DünyaSiyasət

1559-cu İlin xəritəsi: Avropalıların gözü ilə Azərbaycan, onun xalqı, dili və şəhərləri

Sizlərə nadir bir xəritə təqdim edirəm.

XV əsr Venesiya kartoqrafı, dövrünün ən məşhur xəritə ustası sayılan Giacomo Gastaldinin əsərini. “Asiyanın birinci hissəsi” adlanan bu xəritə 1559–1561-ci illərdə hazırlanıb və onu digərlərindən fərqləndən cəhət, sadəcə Ptolemey kimi antik müəlliflərin əsərləri yox, həm də həmin dövrdə Səfəvi sarayında olan venesiyalı diplomat və tacirlərin şəxsi qeydləri əsasında çəkilməsidir.

Xəritənin üzərindəki yazılar latıncadır və o dövr Avropa kartoqrafiyasının zəngin üslubunu özündə daşıyır. Burada maraqlı bir məqam, Azərbaycan coğrafiyasının, o dövrdə mövcud olan şəhər və bölgə adlarının burada açıq-aydın göstərilməsidir.

Xəritənin aşağı hissəsində “Armenia Provin” ifadəsi diqqət çəkir. Lakin tarixi kontekstə nəzər saldıqda görürük ki, bu ad o vaxtlar müstəqil bir siyasi qurumdan daha çox, Şərqi Anadolu və Cənubi Qafqazın müəyyən hissəsini ifadə etmək üçün istifadə olunurdu.

Azərbaycanın cənub və qərb torpaqlarına doğru isə “TVRCOMANI” sözü yazılıb. Bu da Səfəvi-Osmanlı dövründə bölgənin əsas sakinlərinin güclü türk tayfaları olduğunu göstərən önəmli bir detaldır.

Gastaldi xəritə üzərində işləyərkən 1539-cu ildə Təbriz və Şamaxıda olmuş venesiyalı diplomat Michele Membrenin qeydlərindən istifadə edib. Membre yazırdı ki, bu torpaqlarda yaşayan insanlar özlərini “Qızılbaş” adlandırır və olduqca cəsur döyüşçülərdir.

Venesiya arxivlərində qalan bu təsvirlərdə azərbaycanlılar “yaxşı silahlanmış, hündür boylu və mərd” insanlar kimi xarakterizə olunur. Qadınların ipək libaslar geyindiyi, kişilərin isə kəmərlər və qiymətli xəzlərə büründüyü xüsusi vurğulanır.

Avropalı səyyahların təəccübünə səbəb olan başqa bir məqam isə Səfəvi Azərbaycanında müsəlmanlarla yanaşı, xristian və yəhudi icmalarının da dinc şəkildə birgə yaşaması, ticarət əlaqələri qurması idi. Maraqlıdır ki, o dövrdə Venesiyada çap edilən lüğətlərdə burada danışılan dil “Lingua Turchesca” – yəni türk dili kimi qeydə alınsa da, onun Osmanlı türkcəsindən fərqli olaraq məhz Azərbaycan dialekti olduğu xüsusilə vurğulanırdı.

Xəritədəki “Chia” sözünə gəldikdə isə, bu da o dövr səyyahlarının qeydlərində yerli xalqın dilində işlətdiyi “Çay” sözünün (Kür çayı nəzərdə tutulur) avropalıların dilində təhrifə uğramış forması kimi izah olunur. “Strana” isə italyanca və slavyanca “ölkə” və ya “ərazi” mənasını verir. Birlikdə “Çay kənarı ölkə” və ya “Kür boyu düzənlik” anlamı yaranır.

Bu xəritələr sadəcə elmi əsər yox, eyni zamanda Avropalı tacirlər üçün də bir bələdçi idi. Şirvan ipəyinin o qədər məşhur olması xəritədə Şamaxı şəhərinin adının xüsusi olaraq böyük hərflərlə yazılmasına səbəb olmuşdu. Məşhur ingilis səyyahı Anthony Jenkinson da Xəzər dənizi sahillərindən Şamaxıya gələrkən məhz bu xəritədə göstərilən yollarla hərəkət etmişdi. O, Şamaxı hakiminin sarayında qonaq olarkən yazırdı: “Burada ipək o qədər boldur ki, yerli tacirlər onu hər yerə daşıyırlar.”

Xəritənin yuxarı sağ küncündə, Xəzərin sahilində Derbent şəhəri qeydə alınıb. Gastaldi onu “Dəmir Qapı” kimi təsvir etməyə çalışıb. Çünki bu şəhər o dövrdə təkcə Azərbaycanın şimal sərhədi deyil, bütün Qafqazın açıq-aydın kilid nöqtəsi sayılırdı.

Şəki və Qəbələ istiqamətində xəritədə gördüyünüz sıx dağ və meşə təsvirləri isə o zamanlar məşhur olan ovlaqları göstərir. Səfəvi şahları üçün Azərbaycanın bu gözəl təbiət qatı, əsl “yaşıl cənnət” ən sevimli istirahət və diplomatik qəbulların keçirildiyi məkanlardan biri idi.

 

Prof.Dr.Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün Avropa Liqasında 2-ci tura start verilir.

admin

Ukraynada “Turan” türk taboru yaradılıb

redaktor

Ukrayna hərbçiləri Liman şəhərini və daha 5 yaşayış məntəqəsini azad edib

redaktor