ABŞ/İsrail-İran müharibəsi başlayanda qeyd etdim ki, ABŞ/İsrail prosesə əməliyyat kimi hazırlaşıb, İran isə total müharibə kimi. ABŞ prezidenti Donald Tramp da qeyd etdi ki, onlar əməliyyat kimi hazırlaşıblar, İran isə müharibə kimi.
Gələk əməliyyatla müharibənin fərqinə. Tramp iki gündür bütün dünyaya car çəkir ki, onlar qalib gəliblər. Hətta bunun əksini yazan media qurumlarını belə tənqid edir. Eynən 12 günlük müharibənin sonundakı kimi. Tramp bildirirdi ki, İranın bütün nüvə potensialını məhv ediblər. Bunun əksini deyən, hətta bu yöndə sual verən jurnalistləri təhqir edirdi. Əməliyyatlar başlayanda isə o və komandasının digər üzvləri deyir ki, əgər əməliyyatlar başlamasa idi, İran iki günə nüvə silahı əldə edəcəkdi. Bəs İranın nüvə potensialını məhv etmişdin?
Əməliyyatlarla müharibələrin əsas fərqi onun sonu ilə bağlıdır. Əməliyyatların qalibi olmur, əməliyyatların nəticəsi olur! Qalib və məğlub müharibələrdə olur!
İndiki şərtlərdə əməliyyatlar dayanarsa, nəticə nə olacaq? Öncə ABŞ üçün:
ABŞ İranın ali dini liderini, İranın 40-dan çox generalını sıradan çıxarmış, infrastrukturuna ağır zərbə vurmuş olacaq. Bu, onsuz da iqtisadi sanksiyalar məngənəsində sıxılan İran üçün əlavə problemlər yaradacaq. İran daxilində böhranlı vəziyyət yaradacaq. Əsas diqqət yetirilməli məqam nədən ibarətdir? Əməliyyat başlayarkən qarşıya qoyulan hədəf nə idi? İndi nüvə məsələsini ön plana çıxarsalar da, əsas hədəf İrandakı hakimiyyəti devirmək, İranın əlindəki saflaşdırılmış uranı və uzaqmənzilli raketləri İranın əlindən almaq, Körfəzə tam nəzarət, Çinin ticarət yollarını sıradan çıxarmaq idi.
Nəticə nədir? Bunların hansınasa nail olunub? İndiki şərtlərdə bunların hansınasa nail olunub demək, ən azı obyektivlikdən uzaq olmaq deməkdir.
Bu şərtlərdə ABŞ nələri itirdi? Ərəb ölkələri təhlükəsizliklə bağlı yenidən düşünməli olacaqlar. ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarının varlığı sual altına düşəcək, qızların məktəbinə endirilən zərbə isə Tramp və ABŞ-nin imicini yerlə bir etmiş olur.
İsrail üçün hansı nəticələr əldə olundu? ABŞ-dən fərqli olaraq İsrail ərazisi də ağır dron və raket zərbələrinə məruz qaldı. Dağıntılarının miqyası o həddə çatıb ki, artıq video görüntüləri yayanlar 5 illik həbs cəzasına məhkum edilir. Yəni, İsrail İranın infrastrukturunu dağıtdığı qədər İran da İsrailin infrastrukturunu sıradan çıxarıb. Yuxarıda İran üçün dediyim, İsrail üçün də keçərlidir. Dağıntıların bərpası o qədər də asan olmayacaq. İsrail qarşısına qoyduğu nəyəsə nail oldu desək, yenə də obyektivlikdən uzaq olarıq. İsrail İranın uzaqmənzilli raketləri tələb edirdi. İran həmin tələb edilən raketləri İsrailə göndərdi, ancaq zərbə olaraq. Rejim dəyişikliyi məlum məsələ – yoxdur. Əksinə əhali hakimiyyət ətrafına daha sıx birləşib. Netanyahunun İran xalqına səslənməsi də məhz çarəsizlik göstəricisidir. Çünki tapşırıqlar uğurla icra olunsa da, gözlənilən nəticə yoxdur.
İsrail ərazisindəki dağıntılarla bərabər başqa nələr itirdi? Holokosta görə dünyada mağdur, məzlum olan israillilərə qarşı artıq insanların mövqeyi 180 dərəcə dəyişib. Bu barədə çox yazmaq istəmirəm, böyük ehtimalla videoları hər kəs izləyib və nə demək istədiyimi anlayır.
Müharibənin üçüncü günündə yazdığım hələ də keçərlidir – ABŞ və İsrailin alternativ planı yoxdur.
