Nəinki təkcə İranın özünə və regiona, artıq qlobal iqtisadiyyata təsir etməyə başlayan ABŞ/İsrail və İran arasındakı müharibə və İran ətrafında baş verənlər getdikcə daha sürətlə və ciddi risk amilləri formalaşdırmaqla cərəyan edir.
Bu müharibəni bölgəmiz üçün riskli edən bir neçə amil vardır. Hamısını saymağa ehtiyac duymadan bir neçəsini qeyd etmək kifayətdir. Əvvəla İranın dövlət kimi növbəti mərhələdə taleyi ilə bağlı hətta ABŞ və İsrail arasında fikir ayrılıqları var. İkincisi, post-müharibə dövründə regionda qüvvələr balansının formalaşmasında ABŞ-Britaniya və ABŞ-Fransa arasında ciddi fikir ayrılıqları var. Hətta ABŞ Britaniyanın və Fransanın bölgəyə hərbi qüvvə göndərməsinə razı deyil. Fransanın qüvvələrinə Yunan Kiprinə qədər icazə verilir, Britaniyanın hərbi bazası olsa da təyyarə daşıyan əlavə bir gəminin Yaxın Şərqə göndərilməsinə Trump açıq reaksiya verdi ki, “Britaniya müharibəni udduğumuzu gördükdən sonra qüvvə göndərib qələbəyə şərik olmaq istəyir”. Bütün bunları qeyd etməkdə məqsədim odur ki, İranla bağlı dövlətlər/qüvvələr arasında fikir ayrılıqları mövcuddursa, hadisələr günbəgün kəskin dəyişə bilər.
Yuxarıda qeyd etdiyim səbəbdən İranla bağlı hər bir ölkə ciddi manevrlər etməyi və hadisələri praqmatik, hərtərəfli, soyuq başla və ən əsası mövcud şəraiti qiymətləndirərək öz strateji mənafeyini ortaya qoya bilməklə siyasət yürütməyi bacarmalıdır. Türkiyə, Azərbaycan, İran dövləti (Prezident Pezeşkian başda olmaqla), hətta Rusiya, İraq (növbəti hədəfin İraq olması ehtimalı artdıqca İran məsələsi daha çox narahat edir), Suriya və digər dövlətlərin ortaq strateji mənafe və xətlərinin İranın bütövlüyü olmasını düşünürəm. Rejimi qorumağa çalışmaqla qeyd etdiyim strateji xəttin arasında kəskin fərq var. Bəzən bunlar bəzi politoloqlar tərəfindən də qarışdırılır.
Xüsusilə qardaş Türkiyənin bir sıra şərhçilərinin (yorumçu) İran məsələləri ilə bağlı tutduğu mövqe hərtərəfli təhlildən daha çox subyektiv düşüncələri əhatə edən birtərəfli mövqeyə əsaslanır. Bu birtəfəli mövqeyi isə şəxsi düşüncə, şərh kimi deyil, təhlil kimi təqdim etməyə çalışırlar. Qeyd edim ki, təhlil başqadır, şərh başqa. Bunları qarışdırmayaq. Türkiyə nəzərə almır ki, İranın paralel quruluşlarının Türkiyəyə münasibəti Türkiyənin İrana olan münasibəti qədər isti deyil. Bunu biz danışıqlarda Türkiyənin vasitəçiliyinin Oman dövləti ilə əvəzlənməsinin İran tərəfindən tələb edildiyi zaman da gördük. Mən bu gündən etibarən Türkiyənin özünün İran siyasətində müəyyən tənzimləmələr edəcəyini düşünürəm. Əslində təhlillə deyil, təbliğatla məşğul olan bəzi türk şərhçilərinin birtərəfli mövqe nümayiş etdirmələri Türkiyə dövləti üçün müəyyən risklər formalaşdırır. Davamlı olaraq İrandan atılan raketlərin İranın deyil, İranda olan xarici qüvvələrin işi olduğunu heç bir fakt olmadan təbliğ etmək risklidir. Bundan istifadə edən İran paralel qüvvələri üzərində İsrail və ABŞ bayrağı, yazısı olan raketlə Türkiyənin strateji obyektlərinə zərbə endirərək Türkiyəni çətin vəziyyətə sala, provokasiyaya çəkə bilərlər. Təəssüf ki, bu gün Türkiyəyə daha bir raket atıldı və bu raket rəsmən NATO birlikləri tərəfindən (faktiki ABŞ tərəfindən) vurularaq zərərsizləşdirildi. Türkiyə məsələləri şərh edərkən bütün variantları istisna etməməlidir ki, Türkiyəni sevməyənlərin dəyirmanına su tökməsin və risklər formalaşdırmasın. Analitik təhlillərin isə bu qədər diletant, birtərəfli və yarımçıq olması səbəbindən həmin təhlillərə analitik təhlil deyil, yalnız təbliğat və xoşa gəlmək xatirinə danışmaq adı verilə bilər. Bu sadəcə dostcasına tutulan yaxşı niyyətli bir iraddır. Qardaş Türkiyəyə münasibətim və düşüncələrimi isə yazılarımı oxuyan, izləyən hər kəs bilir.
İranın bir dövlət kimi parçalanmaması tərəfdarı olan dövlətlər/qüvvələr üçün sevindirici amil bundan ibarətdir ki, Trump son 2 gün ərzində çıxışlarında İranın parçalanmamasına meyl etdiyinin kiçik və incə mesajlarını verdi. Amma qeyd etdiyim kimi, maraqlar toqquşmaları, fikir ayrılıqları çoxdur və hadisələr hər an 180 dərəcə dəyişə bilər. Bunları nəzərə alan Azərbaycanın yüksək manevrləri əhatə edən və açıq mövqelərə malik siyasəti anlaşılan və təqdirəlayiqdir.
Müharibənin iqtisadi təsirlərini minimallaşdırmaq üçün preventiv tədbirlər görülməkdədir. Xüsusilə Yaponiyanın yüksək həcmdə (son məlumatlara görə 9 aylıq) neft ehtiyatları toplaması bu ölkədə hesablamaların nə dərəcədə doğru olduğunu göstərir. Çin, Cənubi Koreya kimi neftə tələbi yüksək olan ölkələrdə də ehtiyatlar 6 ay və üzərindədir. Bu isə neft bazarında tələbin tənzimlənməsini daha asan edir və gərginliyi aşağı salaraq qiymətlərin astronomik səviyyələrə qədər artmasına imkan vermir (müharibənin ilk 3 günü ərzində də bu amili öz çıxışımda vurğulamışdım). Hazırda narahatedici amil Hindistanla və neft ehtiyatları toplamayan digər ölkələrlə bağlıdır.
Hər bir halda müharibənin iqtisadiyyatlara nominal təsirləri minimum görünsə də, kumulyativ təsirləri artmaqdadır.
Ümumiyyətlə, burada qeyd etməyə lüzum görmədiyim siyasi və iqtisadi təhlükələr, risklər çoxdur. Nəzərə alaq ki, ən təhlükəli canlı itirməyə heç nəyi qalmayan və ən son ümidini itirmiş canlıdır. Nəzərə alaq ki, Yaxın Şərq barıt çəlləyidir. Nəzərə alaq ki, böyük güclər arasında ciddi fikir ayrılıqları mövcuddur. Nəzərə alaq ki…. nəzərə alınmalı amillər çoxdur. Bu səbəbdən nəinki deyilən hər söz, yazılan hər cümlənin, hətta cümlələrdə işlənən nöqtə və vergülün, sözün deyiliş tərzinin xüsusi önəmi var.
