İranda çevriliş: İran İslam İnqilabı Keşikçiləri Korpusu ölkədə hakimiyyəti ələ keçirib
Bir neçə həftədir ki, Vaşinqton Tehranla mövcud atəşkəsi uzadır, İrandan dağıdıcı müharibəyə son qoya biləcək təklifi gözləyirdi.
Lakin atəşkəsin uzadılması və Pakistan vasitəçiliyi ilə bağlı xəbərlərin arxasında daha mühüm bir dəyişiklik baş verir: İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİİKK-SEPAH) ölkənin siyasi və hərbi qərarvermə mexanizmləri üzərində faktiki olaraq tam nəzarəti ələ keçirib. Nəticə etibarilə, Birləşmiş Ştatlar – və bütün dünya – danışıqlar masasının o tayında artıq etibarlı tərəfdaşa malik deyil.
Aprelin 19-da Vaşinqtonda yerləşən Müharibənin Tədqiqi İnstitutu (ISW) növbəti və olduqca kəskin qiymətləndirmə yaydı: İİİKK-nin faktiki komandanı general-mayor Əhməd Vahidi və onun yaxın dairəsi, ehtimal ki, təkcə İranın hərbi strukturu üzərində deyil, həm də onun danışıqlarda mövqeyi və prosesə yanaşması üzərində nəzarəti tam təmin edib.
İnstitutun məlumatına görə, Vahidi indi Ali Rəhbər Möctəba Xamneyi ilə birbaşa əlaqəsi olan yeganə İran rəsmisidir və digər rejim rəsmilərinə əsas qərarların ötürülməsi üçün tək vasitəçi rolunu oynayır.
Bu, sadəcə hərbi eskalasiya deyil – bu, siyasi hakimiyyətin ələ keçirilrməsidir. 1979-cu ildə İslam İnqilabını qorumaq mandatı ilə yaradılmış elit qüvvə olan İİİKK-SEPAH sistematik şəkildə ölkənin mülki rəhbərliyini kənara sıxışdırmağa nail olub.
Parlamentin sədri Məhəmməd Baqer Qalibaf – ABŞ-la İslamabadda ilkin danışıqlara rəhbərlik edən şəxs – və xarici işlər naziri Abbas Araqçi çoxsaylı məlumatlara görə, artıq SEPAH-ın icazəsi olmadan qərar qəbul edə bilmirlər.
Hakimiyyət uğrunda mübarizə aprelin 22-də atəşkəsin bitməsi ərəfəsində baş verən hadisələrdə özünü daha ciddi şəkildə göstərdi. Bir tərəfdə praqmatik mülki rəhbərlik, keçmiş İİİKK briqada generalı, lakin sonradan siyasətçiyə çevrilmiş Qalibaf və İranın təcrübəli diplomatı Araqçi dayanırdı. Onlar diplomatiyanın davam etdirilməsi, atəşkəsin uzadılması və nəticədə qan tökülməsinə son qoya, sanksiyaların yüngülləşdirilməsini gətirə biləcək danışıqlar yolu ilə razılaşmanın əldə edilməsinin tərəfdarı idilər. Digər tərəfdə isə Vahidi və SEPAH-ın ortaya qoyduğu sərtlər dayanırdı.
Onlar ABŞ-nin İran limanlarının blokadasını qüvvədə saxladığı müddətdə güzəştlərə getməkdən imtina edir və əvəzində qabaqlayıcı hərbi əməliyyatlara başlamağa çağırırdılar.
Mülayim fraksiyanın məğlubiyyəti sürətli və qəti oldu. Araqçi keçən cümə günü Hörmüz boğazının ticarət gəmiləri üçün yenidən açılacağını elan edəndə sərt xətt tərəfdarları və dövlət mediası dərhal ona hücum etdi.
Cəmi bir gün sonra SEPAH boğazı yenidən bağlı elan etdi, Xarici İşlər Nazirini bəyanatlarını rədd edərək real hakimiyyətin məhz kimin əlində olduğunu nümayiş etdirdi.
Aşağılama bununla da bitmədi. SEPAH boğazdan keçməyə cəhd edən tankerlərə hücum edərək, İranın ən strateji dəniz keçidini kimin idarə etdiyi barədə birmənalı mesaj göndərdi. Sərt xəttə birdən-birə keçid göstərdi ki, rəhbərliyin mülayim xətt tutan qanadı hakimiyyətdən tamamilə kənarlaşdırılıb.
