2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) real ifadədə 0,3 faiz azalaraq 29,7 milyard manata yaxın olub. Rəsmi statistikaya görə, iqtisadi geriləmə əsasən neft-qaz sektorundakı azalma və tikinti sahəsindəki kəskin enişlə bağlıdır.
2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda 29 milyard 703,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz azdır.
Rəsmi statistikaya əsasən, hesabat dövründə neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə cəmi 0,2 faiz artım qeydə alınıb.
ÜDM-in strukturunda ən böyük pay sənayenin olub – 33,5 faiz. Ticarət və nəqliyyat vasitələrinin təmiri 11,3 faiz, nəqliyyat və anbar təsərrüfatı 7,1 faiz, tikinti 4,6 faiz, kənd təsərrüfatı 3,3 faiz, turizm və ictimai iaşə 3,2 faiz, informasiya və rabitə 2,0 faiz, digər xidmət sahələri isə 23,3 faiz təşkil edib. Məhsula və idxala xalis vergilərin payı isə 11,7 faiz olub.
Sahələr üzrə dinamika fərqli olub. İnformasiya və rabitə sektorunda əlavə dəyər 9,2 faiz, ticarətdə 3,7 faiz, turizm və ictimai iaşədə 2,9 faiz artıb. Nəqliyyat və anbar təsərrüfatında artım 1,5 faiz, kənd təsərrüfatında 1,2 faiz, sənayedə isə cəmi 0,2 faiz təşkil edib. Tikinti sektorunda isə 19,8 faizlik kəskin azalma qeydə alınıb.
Dövlət Statistika Komitəsi bir ay əvvəl eyni dövrlə müqayisədə 0,3 faiz artım olduğunu bildirmişdi. 2025-ci ildə isə ÜDM-in 1,4 faiz artdığı açıqlanmış, hökumət ilin əvvəlində 3,5 faizlik artım proqnozlaşdırmışdı.
Müstəqil iqtisadçılar isə iqtisadi zəifləməni əsasən neft hasilatının azalması və qeyri-neft sektorunda yetərli inkişafın olmaması ilə əlaqələndirirlər. Onların fikrincə, mart ayında dünya bazarında neftin bahalaşması bu təsirləri qismən yumşaldıb.
İqtisadçı Natiq Cəfərli də açıqlanan rəqəmləri iqtisadi geriləmənin göstəricisi kimi qiymətləndirir. Onun sözlərinə görə, ÜDM-in azalması birbaşa əhalinin rifahına təsir edir və real gəlirlərin aşağı düşməsi ilə nəticələnir.
“Prezident və hökumət nümayəndələri bir neçə dəfə öz çıxışlarında Azərbaycanda ÜDM artımının az olmasını problem saymadıqlarını deyiblər. Dünyada belə baxış bucağı mövcuddur, amma, iqtisadi nəzəriyyə və praktika onu deyir ki, hansısa ölkədə ÜDM (Ümumi Daxil Məhsul) göstəriciləri pisləşəndə, bu xalqın, əhalinin gəlirlərinə, dolanışığına mənfi təsir edir, həyat səviyyəsi aşağı düşür.
2026-cı ilin ilk rübünün göstəriciləri açıqlanıb, Azərbaycanda iqtisadi tənəzzül olduğu, iqtisadi vəziyyətin yaxşı olmadığı açıq görünür və hökumət artıq bu tendensiyanı görməzdən gələ bilməz, mütləq ciddi islahatlara start verməlidir”.
Cəfərli bildirir ki, 2026-cı ilin ilk rübündə 0,3 faizlik azalma faktiki olaraq resessiyanın başlanğıcı kimi dəyərləndirilə bilər. O qeyd edir ki, mart ayında neft qiymətlərinin artmasına baxmayaraq ÜDM-in azalması problemlərin daha dərin olduğunu göstərir.
“2026-cı ilin ilk 3 ayında Azərbaycanda ÜDM 0,3% azalıb, yəni, ressesiya başlayıb. Onu da nəzərə alaq ki, mart ayında neft qiymətləri kəskin artıb, buna baxmayaraq ÜDM-də azalma var, deməli, problemlər çox dərinləşib”.
İqtisadçı əlavə edib ki, region ölkələrində yüksək iqtisadi artım müşahidə olunduğu halda Azərbaycanda zəif dinamika qeydə alınır. Onun sözlərinə görə, xarici ticarət dövriyyəsində azalma, idxal və ixracın geriləməsi, həmçinin real gəlirlərin inflyasiya səbəbindən aşağı düşməsi iqtisadi vəziyyəti daha da ağırlaşdırır.
“Qonşularımıza baxanda görürük ki, Gürcüstanda 8,4 faiz, Özbəkistanda 7 faizdən çox, Qırğızıstanda 8,8 faiz ÜDM artımı var.
Digər göstəricilər də ürəkaçan deyil – bu ilin ilk 2 ayında Azərbaycanın ticarət dövriyyəsi 2025-ci ilin yanvar-fevral aylarına nisbətən 23,5 faiz azalıb, ixarac 9,6 faiz, idxal isə 37,1 faiz azalma göstərib. Bu çox təhlükəli tendensiyadır, insanların alıcılıq qabiliyyəti düşüb, biznes isə investisiya yönümlü avadanlıq almır.
Gələk vətəndaşın gəlirlərinə – insanların gəlirləri nominal ifadədə 5,3 faiz artıb (bu pis deyil), amma, ölkədə rəsmi inflyasiya 5,7 faiz olub – yəni, inflyasiya vətəndaşın gəlir artımını yeyib-bitirib, vətəndaşın real gəlirləri azalıb”.
Cəfərli problemli kreditlərin artımını da risk faktorlarından biri kimi qiymətləndirərək hökuməti iqtisadi islahatları sürətləndirməyə çağırıb.
“Bu il problemli kreditlərin həcmi də artıb – 2026-cı ilin yanvarın Azərbaycanın bank sektorunın qeyri-işlək, probli kreditlər portfeli 763 milyon manat təşkil edib. İlin-ilə müqaisədə qeyri-işlək portfellər üzrə istehlak kreditlərində 58 milyon manat, biznes kreditlərində isə 54 milyon manat artım olub. Nəticədə, qeyri-işləklərin cəmi kredit portfelində payı 0,1 faiz bəndi artaraq 2,5 faiz təşkil edib.
Xatırladım ki, iqtisadi nəzəriyyəyə görə problemli kreditlər ümumi kreditlərin 3 faizini keçərsə, bu təhlükəli hal sayılır. Bizdə artıq 2,5 faizə çatıb, sürətlə də artır, ilin sonuna, çox güman, 3 faizi keçəcək”.
Hökumət rəsmiləri hələlik açıqlanan mənfi göstəricilərə münasibət bildirməyib. (AbzasMedia)
Tacxeber.com
Bizimlə əlaqə: [email protected]
