Hesablamalara görə neftin qiymətinin hər 10 dollar artması Azərbaycanın ixrac gəlirlərini təxminən 3 milyard dollar, dövlət büdcəsinə daxilolmaları isə təxminən 1,5 milyard dollar artırır.
Qeyd edim ki, bu hesablamalar tam dəqiq rəqəm kimi qəbul edilməməlidir. Çünki burada yalnız xam neftin satışı deyil, kondensat və digər enerji məhsullarının qiymət dinamikası da nəzərə alınır və hesablamalar təxminən illik ixrac həcmlərinə əsaslanan analitik qiymətləndirmədir. Ona görə də bu yanaşmada müəyyən nisbi xəta var. Amma bu böyük olmadığından yuvarlaq olaraq belə götürülə bilər.
Digər bir məsələ isə bu rəqəmlərin illik ölçüdə hesablanmasıdır. Amma gəlin məsələyə bir az real tərəfdən baxaq. Neft qiymətləri bir il ərzində eyni səviyyədə qalmır və bugünkü yüksək qiymətin bütün il boyu davam edəcəyini düşünmək doğru olmaz.
Ona görə də vəziyyəti həftəlik ölçü ilə qiymətləndirmək daha real təsəvvür yaradar.
Hesablamanı yuxarıdakı illik səviyyədə götürərək hesablasaq, deməli, ki, neftin qiymətinin hər 10 dollar artması bir həftə ərzində Azərbaycanın ixrac gəlirlərini təxminən 58 milyon dollar, dövlət büdcəsinə daxilolmaları isə təxminən 29 milyon dollar artırır.
Əgər büdcə hesablamalarında nəzərdə tutulan qiymət 65 dollar, bazarda faktiki qiymət isə 95 dollar səviyyəsindədirsə, bu artıq 30 dollar fərq deməkdir. Bu fərqi həftəlik ölçü ilə hesabladıqda isə ortaya belə bir mənzərə çıxır: ölkənin ixrac gəlirləri həftədə təxminən 170–175 milyon dollar, dövlət büdcəsinə daxilolmalar isə təxminən 85–90 milyon dollar daha çox olur
Daha praktik anlaşılması üçün rəqəmləri bir az da xırdalayaq və 1 gündə 5 dollarlıq qiymət dəyişməsinin təsirinə baxaq. Bu halda görürük ki, neftin qiymətinin bir gündə 5 dollar artması Azərbaycanın ixrac gəlirlərini təxminən 20–22 milyon dollar, dövlət büdcəsinə daxilolmaları isə təxminən 10–11 milyon dollar artırır.
