DünyaSiyasət

Seyid Əli Xamenei Qarabağ haqqında nə deyib?

Bizim İran aşiqləri xorla Seyid Əli Xameneiyə aid edilən bu sitatı paylaşıblar ki, bu, yalandır. Düzmü deyirlər? Düz deyirlər. Bu, həqiqətən də yalandır. Ancaq bir o qədər də yox.

Tarixdə bu tip “sitatlar” təkcə bizim regiona aid deyil. Dünyanın müxtəlif yerlərində dəfələrlə belə hallar baş verib. Onların bir qismi geniş yayılıb və uzun müddət yadda qalıb, digərləri isə tezliklə unudulub.

Məsələn, ən məşhur “yaşayan” saxta sitatlardan biri Böyük Britaniyanın keçmiş baş naziri Ser Vinston Çörçillə aid edilən belə bir ifadədir: “You can always count on Americans to do the right thing after they’ve tried everything else.” (“Amerikalıların doğru olanı edəcəyinə həmişə ümid etmək olar, bütün digər variantları sınadıqdan sonra.”)

Bu sitat çox yayılıb və bu gün də istifadə olunur, amma tarixçilər onun Çörçill tərəfindən deyildiyini təsdiqləmir. Buna baxmayaraq, ABŞ siyasəti ilə bağlı formalaşmış stereotiplərə uyğun gəldiyi üçün yaşayır.

Digər bir nümunə Sovet İttifaqının lideri İosif Stalinə aid edilən ifadədir: “The death of one man is a tragedy, the death of millions is a statistic.” (“Bir insanın ölümü faciədir, milyonların ölümü isə statistikadır.”)

Bu fikir müxtəlif formalarda sovet düşüncə tərzini əks etdirən kontekstdə səslənsə də, konkret bu şəkildə Stalin tərəfindən deyildiyi sübut olunmayıb. Amma onun idarəçilik üslubuna uyğun gəldiyi üçün geniş yayılıb və bu gün də istifadə olunur.

Buna qarşılıq, “yaşamayan” saxta sitatlar da var. Məsələn, bir müddət məşhur fizik Albert Eynşteynə aid edilən belə bir fikir yayılmışdı: “If the bee disappeared off the face of the Earth, man would only have four years left to live.” (“Əgər arılar Yer üzündən yox olsaydı, insanın yaşamağa cəmi dörd ili qalardı.”)

Lakin bu fikir nə Eynşteynə məxsus idi, nə də elmi əsaslı idi. Reallıqla uyğun gəlmədiyi üçün zamanla dövriyyədən çıxdı və təsirini itirdi.

Eyni qayda ilə, bəzi liderlərə aid edilən və açıq şəkildə qeyri-real səslənən sitatlar da uzunömürlü olmur. Çünki onlar nə tarixi davranışla, nə də məntiqi kontekstlə üst-üstə düşür.
Bu kontekstdə Seyid Əli Xamenei adına yayılan sitat da maraqlı nümunədir. Onun doğruluğu təsdiqlənməsə də, bəzi insanlar tərəfindən İranın regiondakı siyasəti ilə üstü-üstə düşdüyü üçün yayılmaqda davam edir.

Saxta sitatların taleyini onların doğruluğu yox, reallıqla nə dərəcədə üst-üstə düşməsi müəyyən edir. Reallıqdan uzaq olanlar zamanla unudulur, reallığa yaxın görünənlər isə uzun müddət dövriyyədə qalır.

Mən öz payıma sitatların, sənədlərin, fotoların… saxtalaşdırılmasına çox pis baxıram. Bu o deməkdir ki, sən həqiqəti demək üçün yalana istinad edirsən. Mənə görə isə həqiqəti məhz həqiqətə söykənərək ortaya qoymaq lazımdır. Mayasında yalan olan şeylərdə bir yaramazlıq var. Ona görə də saxtakarlıqdan uzaq olsaq yaxşıdır…

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

“500 imza üçün 500 qapını döydüm” – Kamran Əsədov

redaktor

Prezident və xanımı Özbəkistana getdi

redaktor

“Mən müsavatçı olanda onlar bilmirdilər Müsavat nədir”

redaktor