DünyaSiyasət

Ukrayna-Tramp xəttində çat: Kiyev Vaşinqtondan üz döndərir?

“The Atlantic” jurnalı Ukrayna, Zelenski, Tramp və ABŞ haqqında qalmaqallı məqalə dərc edib, ABŞ Dövlət Departamenti dərhal bu məqaləyə reaksiya verib.

Əvvəla məqalənin özünü(tərcüməsini), sonra Dövlət Departamentin reaksiyasını və nəhayət bu mövzuda öz fikrimi paylaşacağam. Mövzu mənim üçün çox maraqlıdır, ən azı ona görə ki, Trampın hələ prezident olmamışdan 2-3 il öncə(ərzində) bu barədə mütəmadi yazırdım.

“The Atlantic”:

Ukrayna nəhayət Trampdan əlini üzdü

Trampın Ağ Evə qayıdışından sonra bir ildən çox müddət ərzində Ukrayna Trampı öz tərəfinə çəkmək ümidini itirmirdi. Putinə simpatiyasını dəfələrlə nümayiş etdirən Tramp faktiki olaraq Ukraynaya hərbi yardımı dayandırdı. O, mütəmadi olaraq Ukrayna rəhbərliyini təhqir edir, 2025-ci ilin fevralında isə şəxsən Zelenskiyə Oval kabinetdə hücum etmişdi. Buna baxmayaraq, Ukrayna Trampın təşəbbüsü ilə aparılan və əvvəldən Rusiyanın hərbi təcavüzünü legitimləşdirən sülh danışıqlarında iştirak edirdi, lakin bu danışıqlar nəticəsiz oldu.

Zelenski ABŞ-a faydalı qazıntılar üzrə sazişə da razılıq verdi və buna görə hətta Trampı açıq şəkildə də tərifləyirdi. Bütün ziddiyyətlərə rəğmən Ukraynanın siyasi rəhbərliyi hesab edirdi ki, ABŞ prezidentinin ünvanına xoş sözlərin deyilməsi faydalı ola bilər, ‘n azı Tramp tərəfindən rəğbətlə qarşılanar.

Lakin indi görünür Kiyev ABŞ-a ümidlərini itirib. Ukrayna aktiv şəkildə yeni diplomatik və hərbi müttəfiqləri axtarır, məsələn, dronlar üzrə əldə etdiyi təcrübəni Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ ilə bölüşür, həmçinin Almaniya və digər Avropa ölkələrilə ilə silahların birgə istehsalı üzrə sazişlər bağlayır.

Bu yaxınlarda Ukrayna Sankt-Peterburq yaxınlığında neft ixracı obyektlərinə zərbə endirib və bu zərbələr göstərdi ki, Ukrayna artıq ABŞ-la hesablaşmır(zərbələrdən öncə Zelenski demişdi ki, bəzi tərəfdaşlar Rusiya neft infrastrukturuna zərbələr endirməməyə çağırır, hansı “tərəfdaşdan” söhbət getdiyini tapmaq çətin deyil).

Əvvəllər ağlasığmaz hesab olunan ritorikanı seçən Zelenski artıq ABŞ-ı etibarlı müttəfiq hesab etmədiyini açıq şəkildə bildirir və hətta Avropanın da transatlantik asılılıqdan uzaqlaşmalı olduğunu vurğulayır.

ABŞ administrasiyası, İranla müharibə fonunda enerji qiymətlərinin artmasının qarşısını almaq məqsədilə, Rusiya neft istehsalçılarına tətbiq olunan sanksiyaları yumşaltmışdı. Zelenski bu qərarı sərt tənqid edib: “Məncə, Rusiya yenə amerikalıları və ABŞ prezidentini yendi”.

Bundan qısa müddət sonra Zelenski qeyd edib ki, əgər ABŞ həqiqətən də NATO-dan çıxsa, Avropa ölkələri yeni təhlükəsizlik arxitekturası qurmalı olacaq. Onun sözlərinə görə, ABŞ olmadan müdafiə üçün Norveç, Böyük Britaniya, Türkiyə və Ukraynanın imkanları vacib olacaq.

Bu mövqe, ABŞ-ın hələ də müttəfiqlərinə sadiq olduğunu göstərməyə çalışan Avropa liderlərinin davranışı ilə kəskin ziddiyyət təşkil edir.

Ukraynanın daha açıq danışmağa başlaması bir neçə amilə bağlıdır. ABŞ Ukraynaya satdığı məhdud silah həcmini də azaldıb və resurslarını digər münaqişələrə yönəldir. Bundan əlavə, Vaşinqton Kiyevə təzyiq göstərərək Donbas ərazilərindən imtina etməyi tələb edib.

Bütün bunlar Ukrayna rəhbərliyini ABŞ ilə Rusiya arasında yaxınlaşma barədə açıq danışmağa və Avropanı xəbərdar etməyə vadar edib.

