31 martda Böyük Britaniyadakı Mildenhall HHQ bazasında ən yeni və qabaqcıl hərbi-elektron EA-37B Compass Call təyyarələrindən ikisi göründü. Futuristik görünüşə malik bu təyyarə Gulfstream G550 biznes təyyarəsi bazasında hazırlanıb. Lakin o G550-dən gövdəsinin yanlarına quraşdırılmış nəhəng antenaları, eləcə də radar və elektron kəşfiyyat stansiyalarının yerləşdiyi qabarıq burun konusu ilə fərqlənir.
EA-37B radioelektron müdafiə (REM) təyyarəsidir. Bu tip təyyarələrin vəzifəsi düşmənin komanda-idarəetmə, rabitə, radar və naviqasiya sistemlərini sıradan çıxarmaq və ya pozmaqdır. O raket atmadan düşmənin HHM sistemlərini “kor” edə bilir. Bu təyyarə onilliklər boyu xidmət etmiş köhnə EC-130H modelini əvəz etmək üçün hazırlanıb. EC-130H modelinə nəzərən EA-37B ikiqat sürətli (~1234 km/saat) və ikiqat yüksəkdən (13,7 km-dən çox) uça bilir. Təyyarənin heyəti 2 pilot və 7 nəfərədək REM mütəxəssisindən ibarətdir.
EA-37B üzərində işlər uzun illərdir davam edir. Lakin Pentaqonun məlumatına görə, onlar hələ döyüşə hazır statusu almayıblar. Buna baxmayaraq, hər iki təyyarə təcili olaraq Yaxın Şərqə göndərildi. Belə çıxır ki, onlar İrana qarşı hərbi əməliyyatlarda istifadə olunacaqlar. Bəs niyə onlar qəfildən döyüş bölgəsinə göndərildilər?
İranın S.Ərəbistanındakı “Prince Sultan” aviabazasına endirdiyi zərbənin nəticələri əslində ABŞ-ın etiraf etdiyindən daha ağır, demək olar ki, fəlakətli olub. Zərbə nəticəsində bir E-3G Sentry AWACS hərbi-kəşfiyyat təyyarəsinin və 3 KC-135 aviatankerinin məhv edilməsi və bəzi başqa təyyarələrin də xəsarət alması barədə məlumat verilmişdi. İndi aydın olub ki, bazada 2-ci E-3G təyyarəsi də ciddi zədələnib. Bundan başqa bir neçə C-130 hərbi nəqliyyat təyyarəsi zədə alıb və ən müasir, məxfi RQ-180 pilotsuz təyyarəsi məhv edilib. Lakin hələ bu da son deyil. Zərbə nəticəsində ABŞ HHQ-nin ən bahalı təyyarələrindən olan iki EC-130H Compass Call REM təyyarəsi də məhv edilib və ya ciddi şəkildə zədələnib. Onlar E-3 Sentry kimi “pul torbaları”ndan da bahadırlar.
Aydındır ki, bu təyyarələri baha edən platformanın özü deyil, onda quraşdırılmış avadanlıqlardır. EC-130H REM sistemləri təkcə HHM radarlarını deyil, həm də mobil rabitə də daxil olmaqla rabitə sistemlərini boğur, həmçinin elektron kəşfiyyat da aparır. Avadanlıq o qədər mürəkkəb və bahalıdır ki, Pentaqon ~45 il (!!!) əvvəl istehsal olunmuş bu təyyarələri istismardan çıxara bilməyib. Lakin texniki səbəblərə görə EC-130H donanması tədricən azalıb. 2025-ci ilə qədər ABŞ HHQ-də yalnız 3 belə təyyarə var idi. İndi onlardan ən azı ikisi İranın zərbəsi nəticəsində istifadəyə yararsız hala düşüb.
“Epik qəzəb” əməliyyatı ABŞ HHQ-yə yaman baha başa gəlir. Həm də qəribədir ki, İran ən vacib və nadir təyyarələri sıradan çıxardır. Görünür, İran bu cür nadir döyüş təyyarələrini izləməyə və müəyyən etməyə imkan verən “sehrli vasitə” tapıb.