İranın bir neçə gün əvvəl nəzərdə tutulduğu, amma təhlükəsizlik baxımından elan edilməmiş ali dini rəhbərinin adı nəhayət ki, təntənəli şəkildə açıqlandı: Xamnəyi və bir daha Xamnəyi.
Nə üçün məhz Müctəba Xamnəyi?
Mövcud rejimi qoruyan və çiyinlərində daşıyan, sonsuz imtiyaz və səlahiyyətlərə malik SEPAH struktur kimi mövcudluğuna görə məhz Seyid Əli Xamnəyiyə borcludur. Xamnəyi də qurduğu siyasi sistemin, regional siyasətin və təhlükəsizlik davranışlarının qorunmasında dolayısı ilə özünün yaratdığı İslam İnqilabı keşikçiləri Korpusunun generallarına borcludur. Ali dini rəhbərlik və İran İslam Keşikçiləri Korpusu bir-birlərindən çox asılı tərəflərdir. Bu asılılıq onların onilliklərdir ki, mövcud rejimi yaşatmaq immunitetini möhkəmlədib. Bu baxımdan Müctəba Xamnəyi də atasının həm də siyasi varisidir.
Oğul Amerika ilə onun tələblərinə bağlı güzəştli danışıqlara getmək, daxildə xalq kütlələrinin narazılığını zəiflətmək üçün yumşalma siyasəti yürütmək kimi gözlənilməz və ağlagəlməz addımlar atacaq biri olmayacaq. Bu, məqam SEPAH zabitləri üçün çox vacibdir.
Müctəba Xamnəyini seçmək həm də daxili ideoloji təbliğata uyğun olaraq rejimin “məğlub olması” yox, əksinə, şeytan adlandırdıqları Amerikaya və İsrailə “qalib gəlməsi” görüntüsünü yaratmaqla həm də SEPAH-ın nüfuzunu xalq qarşısında dolayısı ilə reabilitasiyasına xidmət etmiş olacaq.
Oğul mövcud rejimi davam etdirəcək, çünki özü də varis rejimin girovudur. Müctəba ali lider olmasa və ya siyasətdən tamamilə uzaqlaşsa taleyini nə gözlədiyi onun özünə də məlum deyil və fərqli seçimi də yoxdur.
Nəhayət və ən əsası, SEPAH zabitləri bilirlər ki, Müctəbanın atasından da sərt xətt yürütməsinə təsir edəcək həm də şəxsi motivləri var: atasının və ailəsinin digər üzvlərinin İsrailin zərbələrilə ölmələri onun gözləri qarşısında baş verib. İranın daxilində atasının ölümünə sevinən kütlələri görüb. Bu hadisələr heç şübhəsiz ki, onun idarəçiliyinə, həm xarici, həm də daxili siyasətdə təsir edəcək amillərdir.
Burda ekzotik bir sual yaranır. Beş gün əvvəl elan edilsəydi həyatına risk yaranacağını deyərkən beş gün sonra elan ediləndə həmin risk yaranmırmı? Beş gün nəyi dəyişdi ki?
