İran məsələsinə qardaş Türkiyədə bizimlə müqayisədə fərqli münasibətlərin sərgilənməsinin səbəbini hardasa yaxın tarixdə də axtarmaq lazımdır.
Son üç yüz ildə hər iki ölkə yaxşı pis keçiniblər. Ötən iki əsrdə Anadolu türklərinin regiondakı hegemon mövqeyinə məhz ingilislərin son verdiyini də unutmamalıyıq. Yəni Türkiyə ictimai fikrində bizdən fərqli olaraq potensial düşmən kimi Rusiya və süubiyə İranı deyil, dünya imperializminin qərbdəki təmsilçiləri, eləcə də Osmanlı torpaqları hesabına məntəqədə təsis edilən İsraildir. Halbuki İsraillə Azərbaycan arasındakı strateji partnyorluq inkaredilməz faktdır. Yəni Ankara ilə münasibətlər “Bir millət, iki dövlət” müstəvisində qurulsa da, məhz İsrailə münasibət məsələsində fikirlərin toqquşması göz önündədir.
Başqa tərəfdən Azərbaycanın ötən iki yüzillikdə, hətta günümüzədək Rusiyadan çəkdiyi zülmlər saya gəlməz. Türkiyə üçün Rusiya ilə sərt münasibətlərin tarixi ən son İkinci dünya savaşından dərhal sonra, Stalin dönəminə qayıdır. Bir sözlə, Rusiya Azərbaycan üçün nə qədər dəhşətli “yaratıq”dırsa, bunu Türkiyə üçün də keçərli hesab etmək olmaz.
Keçək İran məsələsinə.
Son yüz ildə İranda soydaşlarımıza, xüsusilə milli kimliyimizə qarşı münasibət heç bir məntiqlə izah ediləsi deyil. Özü də bu diskriminasiya Pəhləvilərin süqutundan sonra da davam etmişdir. İnqilabın əvvəllərində milli varlığımıza, dilimiz və mədəniyyətimizə qarşı müəyyən yumşalma hiss edilsə də, bu proses qısa müddət sonra dayandı. Azərbaycan müstəqilliyə qovuşandan sonra isə zaman zaman bizə qarşı İrandan səslənən bəyanatların sayını şəxsən itirmişəm.
Amma vaxtilə yazılarımın birində bu bəyanatların bəzilərinə işarə etmişdim.
“Yaxın tarixə qısa ekskurs edək. 1992-ci ildə Afinada İran, Yunanısstan və Ermənistan Xİ nazirlərinin görüşündə İran Xİ naziri Əli Əkbər Vilayəti ”Biz əl-ələ verib bölgədə türkləri sıxışdırmalıyıq. Əks halda İrandakı Azərbaycan türkləri də İrandan ayrılıb müstəqil dövlət quracaqlar. O zaman Ermənistanın farslarla sərhədi olmayacaq və üç tərəfdən türklərin mühasirəsinə düşəcək”-deyə çıxış etmişdi. Maraqlıdır ki, vaxtilə bu haqda məhz Tehranda ermənicə çıxan Araks dərgisi geniş bir yazı da dərc etmişdi.
İranda paniranizmin, türk düşmənliyinin kökləri Firdovsiyə, batinilərə,ismaililərə qədər gedib çatır. Amma bu necə bir ideoloji əsasdır ki, günümüzün İslam Respublikasınin dini-siyasi xadimlərini belə müqəddəs Quranın da yasaq etdiyi bir əmələ – müsəlman və möminlər arasında ədavət, nifrət, düşmənçilik yaratmağa vadar edir. Hətta Hucurat surəsinin 10-cu ayəsində bu haqda “ …qardaşlarınızın arasında bağış sağlayın və Allahdan qorxun ümid ki, Allahın rəhmətinə gələsiniz”- deyə ilahi göstəriş də var. İslamın gəlişilə çökən Sasani şahlığının nisgilini min üç yüz il yaşayan şüubiyyə mənsubları Pəhləvilərin İran şahlığını qəsb etməsindən dərhal sonra anti-türk düşüncəni strategiya şəklinə saldılar və nə yazıq ki, həmin nəhs tendensiya İslam İranında da davam etdi. Və təsadüfi deyil ki, İslami İranda illərdir həmin şüubiyyə düşüncəsinin başında məhz Əli Əkbər Vilayəti dayanmışdır. O bəzən neosəfəvizmin banisi kimi də zühur edər. Çünki farslar Sasanilərdən Səfəvilərədək olan dönəmi “fətrət”, ya boşluq dövrü də adlandırarlar. Hərçənd bu özü də bir başqa müzakirə və mübahisə mövzusudur. Amma dəyişməyən bir gerçək var – ixtisasca həkim olsa da İranda anti-türk paradiqmanın başında duran Vilayəti uzun illlər ölkənin xarici siyasətinə də rəhbərlik edib. Sonralar İnqilab Rəhbərinin beynəlxalq əlaqələr üzrə müşaviri də olan Vilayətinin bu bəyanatı daçox diqqətçəkəndir:” İranın Azərbaycan ostanlarına sərmayə yatırtmaq olmaz. Çünki gec-tez ayrılmaq istəyəcəklər”.