Vahidinin hakimiyyətini möhkəmləndirməsi İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi və veteran SEPAH komandiri Məhəmməd Baqer Zolqədr ilə kritik alyans sayəsində baş tutdu. Zolqədr martın 25-də – SEPAH komandirlərinin, xüsusilə də Vahidinin tələbindən sonra bu vəzifəyə təyin edilmişdi. Məlumatlara görə, bu təyinat mülki rəsmilərin etirazlarına baxmayaraq baş verdi. Ondan əvvəl bu vəzifəni tutsn Əli Laricani martda İsrailin zərbəsi nəticəsində öldürülmüşdü və SEPAH boşalan yeri tezliklə doldurmağa çalışdı.
Zolqədrin də daxil olduğu ittifaqın nüfuz dairəsi hərbi məsələlərdən çox-çox kənara yayılıb. Vahidi öz müttəfiqinin ayın əvvəlində ABŞ ilə danışıqçılarla görüşən İran nümayəndə heyətinə daxil edilməsində israr edərək, SEPAH-ın prioritetlərinin ən yüksək diplomatik səviyyədə təmsil olunmasını təmin etdi. ISW-nin təhlilinə görə, Zolqədr sonradan SEPAH-ın Vahidi də daxil olmaqla yüksək rütbəli rəhbərlərinə Araqçinin “müqavimət oxu” proksiləri ilə bağlı danışıqlar zamanı öz səlahiyyətini aşaraq çeviklik göstərdiyi barədə şikayət göndərib.
Şikayət SEPAH rəhbərliyi tərəfindən qəzəbli reaksiyaya səbəb oldu. SEPAH-ın keçmiş kəşfiyyat rəisi Hüseyn Taib də daxil olmaqla yüksək rütbəli rəsmiləri danışıqlar aparan nümayəndə heyətinin Tehrana geri çağırılmasını və hərbçilərin icazəsi olmadan danışıqlara girməməyi əmr etdilər.
Bu hakimiyyət dəyişikliyinin mərkəzində atası Ayətullah Əli Xamneyinin birgə ABŞ-İsrail zərbələri nəticəsində öldürülməsindən sonra Ali Rəhbər olan Möctəba Xamneyinin sirli fiquru dayanır. Məlumatlara görə, oğul Xamneyi həmin zərbələr zamanı özü də yaralanıb və o vaxtdan ictimaiyyət qarşısına çıxmayıb. Son həftələrdə isə o, yazılı bəyanatlar verməyi də dayandırıb.
İranın siyasi strukturunun zirvəsində yaranmış bu boşluq reformaçı və həm də mülayim hesab olunan qrupun fəaliyyəti üçün ölümcül nəticələr doğurdu. Müxtəlif maraqları balanslaşdırmağı və müəyyən dərəcədə fraksiyaların tarazlığını qorumağı bacaran atasından fərqli olaraq, Möctəba Xamneyi SEPAH ilə mülki rəhbərlik arasında vasitəçilik edə bilmədi. Onun əlçatmazlığı ABŞ-İran danışıqları üçün ciddi maneəyə çevrildi. Ali Rəhbər faktiki olaraq səhnədən kənarlaşdırıldığından, Vahidi bu boşluğu doldurub, özünü dövlət başçısı ilə yeganə təmasda olan şəxs və İran siyasətinin mübahisəsiz hakimi kimi mövqeləndirib.
Son hadisələr diplomatiya üçün praktiki nəticələrin dağıdıcı səciyyə aldığını göstərir. Aprelin 22-də ABŞ-İran danışıqlarının ikinci raundunun İslamabadda keçirilməsi nəzərdə tutulduğu zaman , İran nümayəndə heyəti sadəcə gəlməkdən imtina etdi. Tehran ictimaiyyətə ABŞ-ın dəniz blokadasını və “qəbuledilməz şərtlərini ” səbəb kimi göstərsə də, məlumatlı mənbələr əsl səbəbin fərqli olduğunu açıqladılar. Bu da general Vahidinin diplomatlara danışıqlar aparmağı qadağan etməsi idi.
Bu, sadəcə danışıqların yeni taktikası deyil , eyni zamanda , fundamental struktur transformasiyası kimi qəbul edilməlidir. Qalibaf və Araqçinin anti-Amerika ritorikalarına baxmayaraq, İran siyasi sisteminin mülayim sayılan simalarıdır. Lakin onlar artıq hər hansı ciddi öhdəlik götürmək üçün real səlahiyyətə malik deyillər.
