortaya çıxarmağa çalışıb.

Baş nazirin karyera yüksəlişi və paralelində biznes şəbəkəsi

Əli Hidayət oğlu Əsədov 1998–2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb. 2012–2019-cu illərdə isə İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib. 2019-cu ildən etibarən isə Azərbaycan Respublikasının Baş naziri vəzifəsini icra edir.

Onun fəaliyyət dövrləri ilə paralel olaraq bəzi kommersiya strukturlarının yaranması da diqqət çəkir. Belə ki, 2004-cü ildə “AZ İmport” MMC təsis edilib. Açıq mənbələrdə yer alan məlumatlara görə, şirkət illər ərzində yüzlərlə dövlət tenderinin qalibi olub və iri həcmli tikinti və təmir layihələrinin icrasında iştirak edib.

Məlumatlara əsasən, şirkətin təsisçiləri sırasında iş adamı və idmançı kimi tanınan Azər Əsgərov, həmçinin onun qohumu, Bayraq Meydanı Kompleksinin keçmiş rəhbəri Rəşad Məmmədovun adı çəkilir. Azər Əsgərov Əli Əsədovun çox yaxın dostu, biznes şəbəkəsinin isə idarəedicisi kimi tanınır.

Azər Əsgərov illər öncə Meydan TV-yə açıqlamasında “AZ İmport”un Əli Əsədova məxsus olması ilə bağlı iddiaları rədd edərək bildirib ki, onu şəxsən tanısa da, şirkətin himayə olunması barədə deyilənlər yalandır. Onun sözlərinə görə, Əli Əsədov sadəcə “Yeni Bulvar” və “Bayraq Meydanı” kimi layihələr zamanı bütün tikinti qruplarına ümumi nəzarət edib və bu çərçivədə onların işinə də baxıb. Lakin Əsədovun hansı əsasla nəzarət etdiyini bilmədiyini deyib. Əsgərov digər suallardan yayınıb.

Rəsmi sənədlərdə görünür ki, “AZ İmport” şirkəti ilk əvvəl Rəşad Məmmədovun yaşadığı ünvanda, yəni Səbai̇l rayonu, B. Sərdarov küç. ev 20 mənzil 1 ünvanında qeydiyyatdan keçib. Hazırda isə Əli Əsədovla, qonşusu Azər Əsgərovun yaşadığı adresdə, yəni HƏSƏN ABDULLAYEV, ev.9A ünvanında qeydiyyatdadır. Hazırda şirkətin dövlətə 3882.36 AZN borcu var.

Baş nazir Əli Əsədov dostu Azər Əsgərovla biznes ortağı kimi 2017-ci ildə “AZMAN Holding” şirkətini yaradıblar və “AZ İmport” MMC-ni bu holdinqin tərkibinə daxil ediblər. Hazırda baş nazirin kurasiyasında olan bütün sahibkarlıq obyektləri bu holdinqin tərkibində olan törəmə şirkətlərə aid geniş biznes şəbəkəsini əhatə edir.

Saytlarında və Dövlət Vergi Xidmətindəki reyestri məlumatlarına görə, qeyd olunan biznes strukturları müxtəlif sahələrə bölünüb. Bu sahələrə tikinti, logistika, turizm, ictimai iaşə, yaşayış kompleksləri, aqrar sektor və sosial fəaliyyət istiqamətləri daxildir.

İnşaat sektorunda “Azman Construction” MMC (əvvəllər “AZ İmport” MMC) və “Alians Development” fəaliyyət göstərir. Logistika sahəsində “TEZ Logistics” MMC-nin adı çəkilir. Otel və turizm istiqamətində isə “Sapphire Hotels Group” MMC fəaliyyət göstərən qurumlar sırasında qeyd olunur. Restoran və ictimai iaşə sahəsində “City Service Company” MMC, aqrar sektorda “EcoProd” MMC, sosial istiqamətdə isə “Judo Club 2012” təşkilatının adı hallandırılır. Bundan əlavə, “Rahat Həyat” Yaşayış Kompleksi, Zuğulba Kompleksi və “Panorama Park” kimi yaşayış layihələri də bu strukturlara aid edilir.

Açıq mənbələrdə yer alan məlumatlara əsasən, “City Service Company” MMC 2010-cu ildən restoranlar şəbəkəsi kimi fəaliyyət göstərir. Şirkətin tərkibinə “Nar&Sharab”, “Senator Hall”, “Maxim Hall”, “Zuğulba Saray”, “Beer Hall”, “JazzClub by BeerHall”, “Ocakbaşı 62” və “Societe Baku” kimi müxtəlif restoranlar, kafelər, banket zalları və əyləncə məkanlarının daxil olduğu bildirilir.

Bundan əlavə, “Mangal” MMC adı altında fəaliyyət göstərən digər restoranlar şəbəkəsinə “Mangal Steak House”, “Mangal Steak House Zagulba”, “Mangal Milli”, “Ocakbaşı Mangal” və “Ballroom” kimi obyektlərin daxil olduğu qeyd edilir.

Turizm sektorunda fəaliyyət göstərən “Sapphire Hotels” şəbəkəsinə isə Bakıda yerləşən “Sapphire Baku”, “Sapphire City”, “Sapphire Inn”, “Sapphire Marine” və “Sapphire Bayil” kimi otellərin aid olduğu bildirilir.