16 il İran İslam Respublikasının baş diplomatı kimi çalışmış, əslində İslam Respublikasının diplomatiya məktəbini formalaşdırmış bu şəxsin 1994-cü ildə səsləndirdiyi “Ermənilərlə bizi tarixi köklər birləşdirir” bəyanatı da həmin prizmadan dəyərəndirilməlidir. Təəssüflər olsun ki, İran İslam Respublikasındakı bu erməni sevgisi və ona paralel Azərbaycan-Türk düşmənliyi kimi həm islama, həm də bəşəri dəyərlərə zidd, zərərli və zəhərli düşüncə bir tək Vilayəti ilə də məhdudlaşmadı.
Xatəmi dönəminin aparıcı siyasi siması, hal hazırda xaricdə İran müxalifətinin tanınmış simalarından sayılan Əkbər Gəncinin 90-cı illərin əvvəllərində “İranın şimalında Azərbaycan adlı bir dövlətin varlı bizim təhlükəsizliyimizi hədələyir” kimi nigarançılığı, İnqilab Rəhbərinin Şərqi Azərbaycan üzrə nümayəndəsi Ayətullah Müctəhid Şəbüstərinin “ Azərbaycan Respublikası Şimali İrandır” ( Misaq qəzeti, 2010) açıqlaması, İran Silahlı Qüvvələri Baş qərargah rəisi Həsən Firuzabadinin 2012-ci ildə “Azərbaycan Respublikası İranın tarixi ərazisidir və hər zaman ərazi iddiası irəli sürə bilərik” bəyanatı,
2015-ci ildə İran İslami Təbliğat Təşkilatının sədri Ayətullah Əxgərinin “Ermənilərlə iranlılar eyni kökdəndirlər” kimi bir din xadiminə adekvat olmayan mövqeyi, 2019-cu il İİR prezidenti Həsən Ruhaninin “Azərbaycan Respublikası İranın tarixi ərazisidir”- qonşuluq prinsirplərinə zidd bəyanatı məhz həmin siyasətin tərkib hissələri kimi və həmin kontekstdə dəyərləndirilə bilər”.
Əlbəttə bu siyahını yenə uzaqmaq olar. Yəqin ki, qardaş Türkiyə üçün bu kimi bəyanatlar “Vız geliyor” effektində olsa da, yenicə müstəqillik əldə edən Azərbaycan üçün bu şəkildə hədələr ciddi xarakter daşıyırdı və təəssüf ki, bu tendensiya günümüzdə də davam etməkdədir.
Sözümün intəhası budur ki, İrana münasibətdə Azərbaycanda sərgilənən münasibətlərin tarixi və gerçək səbəbləri var ki, bəlkə də qardaş Türkiyə toplumu bizə qarşı bu sitəmlərdən xəbərsizdir. Amma 500 il dünyaya hökm oxumuş Osmanlının varisi olan qardaş ölkənin region proseslərindən, məntəqədə həyata keçirilən böyük oyunlardan nigarançılığı da əbəs deyil. Çünki 1-ci Dünya Savaşından sonra yaşananlar uzaq tarix sayılmaz. Nə yaxşı ki, o dönəmdə Türkiyə üçün, bu ölkəni qurtaran Qazı Mustafa Kamal Atatürk gerçəyi vardı. Ümid edirəm ki, regionda baş verən təbəddülatlar qardaş Türkiyənin varlığını hədəf almayacaq. Unutmamalıyıq ki, məhz Türkiyə Azərbaycanın əsas hərbi və siyasi qarantıdır.
Tanrım millətimizi, Türkiyəmizi, Azərbaycanımızı qorusun!
