Beş il öncə, 2021-ci ilin dekbarın 17-də Rusiya Xarici İşlər Nazirliyi rəsmi saytında Rusiya, NATO və ABŞ arasında təhlükəsizlik zəmanətləri ilə bağlı müqavilə layihələrini dərc etdi. Üç dildə, rus, ingilis və fransız dilində yayımlanan müqavilə layihəsi dərhal siyasi təhlilçilər tərəfindən “Putinin NATO və ABŞ-a “ultimatumu”” adlandırıldı.
Müqavilə layihəsində Rusiya NATO və ABŞ-dan Ukrayna və Gürcüstanın NATO-ya üzv olacağına dair “Buxarest formulu”ndan və NATO üzvü olan postsovet dövlətlərin ərazisində hərbi bazaların yaradılmasından imtina edilməsi tələbini irəli sürmüşdü. Moskva həmçinin Şimali Atlantika Alyansının infrastrukturlarının Rusiya-NATO Təsis Aktının (NRFA) imzalandığı, Şərqi Avropa ölkələrinin Alyansa qoşulmasından əvvəlki 1997-ci il vəziyyətinə qaytarmağı da tələb edirdi.
Putinin bu addımı Sovet İttifaqının dağılmasından sonra yaranmış beynəlxalq münasibətlər sistemini təftiş etmək, Rusiyanın ikinci qütb olaraq tanınmasını təmin etməyə yönəlmiş revanş cəhdi idi. Lakin bunu dünyada çox az adam başa düşmüşdü.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında Rusiya, NATO və ABŞ arasında təhlükəsizlik zəmanətləri ilə bağlı müqavilə layihələrinin dərcindən iki gün sonra Azərbaycanın ictimai-siyasi mühitində müstəsna isimlərdən birincisi hesab etdiyim Asif Yusifli və parlaq siyasi zəkası ilə ətrafındakılardan fərqlənən Seymur Həzi ilə 9-cu mikrorayondakı Mir Cəlal bağındakı çayxanada bir araya gələrək Rusiya Xarici İşlər Nazirliyinin bu addımının nə anlama gəldiyini üçlükdə müzakirə etdik. Azərbaycan cəmiyyətinin Moskvanın revanş cəhdinə reaksiyanın necə olacağını və proseslərin inkişafını izləmək üçün iki gün müşahidə aparmaq qərarı verdik. İki gün sonra, 21 dekabr 2021-ci ildə “Gənclik”dəki Atatürk Parkındakı çayxanada görüşərək vəziyyəti müzakirə etdik.
Putinin “ultimatum”unda Ukrayna, Şərqi Avropa, Cənubu Qafqaz və Mərkəzi Asiyada NATO-nun istənilən hərbi fəaliyyətindən imtina etmək tələbinin yer alması Moskvanın postsovet məkanı üzərində hökmüranlığını təmin etmək cəhdi, bu yolda ilk hədəfin Ukrayna olacağı çox aydın görünürdü. Azərbaycan cəmiyyətinin mövqeyinin ifadə olunmasının zəruri olduğunu, bunun da bizim üzərimizə düşdüyünü anlayaraq bir təşkilatın yaradılmasının zəruri olduğunu anlayırdıq. Mən bunun vətəndaş təşəbbüsü platforması kimi olmasını təklif etdim.
Platformanın necə adlandırılması ilə bağlı bir neçə təklif olsa da, Seymur Həzinin təklif etdiyi Demokratiya Naminə Ukraynaya Dəstək Platforması adı üzərində razılaşdıq. Platformanın təsis bəyanatının geniş tərkibdə imzalanması üçün Azərbaycan ictimi-siyasi mühitində təmsil olunan bir neçə şəxslə danışıqlar apardıq. Yanvarın əvvələrində məlum oldu ki, müraciət etdiyimiz şəxslərin əksəriyyəti Rusiyanın postsovet məkanı üzərində hökmüranlığını təmin etmək cəhdinə qarşı mövqe ifadə etmək istəmirlər. Bu mövqedə olanların ortaq mövqeyi belə idi ki, Putinə qarşı çıxmaq İlham Əliyevi tənqid etməyə bənzəməz. Bəziləri isə daha irəli gedərək Putinə qarşı çıxmağın həbs və hətta ölümlə nəticələnəcəyini bildirərək, bizim də bu təşəbbüsdən çəkinməyimizi tövsiyyə edirdilər.
Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləyə hazırlığının son mərhələdə olduğu qəanətində idik və ona görə də platformanın təsis bəyanatını imzalamağa hazır olanlarla birlikdə bunu etmək qərarı verdik. Beləlikdə də 01 fevral 2022-ci ildə “Biz Azərbaycan Respublikasının vətəndaşları olaraq hazırda Ukrayna ətrafında cərəyan edən tarixi prosesi dərin narahatlıq hissi ilə yaxından izləyir, dünya üçün taleyüklü bir məqamda insanlıq qarşısında məsuliyyətimizi dərk edirik” cümləsi ilə başlayan tarixi bəyanat 8 nəfərin imzası yayımlandı.
Azərbaycan, Ukrayna, rus və ingilis dillərində yayımlanan bəyanatı Asif Yusifli və Semur Həzi, Tural Ağayev, Sevinc Vaqifqızı, Adil Qeybulla, Tatyana Kryuçkina və Əbülfəz Qurbanlı və mən imzaladıq.
Demokratiya Naminə Ukraynaya Dəstək Platformasının Azərbaycan xalqına və dünya birliyinə müraciəti Azərbaycan cəmiyyətindən bütün gözləntilərimizi aşan dəstək qazandı. Bu dəstək Demokratiya Naminə Ukraynaya Dəstək Platformasının sosial sifariş olduğunun göstəricisi idi. Rusiya bütün cəhdlərinə baxmayaraq Ukraynanı işğal edə bilmədiyi kimi, Azərbaycan ictimai rəyini öz tərəfinə çəkə bilmədi.
Bu gün İran ətrafında baş verən prosesə müansibətdə Azərbaycan ictimai rəyindəki parçalanma ictimai rəy liderlərinin önəmli bir hissəsinin beş il öncə olduğu kimi bu gün də yanlış yolda olduğunu aydın göstərir.

