DünyaMuharibə

Müharibə 5-ci ilə keçdi: Kremlin planları niyə baş tutmadı?

Rusiyanın Ukraynaya işğalçı hücumunun 4-cü ildönümü tamamlandı. Bu, sovet və Rusiya tarixşünaslığına “Böyük Vətən Müharibəsi” kimi keçən nasist Almaniyası ilə SSRİ arasındakı müharibənin (1941–1945) müddətindən çoxdur. Təkcə bu fakt, cəbhədə hərbi əməliyyatların gedişi haqqında dəqiq, ətraflı məlumata malik olmadan belə, Rusiyanın bu savaşda uğur qazanıb-qazanmadığı haqda rəy söyləməyə kifayət edir.

Əgər hərbi əməliyyatlar 5-ci ilə keçibsə, deməli, işlər hücum edən tərəf üçün yaxşı getmir və o, ciddi müqavimətlə üzləşib.

Şübhə yoxdur ki, Putin 4 il əvvəl Ukraynaya hücum əmri verərkən müharibənin bu qədər sürəcəyini düşünməmişdi. Planlaşdırma da bu yöndə deyildi və Rusiya Silahlı Qüvvələrinin bütün komponentləri (quru, hava, dəniz) cəlb edilsə də, uzunmüddətli olmayacaq “xüsusi hərbi əməliyyat” kimi nəzərdə tutulmuşdu. Elə ilk saatlardan – fevralın 24-də səhərə yaxın həm qurudan, həm havadan bir neçə istiqamət üzrə Kiyevə doğru hərəkət edilməsi və şəhər ətrafındakı Qostomel aerodromuna desant endirilməsi onu göstərirdi ki, məqsəd çox qısa müddətdə paytaxtı ələ keçirib məsələni bitirməkdir. Kiyev itirildikdən sonra Ukrayna ordusunun müqaviməti davam etsə belə, mərkəzi dövlət hakimiyyəti olmadan bu müqavimət davamlı, planlı və mütəşəkkil ola bilməzdi. Lakin Rusiya “blitskriq”ə nail ola bilmədi və planlar pozulmağa başladı…

Rusiya son 4 ildə Ukrayna ərazilərinin 12%-ni (ümumilikdə 2014-cü ildən bəri 19,5%-ə yaxınını) işğal edə bilsə də, qarşısına qoyduğu siyasi məqsədlərə nail ola bilməyib və bundan sonrakı mərhələdə nail olması da çox çətin vəzifə kimi görünür.

Putin Ukraynaya qarşı işğalçı müharibənin məqsədlərini iki terminlə ümumiləşdirmişdi: denasifikasiya və demilitarizasiya.

Denasifikasiya siyasi mənası çox geniş olan anlayışdır. Məlumdur ki, denasifikasiya prosesi 1945-ci ildən sonra qaliblər tərəfindən Almaniya cəmiyyətinin, siyasətinin, mədəniyyətinin, iqtisadiyyatının – bir sözlə, bütün sahələrin nasizmin təsirlərindən və təzahürlərindən təmizlənməsi məqsədilə aparılmış prosesdir.

Putin rejimi Ukrayna hakimiyyətini və ümumilikdə Ukraynada rusiyayönümlü olmayan bütün milli qüvvələri nasist və nasist ideologiyasının daşıyıcıları elan etməklə daxildə öz cəmiyyətini bu müharibəyə səfərbər etmək, beynəlxalq miqyasda isə işğala legitimlik qazandırmaq istəyirdi. Məqsəd Kiyevi işğal etdikdən sonra orada Moskvaya bağlı marionet rejim quraraq 2-ci Dünya müharibəsindən sonra Almaniyada həyata keçirilmiş tədbirləri Ukraynada təkrarlamaq idi.

Putin 2021-ci ilin iyulunda Kremlin saytında dərc olunmuş məqaləsində tarixən Ukrayna dövlətinin və xalqının mövcud olmadığını əsaslandırmağa çalışaraq indiki Ukraynanın rus torpaqlarında yaradıldığını və tamamilə bolşeviklərin məhsulu olduğunu bildirmişdi. Rusiyanın dövlət informasiya agentliyi “RİA Novosti”-nin saytında dərc olunmuş 2022-ci il 4 aprel tarixli məşhur yazı Moskvanın gerçək niyyətini daha açıq və bütün çılpaqlığı ilə ortaya qoyurdu. “Rusiya Ukrayna ilə nə etməlidir?” başlıqlı bu yazının müəllifi Timofey Sergeytsev sonradan Qərb dövlətlərinin sanksiya siyahısına daxil edildi. T.Sergeytsev yazırdı ki, təkcə Ukrayna rəhbərliyi və siyasətçiləri deyil, Ukrayna xalqının əksəriyyəti də nasist, yaxud nasizmlə əməkdaşlıq edən kütlədir və onları islah etmək, eləcə də Ukrayna siyasətində, təhsilində, mədəniyyət sahəsində ideoloji repressiyalar aparmaq lazımdır. Yazıda bildirilirdi ki, denasifikasiya deukrainizasiya (ukraynasızlaşdırma) ilə nəticələnməli və ümumiyyətlə, Ukrayna adında suveren dövlət qalmamalıdır. Rusiya Təhlükəsizlik Şurasının katibi, keçmiş prezident Dmitri Medvedev isə “azad edilmiş” ərazilərdə Ukrayna ordusunu və hakimiyyətini gözləyən insanlar olduğu haqda suala cavabında demişdi ki, həmin insanları Sibirə, islah-əmək düşərgələrinə göndərmək lazımdır.