Prezidentlə baş nazirin biznes əlaqələri

Əli Əsədova aid olan biznes şəbəkəsi ilə Prezident İlham Əliyevin ailəsinə məxsus iri holdinqlər arasında mümkün əlaqələr də bəzi araşdırmalarda diqqət mərkəzinə çəkilir.

Bu kontekstdə adı hallandırılan qurumlardan biri Əli Əsədovun biznes şəbəkəsinə aid olan “Çinarə” Kiçik Müəssisəsidir. Məlumatlara görə, “Çinarə KM” Bayıl qəsəbəsində yerləşən “Sapphire Plaza” binasında qeydiyyatdan keçib.

Rəsmi məlumatlara əsasən, müəssisəyə bir müddət Niyaz Ravil oğlu Orucov rəhbərlik edib. Onun eyni zamanda “Rahat Həyat Yaşayış Kompleksi” MMC-nin direktoru, “City Service Company” MMC-nin qanuni təmsilçisi olduğu, həmçinin “AZ İmport” MMC-də mühasib kimi çalışdığı bildirilir.

Açıq mənbələrdə qeyd olunur ki, 2018-ci ildə “Paşa Holdinq”lə əlaqələndirilən şirkətlərdən biri kimi təqdim edilən “Foton” MMC “Çinarə” Kiçik Müəssisəsinə qoşularaq onun yenidən təşkilinə səbəb olub. Məlumatlara görə, əvvəllər nizamnamə kapitalı 100 manat olan müəssisənin aktivləri sonradan 37,4 milyon manata qədər artıb.

Bəzi mənbələrdə bildirilir ki, “Foton” MMC “Xalq Bank” ASC-nin səhmlərinin 16,15 faizinə sahibdir. Şirkətin hüquqi ünvanının Bakıda yerləşən Neftçilər prospekti, ev 153 – “Paşa Holdinq”in də qeydiyyatda olduğu ünvanla üst-üstə düşdüyü qeyd olunur.

Baş nazirin kurasiyasına aid edilən proxy şəxslərin şirkətləri

Açıq mənbələrdə yer alan məlumatlara görə, Əli Əsədovla əlaqələndirilən biznes şəbəkəsinə müxtəlif hüquqi şəxslərin də daxil olduğu görünür. Bu şirkətlərin bir qisminin formal olaraq üçüncü şəxslərin (proxy şəxslərin) adına rəsmiləşdirildiyi qeyd olunub.

Həmin siyahıda aşağıdakı şirkət və təşkilatların adları çəkilir:

  • “OTTO T.Z.F Restorant, Cafe, Bar, Katrinq İşletmeciliği” MMC

  • “İnşaatçılar” Mənzil-Tikinti Kooperativi

  • “Beynəlxalq Ticarət Mərkəzi” MMC

  • “Bakı Çayçəkici” ASC

  • “Erebus” MMC

  • “Azresto Group” MMC

  • “Qorqud” Assosiasiyası

  • “Hotels Group” MMC

  • “AzBiznesServis” MMC

  • “Asif-K” MMC

  • “IdealAnd” MMC

  • “Yevlax Dəmir Beton” ASC

  • “Jeunesse Azerbaijan” MMC

  • “İnkino” MMC

  • “AS İnşaat” MMC

  • “AS Besix” MMC

  • “AS Horeca” MMC

  • “AZ Pro Pharma” MMC

  • “Horeca Services” MMC

  • “Butik Hotel” MMC

  • “Fast Trading” MMC

  • “Aquamotors” MMC

Almaniyaya qədər uzanan biznes şəbəkəsi

Yuxarıda adı çəkilən və Əli Əsədovla əlaqələndirilən ən asas şirkətlərin Almaniyada da eyni adla fəaliyyət göstərdiyi ilə bağlı məlumatlar ortaya çıxıb. Bu məlumatlar Almaniyanın rəsmi vergi və kommersiya reyestrlərinə əsaslanır.

Reyestr məlumatlarına görə, “Azmann GmbH” şirkəti Rüfət Vaqif oğlu Məmmədov tərəfindən təsis olunub. Şirkətin fəaliyyət istiqamətləri daşınmaz əmlakın alınması və idarə olunması, müxtəlif malların ticarətində vasitəçilik, qastronomiya xidmətləri, eləcə də xəstəxana, klinika və hotellərdə görüşlərin təşkili kimi çoxşaxəli sahələri əhatə edir.

Rüfət Məmmədovun təsis etdiyi digər şirkət “AZ-Import GmbH” daşınmaz əmlakın alınması, satışı, tikintisi, icarəsi və idarə olunması ilə yanaşı, qiymətli metalların və ərzaq məhsullarının idxal-ixracı ilə məşğuldur. (MeydanTV)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Yasamal Polis idarəsində bir ayağı olmayan qaziyə qarşı zor tətbiq edilib.

admin

23 yaşlı xanımdan inanılmaz əməl: Xarici görünüşündən istifadə edib… / FOTO

redaktor

Ramiz Rzayevin yerinə kim gəlir? – İDDİA

redaktor