Eyni zamanda Ukraynanın hərbi vəziyyəti yaxşılaşıb. Dron texnologiyalarına və daxili hərbi təşkilatlanmaya əsaslanaraq Ukrayna bir çox bölgələrdə təşəbbüsü əlinə alıb. Son aylarda Ukrayna qüvvələrinin Rusiyaya vurduğu zərər, Rusiyanın onu bərpa etmə imkanını üstələyir.

Cəbhədə Ukrayna “dron divarı”nı genişləndirib, bu da Rusiya qoşunlarının hərəkətini məhdudlaşdırır. Hətta bəzi əməliyyatlarda Ukrayna əsgərlərini riskə atmadan, yalnız pilotsuz sistemlər vasitəsilə mövqeləri ələ keçirdiyini bildirir.

Ukrayna uzaq məsafəli dron zərbələrini də artırıb və Qara dənizdə Rusiyanın hərbi dəniz qüvvələrini faktiki olaraq blokadada saxlayır.

Bütün bunlara baxmayaraq, Ukrayna ABŞ-ın dəstəyini itirməyi istəməzdi. 2022-2024-cü illərdə Vaşinqton Ukraynaya ən böyük hərbi yardım göstərən ölkə olub. Lakin indi Ukrayna hesab edir ki, ABŞ-ın dəstəyi olmadan da Avropa tərəfdaşları və öz resursları hesabına mübarizəni davam etdirə bilər.

Əvvəllər ABŞ-dan imtina Ukrayna üçün fəlakət demək idi. İndi isə artıq belə deyil.

Məqalənin sonu

ABŞ Dövlət Departamenti məqalədəki məlumatları təkzib edərək bunun tamamilə feyk xəbər olduğunu bildirib.

Dövlət Departamentinin sözlərinə görə, ABŞ Ukrayna rəsmiləri ilə sıx əməkdaşlığı davam etdirir(Vaşinqtonda bu həftə Ukraynanın böyük nümayəndə heyəti olub və onlar təhlükəsizlik, iqtisadiyyat və diplomatiya sahələrində əməkdaşlığın inkişafı üçün yüksək səviyyəli amerikalı rəsmilərlə görüşlər keçiriblər), həm döyüş meydanında taktiki məqsədlərə, həm də dayanıqlı və ədalətli sülhə nail olmaq üçün. Bu sülh ukraynalılara zərurətdən yaranmış hərbi innovasiyalarını uzunmüddətli rifah və inkişaf mənbəyinə çevirməyə imkan verəcək.

Bəyanatda həmçinin qeyd olunur ki, Zelenski anlayır: Trump Putini danışıqlar masasına oturtmaq və bu mənasız münaqişəyə son qoymaq gücünə malik olan yeganə liderdir. Dövlət Departamenti əlavə edir ki, sol qüvvələrin Ukrayna mövzusunu daim siyasiləşdirməsi Ukraynanın və ABŞ-ın milli təhlükəsizlik maraqlarına ciddi zərər vurur.

Mənim fikrimcə, həqiqət hardasa ortadadır.

Trampın Ukraynaya münasibəti heç kim üçün sirr deyil, ələlxüsus izləyicilərimiz üçün. İllər öncə Trampın prezident olacağı təqdirdə baş verəcəklər barədə silsilə məqalələr yazırdım, yəni baş verənlər məni zərrə qədər təəccübləndirmir, amma və lakin…

Siyasət, diplomatiya və geosiyasi maraqlar hətta Tramp kimi birisinə imkan vermir ki, ABŞ tam çəkilsin və Tramp Putinlə birlikdə xəyallarını gerçəkləşdirsin.

Sonra

Bir neçə gün öncə Ukraynanın Baş naziri Yuliya Sviridenkonun ABŞ-a səfəri göstərdi ki, ABŞ Ukraynanın tərəfdaşıdır və ölkənin infrastrukturunun bərpasında iştirak edəcək. Həmçinin məlumdur ki, ABŞ Ukraynaya kəşfiyyat məlumatları və Patriot HHM sistemləri üçün raketlərin tədarükünü davam etdirir(PURL).

Amma eyni zamanda o da doğrudur ki son dövrlərdə Ukraynanın müstəqil qərarvermə gücü xeyli artıb, xüsusilə Avropanın dəstəyi sayəsində. Bu səbəbdən Zelenskinin Trampa və ABŞ-a ünvanlanan bəyanatları daha açıq və cəsarətli xarakter alıb.

Ukrayna getdikcə Avropaya daha dərin inteqrasiya olunur, bu proses dövləti sürətlə gücləndirir. Dövlət gücləndikcə Ukraynanın döyüş meydanında möhkəmlənən mövqelərlə yanaşı, diplomatik cəbhədə də “kart”ları peyda olur.

İstənilən halda Ukrayna artıq nəinki güclü dövlətə, hətta regional geosiyasi oyunçuya çevrilir.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Tokayev: Qazaxıstanda ailə-klan sistemi artıq yoxdur

redaktor

Belə bir insanı şərləyib həbs etmək üçün gərək bu həyatda hər şeydən məhrum olasan.

admin

Saakaşvilidən Makrona: Ölürəm, çox az vaxtım qalıb…

admin