Əməliyyat necə icra olunur? Misal üçün Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı kimi. Tapşırıq Qarabağdakı erməni qeyri-qanuni silahlılarını sıradan çıxarmaq, qondarma rejimi ləğv etmək idi. Nəticə necə oldu? Həm silahlılar təslim oldu, həm rejim ləğv edildi, bonus olaraq da orada yaşayan ermənilər Qarabağdan öz xoşları ilə getdilər. Buna deyirlər uğurlu əməliyyat, buna deyirlər əməliyyatın uğurlu nəticəsi. İndiki şərtlərdə ABŞ və İsrailin apardığı birgə əməliyyatla bağlı bunu deyə bilmərik.
Müharibələrdə qələbə olur, məğlubiyyət olur, bir də Pirr qələbələri olur. İranın apardığı müharibə birinci növbədə nəyi ortaya çıxardı – İranın vitrinə dini, mollaları ön plana çıxarıb, əslində isə İranın sözün hər mənasında militar dövlət olduğunu. İlk gündən yazırdım ki, İran müharibənin miqyasını genişləndirəcək. Görünən odur ki, buna nail olurlar. İlk dəfə idi ki, İranla Hizbullah İsrailə zərbələri danışılmış, sanki eyni yerdən idarə olunurmuş kimi endirməyə başladı. Kənardan bu asan görünə bilər. Ancaq bunun icrası son dərəcə ağır və böyük əmək sərf edən bir məsələdir.
İran bu müharibədən indiki şərtlərdə qalib çıxdığını elan etsə də, bu Pirr qələbəsi olacaq. Çünki həm dini lider, həm çoxlu sayda general itirdi. Bundan əlavə ərazisi şiddətli bombalanaraq infrastrukturu ağır zərbə aldı. Bu şərtlərdə müharibə bitərsə, insan itkilərini şəhidliklə öz xeyrinə dəyişə biləcək. İnfrastrukturun bərpası ciddi vaxt və maliyyə anlamına gələcək.
Bu şərtlərdə müharibə bitərsə, İranın ritorikası dəyişəcək. Xüsusilə Körfəz ölkələrinə diqtə edəcək. Bundan sonra İrana qarşı addım atacaq ölkələr ötən yazıda yazmışdım ki, 50 dəfə düşünmək məcburiyyətində qalacaqlar. Hesab edirəm ki, bu rəqəm daha böyük olacaq.
Bu müharibə sahədə İranın müharibəsi olsa da, əslində Çinlə Rusiyanın müharibəsidir. Müharibənin əsl qalibləri kimlər olacaq? Hesab edirəm ki, bu müharibənin qalibləri indiki şərtlərdə Çin, Rusiya və ən çox qazananı isə Türkiyə olacaq. Dünən Türkiyə tərəfi bir foto yayımladı, bildirdi ki, İncirlik hərbi bazasında ABŞ əsgərləri olsa da, orada komandir türkiyəli zabitdir. Çox keçmədən İncirlik hərbi bazası istiqamətinə də raket göndərildi. Sanki İranla Türkiyə paslaşırdı. Türkiyə bununla ABŞ-ni şantaj edəcək. Onlardan Patriot hava hücumundan müdafiə sistemləri, F-35 proqramına qayıtmağını tələb edəcək. Türkiyə cəmiyyətində, sosial şəbəkələrdə və mətbuatında “NATO-dan çıxaq” dalğası görsək, heç təəccüblənməməliyik. Çünki bu da təzyiqin bir forması kimi işləyəcək. Ona görə də, düşünürəm ki, müharibə indiki şərtlərdə bitsə, Türkiyə bunu çox ciddi şəkildə öz xeyrinə çevirə bilər.
ABŞ və İsrail tərəfləri bildirir ki, İranın enerji infrastrukturunu qısa zamanda sıradan çıxara bilər. Əgər bu baş verərsə, İranın əlində nüvə silahından daha təhlükəli bir silahı da işə düşə bilər. Körfəz ölkələrinin suyu haradan, İsrailin isə suyu haradan götürməsi məlumdur. Hətta Qərbin kəşfiyyat orqanları İranın su təchizatına zərbə endirə biləcəyi ilə bağlı məlumatlar da yayıb. Su problemi olan ölkələr üçün bu nə deməkdir, onu təsəvvür etmək o qədər də çətin deyil.
Müharibə başlamazdan əvvəl də qeyd edirdim ki, Rusiya və Çin ABŞ-nin qısa zamanda bu müharibəni bitirməsinə imkan verməyəcəklər. Onların əsas məqsədi ABŞ-ni Yaxın Şərq bataqlığına salmaq idi. Bu şərtlərdə müharibə bitsə belə, ABŞ Yaxın Şərqdə varlığını qoruması üçün çox çalışacaq.
