Sizlərə çox maraqlı bir xəritə təqdim edirəm. Britaniya elmi dairələrində çox vaxt Archdeacon Williams kimi tanınan John Williamsın “İranın Şimal-Qərb hissəsinin coğrafiyası və Aras çayının axarı haqqında oçerk” (An Essay on the Geography of North-Western Part of Persia and the Course of the Araxes) kitabında qeyd olunan bu xəritədə Azər (baycan) adı dəqiqliklə göstərilib.
John Williams 19-cu əsrin əvvəllərində, hələ bir çox müasir arxeoloji qazıntılar başlamamışdan əvvəl, Azərbaycanın antik dünyadakı yerini və coğrafi əhəmiyyətini Avropa oxucusuna elmi şəkildə təqdim edən nadir müəlliflərdən biridir.
Xəritədəki “AZER” yazısına baxanda görürük ki, müəllif həmin bölgəni birbaşa Azərbaycan adlandırır. 18-ci və 19-cu əsrlərin ingilisdilli xəritələrində bu ad adətən “Azerbijan” və ya “Azerbaidjan” kimi qeyd olunurdu. Müəllif Atropatena adından çox istifadə edir və onu Azərbaycan adı ilə eyniləşdirir. O dövrdə “Azərbaycan” adının antik “Atropatene” sözündən gəldiyini elmi şəkildə izah edən müəllif, bu adın zamanla keçdiyi fonetik dəyişikliyi (Atropat – Adurbad – Azer) dilçilik baxımından da izah edir.
Müəllif xəritə ilə yanaşı kitabında da qeyd edir ki, bu coğrafiya Azərbaycan adı ilə tanınır və qədim sivilizasiyaların mərkəzi hesab olunurdu. 1829-cu ildə yazdığı bu kitabda “Azerbaijan” adını həm qədim Atropatene ilə eyniləşdirir, həm də regionun müasir adı kimi işlədir. Xəritədə “AZER” yazısının Gürcüstanın cənubunda, Araz çayı ətrafında göstərilməsi Azərbaycanın tarixi-coğrafi mövqeyini təsdiqləyir.
Williams kitabda Azərbaycanın sərhədlərini və bu bölgənin İskəndərin yürüşləri zamanı oynadığı rolu geniş təhlil edir. O, Atropatene (Azərbaycan) haqqında danışır və bu regionun keçilməz təbiətindən bəhs edir.
John Williams bu kitabında antik dövr coğrafiyasını müasir dövrlə uzlaşdırmağa çalışırdı. Onun ən böyük iddialarından biri o idi ki, antik mənbələrdə keçən Ekbatana şəhəri əslində iki dənədir və onlardan biri məhz Azərbaycan ərazisində yerləşir.
Williams Polib və Strabona istinad edərək deyir ki, Atropatene əhalisi çox döyüşkən bir xalq olub. O vurğulayır ki, bu insanlar nə Makedoniyalı İskəndərə, nə də sonradan Selevkilərə tamamilə boyun əyməyiblər. Onlar öz müstəqilliklərini qorumaq üçün bölgənin çətin dağlıq relyefindən ustalıqla istifadə edirdilər.
Williams qeyd edir ki, Azərbaycan “Atəşgahlar diyarı” idi və buranı qədim maqların mərkəzi sayırdılar. Azərbaycan ərazisini hər zaman digər bölgələrdən fərqlənən, özünəməxsus hərbi və siyasi kimliyi olan bir yer kimi təsvir edir.
John Williams-ın 1829-cu ildə yazdığı bu əsərdə hadisələrə antik yunan və latın mənbələrinin gözü ilə baxılır. Amma onun təsvirlərində türklüyün qədim kökləri və dil ailələri ilə bağlı çox maraqlı dolayısı məlumatlar da var:
Müəllifə görə, Arazdan şimalda və bu çayın ətrafında yaşayanlar döyüşkən və atçılıqla məşğul olan xalqlardır ki, bu da birbaşa qədim türk həyat tərzinin təsviridir.
19-cu əsr alimləri “Skif dili” dedikdə, çox vaxt bunun kökündə dayanan və “Turanian” adlandırdıqları proto-türk dillərini nəzərdə tuturdular. Williamsın təsvirlərinə görə, bu dil daha sərt, hərbi terminlərlə zəngin bir dil imiş.
Kitabda türklük birbaşa “Turk” adı ilə deyil, Skif, Saka və “Tartar” terminləri ilə verilir.
Müəllifə görə, Atropatene sadəcə bir fars satraplığı deyil, öz etnik kimliyi, öz dili və öz ordusu olan bir millət kimi çıxış edirdi. O dövrün ingilis elmində bu cür müstəqil və döyüşkən xalqlar həmişə Skif-Türk kökü ilə əlaqələndirilirdi.
O, “Araxes” (Araz) və “Cyrus” (Kür) çaylarının ətrafındakı yaşayış məskənlərinin adlarının Turan mənşəli olduğunu və bu adların bu günə qədər yerli əhali tərəfindən qorunub saxlanıldığını da əlavə edir.