İki ildən çoxdur Azərbaycanda həbsdə olan Fransa vətəndaşı, “Mercorama LC” şirkətinin baş direktoru Martin Rayan casusluq ittihamıyla 10 il azadlıqdan məhrum edilib. Martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Onunla birlikdə mühakimə olunan azərbaycanlı hüquqşünas Azad Məmmədliyə isə eyni hökmlə 12 il həbs cəzası kəsilib.
Hökmdə iddia olunur ki, Bakıda diplomat kimi fəaliyyət göstərən, əslində isə Fransa xüsusi xidmət orqanlarının əməkdaşları olan şəxslər M.Rayandan casus kimi yararlanıblar. Rayan da öz növbəsində A.Məmmədlini həmin şəxslərlə tanış edib. Onların arasında görüşlər keçirilib, müxtəlif məsələlərlə bağlı müzakirələr aparılıb.
M.Rayan və A.Məmmədli onlara verilmiş casusluq ittihamını qəbul etmirlər.
M.Rayan məhkəmədə bildirib ki, 2015-ci ildə Azərbaycana biznes məqsədilə gəlib və burada olduğu dövrdə Fransa səfirliyinin bəzi əməkdaşları ilə əlaqə yaradıb. Onun sözlərinə görə, müxtəlif mövzular ətrafında söhbətləri olsa da, heç vaxt səfirlik əməkdaşlarından pul almayıb, maddi maraq güdməyib.
“Gərək müəyyən şəxslərlə əlaqə saxlamayaydım”
“Mən casusluq etməmişəm, bunu da məhkəmədə sübut etməyə çalışdım. Ola bilsin ki, gərək müəyyən şəxslərlə əlaqə saxlamayaydım”, – M.Rayan son sözündə belə deyib.
O, ifadəsində Bakıda birgə çalışdığı azərbaycanlılarlan bəzilərini səfirlik əməkdaşları ilə tanış etdiyini, A.Məmmədlinin də onlardan biri olduğunu söyləyib.
A.Məmmədli son sözündə bildirib ki, o, fransızlarla söhbətlərində onlara məxfi sənəd verməyib, kommersiya və dövlət sirri sayıla biləcək heç nə deməyib: “Bizim söhbət etdiyimiz məsələlərdən efirdə ekspertlər açıq şəkildə danışırlar. Bizim danışıqlarımızda gizli heç nə olmayıb”.
A.Məmmədli Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq hüquq fakültəsini bitirib. O, magistr təhsilini Fransada alıb. 2019-2023-cü illərdə Beynəlxalq Bankda hüquqşünas çalışıb, daha sonra Böyük Britaniyaya gedib və bir müddət orada yaşayıb. Azərbaycana qayıdandan az sonra həbs olunub.
Həm M.Rayanın, həm də A.Məmmədlinin vəkilləri məhkəmədən onlara bəraət verilməsini istəyiblər.
Bu cinayət işi üzrə istintaq Dövlət Təhlükəsizliyi Xidmətində (DTX-da) aparılıb. Təqsirləndirilənlər bu qurumun istintaq təcridxanasında saxlanılırlar.
Xatırlatma
M.Rayanın 2023-cü il dekabrın 4-dəki həbsindən bir qədər sonra (dekabrın 26-da) rəsmi Bakı iki nəfər fransalı diplomatı “diplomatik statuslarına uyğun olmayan” hərəkətlərdə suçlayaraq ölkədən çıxarıb. Ardından Fransa Xarici İşlər Nazirliyi (XİN) də Azərbaycana eyni tərzdə cavab verib – Parisdəki səfirliyin iki diplomatı “persona non grata” (arzuolunmaz şəxs) elan edilib.
2024-cü ilin yanvarında Fransa XİN bəyanat yayaraq M.Rayanın həbsini özbaşınalıq saydığını vurğulayıb. Bu da bildirilib ki, Fransanın Bakıdakı səfirliyi konsulluq mühafizəsi çərçivəsində ona baş çəkib.
Azərbaycan M.Rayanın əsassız həbsi barədə deyilənləri qəbul etmir.
“Bu əsassız bəyanat reallığın təhrif olunması, Azərbaycanın daxili işlərinə və qanuni təhqiqat prosesinə növbəti müdaxilə cəhdidir”, – Azərbaycan XİN qarşı tərəfin bəyanatına belə cavab verib. (AzadlıqRadiosu)
