CəmiyyətHadisəQalmaqal

“DTX-nin istintaq şöbəsinin rəhbəri ‘etirafedici’ ifadə müqabilində qısamüddətli həbs təklif etmişdi”

Həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilov bu yaxınlarda “Baku TV”-də barəsində yayımlanmış videosüjetə cavab verib.

Tacxeber.com xəbər verir ki, yaxınlarının “Toplum TV” ilə paylaşdığı müraciətdə İ.Əbilov haqqındakı iddiaları “qaralama kampaniyası” adlandırıb.

“Bu mənzərə kampaniya müəlliflərinin bir həqiqəti dərk etdiklərini göstərir: ağlı başında olan heç kim onların iddialarına inanmır. Məhz buna görə də onlar növbəti dəfə bir talış alimini həbs edib saxta cinayət işi uydurmadıqlarına, guya “uğurlu əməliyyat” keçirdiklərinə hamını – hətta özlərini də – yenidən inandırmağa çalışırlar. Əgər bu “əməliyyat” məhkəmədə sübutların tam yoxluğu ilə başa çatıb və hüquqi, intellektual və mənəvi fiaskoya uğrayıbsa, o zaman bu hadisə həqiqətən də “dərsliklərə daxil edilə bilər””, – o bildirib.

İ.Əbilovun iddiasına görə, barəsindəki cinayət işinin istintaqını aparan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqi ona etirafedici ifadə müqabilində qısamüddətli həbs cəzası təklif edib.

“Əvvəlcə səkkiz il, sonra üç il, çarəsiz “istintaq”ın sonunda isə bir il. Söhbət əsnasında o, Yerin kürə şəklində olmasına dair “sadəlövh inancım”a təəccübləndiyini bildirdi. İddia edirdi ki, Yer kürəsi düzdür və “Antarktidanın o tayında başqa qitələr var”. Əgər bir insan və ya xüsusi xidmət orqanı yerin düz olduğuna inanırsa, mənə qarşı irəli sürülən ittihamlar məni təəccübləndirmir”, – o əlavə edib.

Tədqiqatçı hökumət nəzarətində olan jurnalistləri, vəkilləri və hakimləri tənqid edib.

“Onlarla müstəqil jurnalistin həbsdə olduğu, özlərini jurnalist adlandıran danışan başların kameralar qarşısında onlara və digər siyasi məhbuslara qarşı sifarişlə hazırlanmış paskvillər oxuduğu bir vaxtda; bir çox həqiqi, dürüst və prinsipial vəkilin daimi hücumlara və həbs olunma təhdidlərinə məruz qaldığı, Vəkillər Kollegiyasından qovulduğu (bu isə onların peşə fəaliyyətinin qadağan edilməsi deməkdir) bir mühitdə; kölə (“paykovıy”) vəkillərin “müvəkkillərini” yalnız istintaq tərəfindən dindirildikdən sonra ziyarət etdiyi bir şəraitdə (mənim həbs olunduğum gün belə bir vəkil mənimlə danışmaq əvəzinə müstəntiqdən soruşurdu: “Cənub bölgəsini hələ təmizləməmisiniz?”); “hakimlərin” bütün qanunları və prosedur normalarını pozaraq saxtalaşdırılmış hökmlər çıxardığı bir mühitdə, məni həbs olunmağımdan bir ay əvvəl dindirən əməliyyatçılardan birinin dediyi “Azərbaycanda qalmaq özü-özlüyündə sənin üçün bir cəzadır” sözlərinə artıq təəccüblənmirəm. Çünki bu absurd teatrda cinayətkarlar, onların cinayətkar əməllərindən danışanları həbs etməklə, qorxu və ixtilaf toxumu səpərək öz cinayətlərini gizlətməyə ümid edirlər. Məni “xəyanətkar” adlandıranlar əslində dövlətə və dövlətçilik anlayışına xəyanət edənlərin özləridir”, – o bildirib.

İ.Əbilov videosüjetdəki ittihamları onun akademik fəaliyyətini “gözdən salmaq cəhdləri” adlandırıb və istintaq dövründə də eyni əməllə üzləşdiyini vurğulayıb.

“Xatırladım ki, əməliyyatçılar ilk dindirmə zamanı (həbsimdən bir ay əvvəl) gülümsədiyimə görə mənə qəzəblənirdilər: “Ni̇yə qorxmursan? Sən qorxmalısan. Anlamırsan, biz sənə travma yaşadırıq.” Amma kimsə “humanitar” və “humanist” sözləri arasındakı fərqi anlamadan sənə “Biz sənə humanitar davranırıq” deyəndə necə gülümsəməmək olar?

Talışşünaslıq üzrə apardığınız tədqiqatlara görə sizi təqib edənlərin, sizin haqqınızda çəkilən “filmdə” “Talış” sözünü belə çəkməkdən qorxduqlarını görəndə necə gülümsəməmək olar? Müstəntiqlərdən biri təndirxananın “Əsl talış təndiri” adlandırılmasının “milli ədavətin salınması” olduğunu iddia edib, xalqınızın tarixi, mədəniyyəti və dili haqqında akademik nəşrlərinizə görə sizi bu ittihamla günahlandıranda necə gülümsəməmək olar? Başqa bir müstəntiq sizdən “Azərbaycanda neçə talış yaşayır? 500 min? Bir milyon?” deyə soruşanda və siz ölkədə rəsmi statistikaya görə cəmi 85 mindən bir qədər çox talışın qeydiyyata alındığını xatırladanda onun dərhal sözlərini geri götürməsi qarşısında necə gülümsəməmək olar?”, – o sual edib.

İ.Əbilov sonda “Baku TV” və digər hökumətyönlü media orqanlarını ondan müsahibə almağa çağırıb.

“Bunu edəcəklərinə inanmıram. Çünki görünür, onlar öz rollarını ölkənin bu gününü məhv etməkdə və onu parlaq gələcəkdən uzaqlaşdırmaqda görürlər.Amma gələcək qaçılmazdır – həqiqətin, qanunun və ədalətin hökm sürəcəyi bir gələcək”, – o əlavə edib.

İqbal Əbilova ötən il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində 18 il həbs cəzası verilib.

Belarusda yaşayan tədqiqatçı 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına səfəri zamanı saxlanılıb.

İttihama görə, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində günahlandırılır. Əbilova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb.

İ.Əbilovun Hüquqlarını Müdafiə Komitəsi bəyan edib ki, o, heç bir siyasi fəaliyyətdə iştirak etməyib və onun “yeganə cinayəti” elmi obyektivlik, vicdanlı araşdırma və mədəni irsi qorumaq olub.

Müxtəlif beynəlxalq insan haqları təşkilatları, o cümlədən BMT məruzəçiləri, İqbal Əbilovu “siyasi məhbus” kimi tanıyıblar.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Bakı şəhər İcra Hakimiyyətinin qalmaqallı məımurunun keçirdiyi tender ləğv edilib

redaktor

“Toyda oxumaq üçün sənət lazım deyil”

admin

Günəş vannası qəbul edən qadın həyatının şokunu yaşadı – VİDEO

redaktor