Azərbaycanda icbari tibbi sığorta sistemi vətəndaşı qorumaq üçün yaradılıb. Məqsəd sadədir: insan xəstələnəndə pul düşünməsin, müalicə alsın. Amma görünən odur ki, bu sistem bəzi yerlərdə tam əksinə işləyir.
Paytaxtın ən böyük dövlət tibb müəssisələrindən biri — “Yeni Klinika” ilə bağlı redaksiyamıza daxil olan şikayətlər vəziyyətin düşündüyümüzdən də ciddi olduğunu göstərir.
Şikayətlərdə eyni adlar dəfələrlə təkrar olunur: baş direktor Barat Yusubov,
kardioloq Şəhanə Ələsgərli, həkim Gülay Məmmədova. Bu həkimlər kardiologiya və ürək cərrahiyyəsi sahəsində çalışırlar.
Yəni insan həyatının sözün əsl mənasında bir qərardan asılı olduğu sahədə.
Şikayətçilərin dediklərinə görə, xəstə sığorta sənədi ilə gəlsə də
dərhal tibbi xidmətdən yararlana bilmir.
Bir həkimdən digərinə yönləndirilir, dəhlizlərdə günü gedir. Müxtəlif xəstəlikləri olan pasiyentləri bu süründürməçilik daha da taqətdən salır.
Sonda “çıxış yolu” kimi ödəniş məsələsi ortaya çıxır.İddialara görə, xüsusilə Gülay Məmmədova xəstələri digər həkimlərə, o cümlədən Şəhanə Ələsgərliyə yönləndirir. Xəstələrin dili ilə desək:
“Səni buradan-oraya, oradan-buraya göndərirlər, axırda başa düşürsən ki, pul verməsən işin getməyəcək”.
Əgər bu iddialar doğrudursa, bu artıq sadəcə tibbi yönləndirmə deyil. Bu, rüşvət sistemidir.
Dövlət səhiyyə müəssisələrində vətəndaşlara tibbi xidmət pulsuz olmalıdır. Amma reallı çox vaxt bunu göstərmir.
Xəstələrdən pul alınır. Sığortadan istifadə etməyə manelər yaradılır. Bir az imkanı olan bezib özəl klinikalara müraciət edirlər. Qalanları isə məcbur olub dövlət poliklinikalarının, klinikalarının dörd divarları arasında əziyyət çəkirlər.
Azərbaycan Respublikasında icbari tibbi sığorta ilə bağlı siyasət çox aydındır: vətəndaş əlavə pul ödəməməlidir.
Prezident qərarlarında açıq şəkildə qeyd olunur ki, bu sistem insanların maliyyə yükünü azaltmaq üçündür. Amma reallıqda şikayətçilər xidmətin gecikdirildiyini, xəstələrin çaşdırıldığını deyirlər.
Bu süni gərginliyin nəticəsində bəzi insafsız Hippokrat andçıları xəstələrdən pul qopartmağa nail olurlar. Əgər xəstə qəsdən gözlədilir, ödənişə məcbur edilirsə, bu artıq rüşvət, vəzifədən sui-istifadə, korrupsiya mexanizmi deməkdir. Bu isə qanun qarşısında ciddi məsuliyyət yaradır.
“Yeni Klinika” ölkənin ən böyük və ən müasir xəstəxanalarından biridir. İnsanlar ora son ümid kimi gedir. Burada
xəstə sistemdə “itirsə”, vaxtında xidmət ala bilmirsə, əlavə pul ödəməyə məcbur qalırsa, onda problem çox ciddidir.
Bu artıq təkcə bir klinikanın problemi deyil. Bu, sistem problemidir. Belə məqamlar İnsanlarda artıq inamsızlıq yaradır. Bu da dövlətin daxili siyasətinə mənfi təsir edir.
Əgər iddialar yanlışdırsa, qarşı tərəfin açıqlamasını gözləyirik. Məqsədimiz xəstələrlə tibb heyəti arasında narazılığı artırmaq deyil, problemi həll etməkdir.
Vətəndaş özünü hər sahədə arxayın hiss etməlidir. Dövlətin qanunlarından yan keçmək istəyənlərin nöqsanları müəyyən olunaraq cəzaları verilməlidir ki,belə hallar təkrar olunmasın.
