Cəmiyyət

Cərimlər diləncilərə də gəlib çatır.

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərə görə ölkədə dilənçiliklə məşğul olanlar cərimələnəcəklər. Özü də nə az, nə çox, dilənçilərin 100 manatdan 200 manata qədər cərimə edilməsi təklif edilib. Yəqin ki, bunun adını da sosial islahat qoyacaqlar.

Bu biçarələrin 100 və 200 manat pulları olsaydı daha niyə dilənirdilər? Ölkədə dilənçiliyi doğuran səbəbləri aradan qaldırmaq, xalqın rifahını yüksəltmək, uşaq pulu vermək əvəzinə inzibatı yolla, həbs təhdidi və cərimələr yolu ilə dilənçiliyi “aradan qaldırmaq” istəyirlər.

Vallah bizim işimiz kinodur! Kino demişkən bir neçə il əvvəl kino çəkilməyən Kinostudiyaya bir rəhbər işçi təyin edilmişdi. Adam gələn kimi birinci “əmək intizamından” başlamışdı. Studiyada bir vaxtlar Azərbaycan kinosunu yradanların (Tofiq Tağızadə, Rasim Ocaqov, Eldar Quluyev və b.) çalışdıqları otaqların qarşısında memorial lövhələri vurulub.

Adam məsul əməkdaşlarla otaqları yoxlayanda əlini atır rəhmətlik Tofiq Tağızadənin adına olan otağın qapısının dəstəyinə. Qapını bağlı görəndə deyir ki, mən 5-6 dəfə buradan keçəndə bu otağı yoxlamışam, bura həmişə bağlı olub. Tofiq müəllimə zəng edib demək lazımdır ki, əgər işə gəlmirsə otağın açarını gətirib qaytarsın.

Az sonra onu “əmək intizamına” çox həssas yanaşdığına görə daha yüksək vəzifəyə göndərdilər. Dilənçilərin cərimə olunması məsələsi bu əhvalatı yadıma saldı. Bəla burasındadır ki, bütün ölkə bu cür idarə edilir.

Sovetləşmənin ilk illərində Azərbaycanda neft sənayesini bərpa etmək üçün Amerikadan Morrison adında bir neft mühəndisi dəvət etmişdilər. O, Bakıda vəziyyəti araşdırandan sonra hökumətə geniş bir hesabat hazırlamışdı və öz hesabatında yazmışdı ki, “siz xəzinə üzərində oturan dilənçilərsiniz”. Deyəsən Morrisonun bu sözləri 100 il sonra da öz aktuallığın saxlayır.

 

Cəmil Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Həyat yoldaşını itirən kişilər niyə tez ölür?

redaktor

Könül Xasıyeva ilə bağlı nə baş verib? – FOTO

admin

Əməkdar artist: “Lüt gəzənlərə heç nə olmur”

redaktor