Bu misalların sayını artırmaq da olar. Rusiya rəsmilərinin, siyasətçilərinin, rəsmi media nümayəndələrinin oxşar çıxışları və yazıları o qədər çoxdur ki, əlavə suallara yer qalmır. Bütün bunlara istinadən əminliklə vurğulamaq mümkündür ki, Rusiya Ukraynada genosidin bir forması olan etnosid planlaşdırırdı. Yəni təkcə Ukraynanı öz təsir sferasına qaytarmaqla kifayətlənməyərək, Ukrayna milli identikliyini (Moskvanın nöqteyi-nəzərindən millətçiliyin, banderaçılığın təzahürlərini) ortadan qaldırmağı da hədəfləyirdi.

Demilitarizasiya isə Ukraynanın hərbi gücünün, o cümlədən ordunun say tərkibinin ciddi şəkildə azaldılmasını, Silahlı Qüvvələrin hərbi texnika ilə təchizatının, eləcə də Ukrayna hərbi-sənaye kompleksinin işinin məhdudlaşdırılmasını nəzərdə tuturdu. Bu, ona görə planlaşdırılırdı ki, Kiyevdə formalaşdırılacaq kukla rejim gələcəkdə davam gətirməyib yeni bir Maydan hərəkatı ilə devrilsə, Ukraynaya rahatlıqla, ciddi müqavimətlə qarşılaşmadan ordu yeritmək mümkün olsun.

Bu planların heç biri baş tutmadı və bundan sonra baş tutması ehtimalı da çox aşağıdır. Çünki demilitarizasiyası nəzərdə tutulan ölkə hazırda dünyanın ən militarist dövlətlərindən birinə çevrilib. Ukrayna ordusu döyüş qabiliyyəti və təcrübəsi baxımından dünyanın ən güclü ordularından biridir. Ukrayna hərbi-sənaye kompleksi sürətlə dirçəlir və hazırda ən müasir silah-sursat, hərbi texnika növləri, raketlər, hava və su dronları istehsal edir.

Cəbhə xəttindəki vəziyyət də Rusiya üçün ümidverici deyil. Rusiya ordusu 2025-ci ildə fasiləsiz, genişmiqyaslı hücum əməliyyatları həyata keçirsə də, Ukrayna ərazisinin cəmi 0,72%-ni ələ keçirə bilib. Ötən il ilk dəfə olaraq Rusiyanın itkiləri səfərbər etdiyi əsgərlərin sayından çox olub. Belə ki, orduya müqavilə və çağırış əsasında 406 min nəfər cəlb edildiyi halda, ölü və yaralıların sayı 418 min nəfər təşkil edib. Dron texnologiyalarının fasiləsiz təkmilləşdirilməsi və hər iki tərəfin əlində çoxlu sayda ucuz FPV dronların olması yeni bir reallıq yaradıb: iri qoşun qruplaşmalarını gizlicə toplayıb qəfil hücumla cəbhəni yarmaq artıq qeyri-mümkündür. Bu səbəbdən hücum əməliyyatları çox vaxt zirehli texnika olmadan, kiçik piyada qrupları vasitəsilə həyata keçirilir. Bu isə canlı qüvvə itkisini (xüsusən daha çox hücum edən Rusiya ordusunda) xeyli artırır.

Əgər sülh razılaşması əldə olunmasa, bahar-yay aylarında hərbi əməliyyatların intensivliyi arta bilər. Rusiya hazırda 1 kvadrat kilometr ərazi ələ keçirmək üçün 156 əsgər qurban verir. Ukrayna müdafiə naziri yaxın vaxtlarda bu rəqəmi 200-ə yüksəldərək qarşı tərəfin müharibəni davam etdirmək həvəsini və imkanlarını daha da azaldacaqlarını bildirib. Əslində, tam və qəti qələbə ehtimalı olmadığını Putinin dərk etməməsi mümkün deyil. O, heç olmasa, Donbasın Ukraynanın nəzarətindəki hissəsini də ya sülh, ya hərb yolu ilə əldə edərək bunu daxili ictimaiyyətə qələbə kimi təqdim etmək istəyir. Amma son iki həftədə Ukrayna ordusunun cəbhənin cənubunda (Dnepr–Zaporojye) lokal əks-hücum əməliyyatları keçirərək təxminən 400 kv. km ərazini azad etməsi də göstərir ki, Rusiyanın müharibəni uğurla davam etdirmək imkanları getdikcə tükənir. (ToplumTV)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Azərbaycanlı tələbənin ölüm xəbəri yalandır – Müəllim paylaşımı sildi

redaktor

Rusiya son anda şoka salacaq, təxribat olacaq – M. Saakaşvili

admin

Zaporojye AES-də atəş səsləri: MAQATE-dən HƏYƏCAN SİQNALI

redaktor