Diqqət edirsinizsə, Ehtiram Quliyevin hakimlər barədə açıqlaması yalnız tovuzlu azarkeşlərin yox, bütün futbolsevərlərin ürəyincə olub. Digər klubun tərəfdarları da ona haqq qazandırır, hakimlərdən bezdiklərini bildirir.
Heç kimin xətrinə dəyməsin, amma azərbaycanlı hakimlər ən ağır ifadələri haqq edirlər. Onlar konkret olaraq hamını bezdiriblər. Premyer Liqa ilə yanaşı, I, II Liqalara da baxın. Konkret yiyəsizlikdir.
Nə Əliyarın digərlərindən, nə də digərlərinin ondan fərqi var. Ehtiram bəyin mövqeyi elə belə də olmalıdır: təsirli, sərt və yerində. Çünki başqa yol qalmayıb. Hakimlərin anladığı dil budur. Bardaq açanlar bardağı çoxdan daşırıb.
İnanın ki, Ehtiram bəyin dünənki sözləri sadəcə “Turan Tovuz”un etirazı olmadı. Hər tur hakimlərin özbaşınalığından bezsə də, min bir əziyyətlə futbolu yaşatmağa çalışan, səsini heç kimə eşitdirə bilməyən neçə məşqçinin, futbolçunun səsi idi. Bu gün hamısının ürəyindən sanki tikan çıxıb.
Üstəlik bu ifadələrin Əliyar Ağayevə deyilməsi lap yerinə düşüb. Çünki ən yaxşısı budursa, gerisini siz düşünün.