Onlar ABŞ ilə razılaşma əldə etsələr belə, SEPAH Hörmüz boğazı qərarında etdiyi kimi bu razılaşmanı da ləğv edə bilər
“Axios” tərəfindən sitat gətirilən ABŞ rəsmisi problemi dürüst şəkildə ümumiləşdirərək bildirir: “Real hakimiyyətin kimdə olduğuna əmin deyilik, onlar da əmin deyillər”. Bu ifadə, qərarverici mexanizmləri yalnız Ali Rəhbərə cavabdeh olmaq üçün yaradılmış, indi isə yalnız özünə cavabdeh olan bir qurum tərəfindən ələ keçirilmiş ölkə ilə danışıqlar aparmağın sürreal vəziyyətini əks etdirir.
Prezident Donald Tramp aprelin 22-də Pakistan vasitəçilərinin xahişi və Tehranın parçalanmış rəhbərliyinin vahid təklif hazırlamaq ehtiyacını əsas gətirərək İranla atəşkəsin qeyri-müəyyən müddətə uzadıldığını elan etdi. İlk baxışdan bu, qanunauyğun görünür və diplomatiyanın öz axarı ilə getməsinə imkan vermək üçün səbrli bir jest kimi qiymətləndirilir. Lakin uzatma həm də təhlükəli bir reallığın etirafıdır. Bu da Birləşmiş Ştatların hazırda İranla danışıqlar üçün mümkün tərəfdaşa malik olmamasıdır.
Tramp əvvəllər Tehranda “rejim dəyişikliyinin” artıq baş verdiyini iddia edirdi və həqiqətən də müharibə zamanı çoxsaylı yüksək rütbəli İran rəsmilərinin aradan qaldırılması ölkənin siyasi mənzərəsini kəskin şəkildə dəyişmişdi. Lakin indi ortaya çıxan rejim Vaşinqtonun ümid etdiyi və istədiyi rejim deyil. İslam Respublikası, SEPAH-ın üstünlük təşkil etdiyi hərbi dövlətə çevrilir. Bu da danışıqları zəiflik kimi görən və qabaqlayıcı zərbələrə üstünlük verən bir rejim anlamına gəlir.
Atəşkəsin uzadılması, buna görə də, sülhə doğru bir addımdan çox, gözləmə vəziyyəti ola bilər. Bu, eyni zamnda, İrandaxili hakimiyyət mübarizəsi həll olunana qədər ciddi danışıqların mümkünsüz olduğunu etiraf etməkdir. Lakin bu həll diplomatiya üçün əlverişli forma olmaya bilər. ISW-nin nəticə çıxardığı kimi, mövcud güc dinamikası Vahidinin xeyrinədir və Qalibafın parlament sədri vəzifəsindən uzaqlaşdırılması mülayim düşərgə üçün böyük məğlubiyyət və SEPAH sərtləri üçün açıq qələbə olacaq.
SEPAH-ın İran üzərində nəzarəti tam möhkəmləndirməsi İslam Respublikasının təsis edildiyi gündən bəri daxili hakimiyyət strukturunda baş vermiş ən əhəmiyyətli dəyişikliklərdən biridir. Araqçi kimi təcrübəli diplomatların və Qalibaf kimi praqmatik siyasətçilərin kənarlaşdırılması, Birləşmiş Ştatlarla mürəkkəb danışıqları aparmağa ən qadir olan fiqurları aradan qaldırır.
General Vahidi və SEPAH ipin ucunu əlində saxladıqca, İranın danışıqlar mövqeyinin çevik olmamağa, hərbi duruşunun aqressiv qalmağa və güzəştə getmək həvəsinin minimal olmağa davam edəcəyi ehtimalı yüksəkdir. Birləşmiş Ştatlar atəşkəsi Trampın etdiyi kimi qeyri-müəyyən müddətə uzada bilər. Dəniz blokadasını davam etdirə bilər.
Qüvvələrini yüksək döyüş hazırlığında saxlaya bilər. Lakin əslində mövcud olmayan bir tərəfdaşla, səlahiyyətləri əlindən alınmış mülki rəhbərlik, üzdə olmayan Ali Rəhbər və diplomatiyaya müharibənin əsl işindən yayındırıcı kimi baxan hərbi komandanlıqla danışıqlar apara bilməz.
Artıq sual Birləşmiş Ştatların İranla razılığa gələ bilib – bilməməyəcəyində deyil. Sual budur: Birləşmiş Ştatların Tehranda ümumiyyətlə danışıq aparacağı bir kimsəsi qalıbmı? Hələlik cavab “yox” kimi görünür.
