Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinin “adi insanlar kimi yaşamadığını” və hakimiyyətsiz həyatı təsəvvür edə bilmədiyini bildirib.
O, Rusiya liderinin reallıq barədə canlı insanlarla deyil, fəthlər barədə “Böyük Pyotr və Yekaterina ilə məsləhətləşdiyini” söylədi və soruşdu: Putini müharibəsiz təsəvvür etmək mümkündürmü?
Təhlükəsizlik zəmanətlərindən danışan Zelenski qeyd edib ki, əgər Putin daha 10 il hakimiyyətdə qalarsa, ordusu yenidən qurulacaq və müharibə yenidən başlaya bilər.
Zelenski vurğulayıb ki, Ukrayna artıq ABŞ və Avropa tərəfdaşları ilə təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmalar hazırlayıb və bunlar gələcək sülh razılaşmaları üçün əsas təşkil etməlidir.
“ABŞ və Avropa ilə imzalanmağa hazır güclü müqavilələrimiz var. Və biz inanırıq ki, müharibəyə son qoymaq üçün hər hansı bir razılaşmadan əvvəl təhlükəsizlik zəmanətləri haqqında bir razılaşma olmalıdır. Zəmanətlər əsas suala cavab verəcək: müharibə nə qədər davam edəcək? Və ümid edirik ki, Prezident Tramp bizi eşidəcək”, – deyə Zelenski bildirib.
