Təxminən 1 ay öncə Ukrayna ordusunun baş komandanı General Sırski açıqlama verdi ki, Ukrayna ordusu çox böyük nəticələr əldə edib. Generalın açıqlamasında deyilir ki, Rusiya ordusunda itkilər xidmətə qəbul edilənləri üstələyib. O qeyd edib ki, Rusiya ötən il 406 min əsgəri səfərbər etsə də, ümumi itkilər, ölən və yaralananların sayı təxminən 418 min nəfər təşkil edib.
Açığı, bu açıqlamaya cəmiyyətimizdə olan Rusiya tərəfdarları gülmüşdülər.
Ukrayna Dron Ordusunun Ali Baş Komandan Zelenski qarşısında verdiyi hesabatda rəqəmlər 2025-ci il üçün belə idi:
• 2025-ci ildə video ilə təsdiqlənmiş 819.737 zərbə qeydə alınıb.
• 240.000 nəfər düşmənin şəxsi heyəti hədəf alınıb.
• Məlumatlarda həmçinin yüngül nəqliyyat vasitələrinə 62.000 zərbə, ağır nəqliyyat vasitələrinə 29.000 zərbə və düşmənin zərbə və kəşfiyyat PUA-larına 32.000 zərbənin endirildiyi göstərilir.
Bu qorxunc rəqəmlər qarşısında Rusiya Silahlı Qüvvələrinin hansısa bir nöqtədə dayanacağı gözlənilən idi.
Şəxsi heyət baxımından ciddi ehtiyat çatışmazlığı yaşayan Ukrayna ordusu əks-hücumla 400 km²-dən çox ərazini çox qısa müddətdə azad etdi.
Ehtiyatları Ukraynadan dəfələrlə çox olan Rusiya ordusu 2024-cü ilin iyunundan ümumi ərazisi təxminən 29.57 km² olan Pokrovsk şəhərinə aramsız hücumlara baxmayaraq ələ keçirə bilmədi və çox ağır itkilər verdi. Kupyansk şəhəri prezident Putinə alındığını məruzə etdilər, amma məlumat yalan çıxdı.
Rusiya Silahlı Qüvvələrində Putinin rəhbərlik səviyyəsində dəyişiklikləri heç bir nəticə vermədi. Rusiya ordusunda istər ordu rəhbərliyi səviyyəsində, istər aşağı səviyyədə olsun, mənəvi-psixoloji vəziyyət çox bərbaddır və bu, özünü açıq şəkildə göstərir.
Rusiya ordusunda 13 general intihar edib və ya öldürülüb. Müharibə başlayandan 30-dan çox yüksək rütbəli komandir vəzifədən azad olunub. Təkcə Ukrayna cəbhə komandanı vəzifəsinə çox qısa müddətdə 7–8 nəfər təyin edilib və azad olunub. Müdafiə naziri və müavinlər müharibə başlayandan bir müddət sonra vəzifədən azad ediliblər.
Rusiya SQ-nin Qərb, Şərq, Şimal və Cənub hərbi dairə komandanları bir neçə dəfə dəyişdirilib. Rusiya siyasi rəhbərliyinin orduda komandirləri əlçək kimi dəyişdirməsi və vəzifədən azad etməsi orduda pis olan vəziyyəti daha da pisləşdirib. Vəzifədən azad olunan, həbs olunan komandirin yerinə gələn general da bilir ki, onu da çox qısa zamanda bu taley gözləyir.
Rusiya ordusunda muzdlu kimi ölənlərin orduya qəbul tarixlərinə və ölüm tarixlərinə baxanda hər şey aydın olur. Orduya yazılanlar təlim-məşq toplanışlarında olmamış, təcili cəbhə xəttinə göndərilir. Hazırlığı olmayan əsgərlərlə komandirlər nə edə bilər axı?
Bu gedişlə Baş Qərargah rəisi Gerasimov da vəzifədən azad olunacaq. Mətbuatda yazılan iddialara görə, Gerasimov müharibənin ilk günündən ordunun hələm-hazır olmadığını və qısa müddətdə müharibəni bitirməyin mümkün olmadığını müdafiə edənlərdən olub.
Slava Ukraina !!!
