Qonşu dövlətlərin ərazisinə raket zərbələri endirən İran, həmin qonşu dövlətlər tərəfindən cavab reaksiyası olaraq onun ərazilərinə endirilən raket zərbələrindən ciddi narahat olmağa başlayıb.
İsrailin, ABŞ-nin dağıdıcı zərbələri qarşısında aciz qalan molla rejimi, düşdüyü ağır vəziyyətdən çıxış yolunu yalnız əhatəsində olan dövlətlərə ballistik raketlər, dron zərbələri endirməkdə görür. Özü də təkcə ərazilərindən ona zərbələr endirməyə məcbur olan körfəz dövlətlərinə deyil, ilk gündən İranda siyasi sabitliyin qorunmasında, qanlı müharibənin dayandırılmasında maraqlı olan, müharibənin genişlənməsinin qarşısını almaq üçün vasitəçilik missiyasını təklif edən Türkiyə və Azərbaycan kimi tarixi bağlılığı olan qonşu dövlətlərə də saldırmaqdan geri durmur. Siyasət ağıl, fərasət, uzaqgörənlik və ən başlıcası dövlətin təhlükəsizliyini təmin etmək missiyasını özündə ehtiva edən mühüm fəaliyyət sahəsidir. Düşünüb danışmaqla, danışıb düşünmək arasındakı fərqi anlamayacaq qədər əbləh olmalısan ki, illər boyu “İsrailə ölüm”, “Amerikaya ölüm” şüarlarını şəriət dövlətinin baş şüarına çevirməklə zəngin mədəniyyətə, yeraltı, yerüstü sərvətə sahib olan bir dövləti düşmən elan etdiyin dövlətlərin canlı hədəfinə çevirəsən. Aslan aslanlığı ilə yırtıcı kaftar sürüsünün dəstə ilə ona tərəf gəldiyini hiss etdikdə, ölüm təhlükəsindən yayınmaq üçün əldə etdiyi ovu buraxıb, canını xilas etmək haqda instinkt qərarını verir. Haqsızlığa, zülmə qarşı dirəniş məktəbi olan Kərbəla hadisəsini məzhəb çərçivəsinə salan, riyakarcasına ”Ya Əbəlfəz, ya Mehdi, ya Hüseyn” deyib ləbbeyk gedən, dedikcə, başına, gözünə döyməkdən ekstaza gələn molla rejimi və onun yaman günə qoyduğu qaragüruh çoxluq canlı aləmdə baş verənlərdən dərsini almadı, yaxınlaşan böyük təhlükənin fərqində olmadı.
İran, onillərlə bəslədiyi proksi qüvvələrinin məhv edildiyi, öz genererallarının, vacib dövlət personalarının nöqtə atışı ilə öldürüldüyü, hərbi obyektlərinin, nüvə arsenalının hədəfə çevrildiyi 12 günlük müharibədən nəticə çıxarmaq əvəzinə, məzhəb bataqlığında boğulan gerizəkalı mollaların diliylə, dünyanın çox ehtiyatla davrandığı İsrail-ABŞ cütlüyünə yenidən meydan oxumağa başladı. Xurafatı, mövhumatı, dini fanatizmi xalqın iliyinə yeridən, hürr yaşamağa haqq edən doxsan milyonluq bir toplumu məzhəb şüarları ilə zəhərləyən, onu sivil dünyadan təcrid edən bir rejim, işğalçı elan etdiyi, dayanmadan ölüm hökmü oxuduğu İsrail və ABŞ-dən də betər öz xalqının düşməni sayılmalıdır. Təkcə 12 günlük müharibədə on midən çox insanın SEPAH, onun digər qanadı Bəsic tərəfindən qətlə yetirildiyi, on minlərlə insanın zindanlarda işgəncəyə məruz qaldığı heç kəsdə şübhə doğurmur. Bir ixtiyar türk qadınının göz yaşları içində Əli Xameneiyə üz tutaraq “rəhbər, sən necə zalım oldun ki, öz millətini qırdırdın. Heç İsrail də sənin qədər zalımlıq etmədi”deyə, fəryad qopadığı yaddaşlardan silinməyib. Sonradan o yaşlı qadına doğmaları ilə elə bir hədə qorxu gəldilər, işgəncəyə əl atdılar ki, dediklərini həyəcan dolu ifadələrlə geri götürmək zorunda qaldı.
Yaxın və uzaq tarix, müharibələrin, işğalların, gələn xarici təhlükənin adətən bir milləti yumruq halında birləşdirib, yadelli gücləri dəf etdiyinin çox şahidi olub. Gör, İran xalqı öz molla rejimindən nə zülmlər yaşayıb, nə işgəncələr, amansız təqiblər görüb ki, ölkəsini alt-üst edən qüvvələrə, küçələrdə toy-bayram etməklə həmrəylik bildirir.
Hakimiyyət hərisliyi, gedəcəyi halda, etdiyi zülmlərin bədəlini ödəmək qorxusu molla rejimini dədə Xameneini bala Xamenei ilə əvəzləmək zorunda qoyub. Müctəba həzrətləri də gələn kimi atasının yolunu davam etdirməyi bəyan edib və bir az da irəli gedərək, Amerikadan təzminat tələb etməyə başlayıb. Başını qaldıranın başından vurulduğu bir şəraitdə, klerikal hakimiyyətin başına gətirilən Müctəba Xameneinin növbəti nişangaha çevrilməsi qaçılmazdır və onun yaralı canının, terrorçu qüvvə kimi elan edilən və dövlət içində dövlət olan SEPAH-ı xilas etmək gücündə olmadığını açıq aşkar göstərir.
İran fars molla rejimi özü öz qəbrini qazıb və onu monarxist şah rejiminin acı taleyi gözləyir. Rejim dəyişikliyinə gedilməsə, cəhalətdən ayılıb, dünya düzəninə uyğunlaşmasa, dirsək göstərdiyi dövlətlərin qoyduğu ən ağır şərtlərlə razılaşmasa, ərazisində yaşayan xalqların özgürlük haqlarını qoruyan dövlətə çevrilməsə, ümməti parçalayan məzhəbçi zehniyyətdən əl çəkməsə, İran adlı məmləkətdə heç vaxt dinclik, əmin-amanlıq olmayacaq.
İranın indiki halının ən düzgün formulunu dörd yüz il öncə ustad M.Füzuli şeir dili ilə vermişdir: “Göstərən saətdə dövrani fələk bir inqilab, Həm özü fani olur, həm ləşkəri, həm kişvəri”.
