DünyaSiyasət

Böyük güclərin hörmüz rəqabəti

Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirir, İranla müharibəyə ara verən ABŞ isə növbəti həmləyə hazırlaşır. Bu iki dövlətin fövqündə dayanan Çin isə münaqişələrdən çəkinərək, dünya üzərində iqtisadi təsir gücünü itirməməyə çalışır. Yaxın aylarda həm ABŞ, həm də Rusiya Prezidentləri ayrı-ayrılıqda Çinə səfər edəcəklər. Onların hər birinin Pekində müzakirə edəcəyi mövzuları var. Rusiya Prezidenti Vladimir Putin özündən əvvəl xarici işlər naziri Sergey Lavrovu Pekinə göndərib. Lavrov Çin lideri Si Cinpin və çinli həmkarı Van i ilə apardığı danışıqlarda iki ölkə arasında enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib. Lavrov Pekində bildirib ki, Rusiya “Hörmüz boğazı”nın blokadası nəticəsində yaranan enerji çatışmazlığını aradan qaldırmağa hazırdır. Başqa sözlə, Kreml Çinin Rusiyadan daha çox neft almasını istəyir.

Rusiyadan indikindən daha çox neft almaq Çinin təhlükəslzlik maraqlarına cavab vermir. Çin enerji daşıyıcılarının alınmasında bir dövlətdən asılı olmaq istəmir. Bu baxımdan Çin İran və Körfəz ölkələrindən neft alışını bərpa etməyə çalışır. Ancaq bunun üçün “Hörmüz boğazında” yaranan böhran həll edilməlidir. Digər tərəfdən Pekin İrandakı rejimin məsələylə bağlı Vaşinqtonla razılaşma əldə etməsini istəyir. Ancaq Pekin eyni zamanda İrandakı rejimin zəifləməsini də istəmir. Müharibə günlərində Pekin İrandakı rejimin məğlub olmamasına çalışıb. Bunu “Financial Times” qəzetində yayımlanan son məqalə də göstərir. Məqalədə İranın müharibə zamanı Çinin casus peykinin imkanlarından istifadə etdiyi yazılıb. Peyk görüntüləri İrana Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına zərbə vurmağa imkan verib. Çin Xarici İşlər Nazirliyi isə bu xəbəri təkzib edib.

Pekinin hazırda əsas hədəfi “Hörmüz boğazının” açılmasına nail olmaqdır. Çin diplomatiyası bütün gücünü bu məsələnin həllinə yönəldib. Çinin müdafiə naziri Donq Cun ABŞ-a xəbərdarlıq edərək bildirib ki, ölkəsinin İranla ticarət və enerji sazişləri mövcuddur və digər tərəflərin bu işlərə qarışmamasını gözləyirlər. Maraqlıdır ki, Pekin ABŞ “Hörmüz boğazının” mühasirəsini pisləsə də, İranın boğazı nəzarətdə saxlamasına rəsmi şəkildə etiraz etməyib.

Bu arada, Çin gəmiləri ABŞ-ın “Hörmüz boğazı” ətrafındakı mühasirəsini yarmağa çalışırlar. Çin “Hörmüz boğazı”ndan ən çox asılı olan ölkədir. Çin neft idxalının 80 faizini bu boğazdan keçən tankerlər hesabına təmir edir. Buna baxmayaraq, Pekin BMT-də “Hörmüz boğazı”ndakı durumla bağlı İrana qarşı qətnamələrin qəbuluna mane olur. Çin eyni zamanda, Amerika hegemonluğundan asılı olmayaraq böhranları idarə etmək qabiliyyətini nümayiş etdirməyə çalışır. Tehranla Vaşinqton arasında atəşkəsin əldə olunnması bunun nümunəsidir. Pekin buna paralel olaraq mövcud iğtişaşlara qarşı regional ittifaqlar formalaşdırmağa çalışır. Pekin Körfəz dövlətlərini xarici müdaxiləyə qarşı birləşməyə çağırır. Bunu Çinin ABŞ-a qarşı regional siyasi cəbhə qurmaq cəhdi kimi qiymətləndirmək olar.

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

SSRİ-nin məxfi layihələri

admin

ABŞ prezidentliyinə namizəd erməniləri Qarabağa qaytarmağa söz verdi

redaktor

Paşinyandan Azərbaycana yeni TƏKLİF

redaktor