İnsanlıq tarixində yüzlərlə nümunə var ki, bir zamanlar karvan yollarının üzərində, dəniz kənarında olan liman-şəhərlər, yolun-izin dəyişməsi, yeni, daha cazibəli, rahat, ucuz, ən əsası, təhlükəsiz yolların, marşrutların yaranmasından sonra xarabalığa çevrilib, önəmini itiriblər.
İran son bir neçə həftədir ki, Hörmüz Boğazını siyasi-hərbi alətə çevirə bildi, halbuki, Hörmüz İranın daxili suları deyil, sadəcə dar olması, İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü, İranın üstünlüyünə çevrildi.
Bilirsiniz ki, ABŞ və İran arasında ciddi və intensiv danışıqlar gedir, ümid edirəm ki, danışıqlar nəticə verəcək, bir daha ölüm-itim, İran daxil bölgədə günahsız insanların faciəsi bitəcək.
Amma, görünən odur ki (təvazökarlıqdan kənar olsa da, üzr istəyərək deyim ki, bu haqda həftələr öncə danışmışıq), İranda sivil siyasətçilərlə, İslam İnqilabı Keşikçiləri Korpusu, yəni, hərbiləşmiş qüvvələr arasında ciddi fikir ayrılıqları var. Keşikçilərin öz məntiqi və maraqları var, onlar iqtisadiyyat, xalqın rifahı, sosial problemlər və onların həlli yolları barəsində düşünmürlər – sivil siyasətçilər isə daha məsuliyyətlidirlər, bir neçə addım önə baxmağa çalışırlar.
Yaxşı bəs ssenarilər nə ola bilər:
1) Müharibə yenidən qızışır, ABŞ qanunsuz, hüquqsuz şəkildə başladığı savaşı davam etdirib İrana çox ağır zərbələr vurur, İran da Körfəz ölkələrini dağıdır – yəni, hər iki tərəfdən ziyan müsəlmanalara dəyir, hə, neft-qaz bahalaşır, dünyaya da iqtisadi ziyan dəyir. Yaxşı, bunun İrana nə xeyri var ki?!
2) Müharibə dayanır, amma anlaşma olmur, hər kəs özünü qalib elan edib, çəkilir öz qınıza, İran Hörmüzü təzyiq aləti kimi əlində saxlamağa davam edir, amma, cəmi 1-1,5 ilə yeni logistik marşrutlar yaranır, Hörmüzün əhəmiyyəti sıfra yaxınlaşır. Yeni enerji xəttlərinin çəkilməsi, yeni marşrutların yaranmasına, hardasa, 15-20 mlrd. dollar lazımdır, bu çox kiçik məbləğdir, və hamımız (dünya əhalisi) bu məbləğın 100 qatını ödəyəcəyik. Yəni, neftin geosiyasi gərginlik olmadan 65-70 dollar olacağı ehtimalını nəzərə alsaq, İran (Hörmüz) böhranı qiyməti 100 dollara qədər (ortalama, günlük baxmayın) bahalaşdırdığını düşünüb-hesablasaq, belə bir mənzərə alınır:
Dünya, gün ərzində, ortalama 105 mln. barel neft istehlak edir, neftin normadan artıq olan qiymətini 30 dollar götürsək, qiymət “qaymağı”, fərqi günə 3,1 mlrd. dollar edir. Yəni, nəzərdə tutulandan artıq qazancın həcmi o qədər böyükdür ki, yeni marşrutların maliyyələşməsi üçün 3-5 günlük əlavə qazanc yetərlidir.
Yəni, İran, tarixdə səhv siyasət nəticəsində karvan yollarından, limanlardan məhrum olan şəhər-dövlətlərin taleyini yaşaya bilər. Hörmüzün enerji bazarı üçün əhəmiyyəti sıfra yaxınlaşsa, İran bu alətdən məhrum olsa, 92 mln.-luq əhali aclıq və səfalətə məhkum ola bilər. İndi hakimiyyəti ələ keçirən hərbiləşmiş güclər anlamır ki, sivil siyasəti dinləməsələr, xalqın qəzəbinə, etirazına qısa müddətdə tuş gələcəklər – İran cəmiyyəti diridir, mübarizdir, ağıllıdır…
