Donald Tramp və Benyamin Netanyahu obrazı, iki güclü liderin taktiki rahatlıq və qarşılıqlı heyranlıqla birləşən ayrılmaz ittifaqı, uzun müddət Yaxın Şərq siyasi təhlilinin əsas mövzularından biri olmuşdur.
Lakin son müşahidələrə əsasən nəzərə çarpan bir geri dönüş baş verir. Bir zamanlar Netanyahuya siyasi toxunulmazlıq vəd edən bu tərəfdaşlıq indi onun süqutunu sürətləndirir. Tramp–Netanyahu münasibətlərinin paradoksal dinamikasını təhlil edərkən maraqlı nəticə ortaya çıxır: Amerikanın məcburi atəşkəsləri və açıq ultimatumları İsrailin baş nazirinin daxili nüfuzunu aşağı salır və Netanyahunun öz “əvəzedilməzlik” bəyanatlarını onun ən böyük zəifliyinə çevirir.
Yaxınlaşan seçki təhlükəsi: 61-49 hesabla müxalifətin üstünlüyü
Son rəy sorğularına görə Netanyahu və onun ətrafındakı blok gələcək seçkilərdə Knessetə 49, müxalifət bloku isə 61 yer qazanır ki bu da açıq çoxluqdur.
120 yerlik İsrail parlamentində hökumət qurmaq üçün 61 yer tələb olunur. Əgər bu rəqəmlər seçkidə təsdiqlənsə, Netanyahunun siyasi karyerası həqiqətən bitmiş olacaq. Fevralın 28-də İranla müharibə başlayanda hər kəs Netanyahunun seçki qələbəsini təmin etdiyini düşünürdü. Müharibə, tarixən, milləti liderin ətrafında birləşdirir. İsraildə də bu vaxta qədər bütün müharibələrdə belə olmuşdu.
Bu dəfə tendensiyanın dəyişməsinin səbəbi nədir? Netanyahunun hesablamalarından hansı səhv oldu?
Trampın Livan atəşkəsi
Netanyahunun qələbəyə doğru planlarını pozan şəxsin məhz ABŞ Prezidenti Donald Trampın olduğunu sübut etməyə çalışanlar var. Trampın Netanyahuya qəbul etdirdiyi atəşkəslər- indiyiə qədər bunların sayı 5-ə çatır- sonda Netanyahunun siyasi səhnədən getməsinə gətirib çıxara bilər. Bunlara Qəzza atəşkəsi, Netanyahuya Qətər qarşısında Həmas liderlərinə raket hücumuna görə üzr istəməsinin məcbur edilməsi, İranla keçən ilin iyununda və bu ilin aprelində elan edilən iki atəşkəs və nəhayət, Livan atəşkəsi daxildir. Bu hadisələrin hər biri Netanyahunu öz sərt xətt tərəfdarları qarşısında zəif vəziyyətə düşməsinə səbəb olur. Lakin Livan atəşkəsi son zərbə rolunu oynaya bilər.
Tramp sadəcə atəşkəs elan etmədi; o, daha da irəli getdi. O, Netanyahudan Livan Prezidenti Aunla telefonla danışmasını tələb etdi. İsrail baş naziri razılaşdı, lakin Aun onu rədd etdi. Bu, İsrailin Amerikanın diktəsinə tabe olduğunu göstərən açıq bir sübut idi. Ardınca Tramp sosial media hesabında yazdı:
“İsrail artıq Livanı bombalamayacaq. Bunu etmək onlara QADAĞANDIR. Kifayət qədərdir!!!”
“QADAĞANDIR” sözünün böyük hərflərlə yazılması təsadüfi deyil. Bu, iyerarxiyanın nümayişidir: kiçik tərəfdaş (İsrail) müharibəsinin nə vaxt bitəcəyinə qərar vermir; bunu böyük tərəfdaş (ABŞ) edir. Bu Ukraynada da belə olmuşdu: “Əvvəl Ukrayna, indi İsrail; başqa ölkələrdən asılı olanlar öz müharibələrinin nə vaxt bitəcəyinə özləri qərar vermirlər.”
Netanyahuya daxildən təsir: “Bizə xəyanət edildi”
İsrailə dəyən siyasi zərbə sarsıdıcı və ağır oldu. İki gün ərzində İsrail mediası Livan sərhədində yaşayan insanların “Bizə xəyanət edildi” mesajlarını yayımladı: Cəbhə İcması Forumu, Metula bələdiyyə sədri, Merom HaQalil Regional Şurası, Marqalit moşavının sədri və s. Bunlar kənar səslər deyil; onlar Netanyahunun koalisiyasının onurğasını təşkil edən məhz bu sərhəd və məskunlaşma icmalarının nümayəndələridir.
Onlar “Bizə xəyanət edildi” deyəndə, birbaşa öz baş nazirlərinə işarə edirlər.
Əgər Netanyahu öz bütün siyasi şəxsiyyətini konkret bir vəd üzərində qurmasaydı Trampın “qadağaları” bu qədər ölümcül olmazdı. Netanyahu Trampa “yox” deyə bilmir, ya da deyə bilməməyi seçir. Bu boşluqda müxalifət güclü bir mexanizm əldə edir: Netanyahu güclü lider deyil; o, öz müharibələrinin vaxtını belə idarə edə bilməyən bir asılıdır.
Netanyahunun Süqutunun İronik Memarı
Netanyahunun süqutunda Trampa ən böyük köməyi məhz Netanyahunun özü edir.” Necə? Netanyahu həmişə öz xalqına iddialı hədəflər qoyub, İsrailin yalnız onun rəhbərliyi altında sağ qala biləcəyi fikrini aşılayıb. O, tam qələbə, daimi nümayiş etdirmə, xarici diktələrə bir daha baş əyməmək gözləntilərini yüksəldib.
Tramp yuxarıdan atəşkəsi məcbur edəndə, Netanyahunun ritorikası ilə reallıq arasındakı uçurum dərinləşir. Bir zamanlar onun seçicilərini alovlandıran bu bəyanatlar indi onların məyusluğunu sürətləndirir.
Beləliklə, Tramp–Netanyahu münasibətləri sadəcə ittifaq və ya xəyanətdən ibarət deyil. Bu, strukturlaşmış bir qarşıdurmadır: iki eqolu lider müxtəlif səbəblərdən bir-birinə ehtiyac duyur, lakin onların tərəfdaşlığı tərəflərdən birinin daxili legitimliyini zəiflədən nəticələr doğurur. Tramp, İsrail koalisiya siyasətindən azad olaraq, Amerika maraqlarına (və ya özünün qətiyyətli sülhpərvər obrazına) uyğun hərəkət edir. Netanyahu isə öz əvvəlki vədləri ilə tələyə düşmüş vəziyyətdə ya tabe olmalıdır (və səs itirməlidir), ya da müqavimət göstərib Amerikanın dəstəyindən məhrum olmalıdır. O, tabe olmağı seçib və sorğular göstərir ki, bunun bedəli ağır olacaq.
Biz Ukrayna ilə münasibətdə də bu hadisənin şahidi olmuşuq: kiçik dövlət böyük bir hamidən asılı hala gəldikdə, müharibəyə başlamaq – və ya bitirmək – kimi suveren hüquqlar effektiv şəkildə xaricə ötürülür. Netanyahu üçün Vaşinqtona qarşı duran cəsarətli İsrail lideri obrazı Trampın böyük hərflərlə yazdığı əmri ilə dağılır.
Livan atəşkəsi Netanyahunun seçki enişinin yeganə səbəbi olmaya bilər, lakin bu, daha dərin bir enişin ən aydın simvoludur: əgər yekun qərarları yalnız bir tərəf verirsə “birgə müharibə” aparmaq mümkün deyil.
Netanyahunun sorğuların istiqamətini dəyişdirə biləcəyi hələ də qeyri-müəyyəndir. Lakin verilən mesaj artıq aydındır: asimmetrik ittifaqlarda zəif tərəfdaşın siyasi sağ qalması illüziyadan ibarətdirr. Bu illüziya böyük tərəfdaş tərəfindən dağıdıldıqda, daxili itkilər ölümcül ola bilər. Tramp Netanyahunun karyerasını bitirmək niyyətində olmaya bilər və deyil. Lakin İsrailə müttəfiq yox, tabe bir dövlət kimi yanaşmağın nəticəsi məhz belə ola bilər.
