Neçə müddətdir, Azərbaycan sosial şəbəkələri, media resurslarında artıq, regionlar arası qovğa yarada bilən ictimai xadim-jurnalist, qaçqın-yerli və ya jurnalist-müğənni mübahisələri gedir. Bəli, əsas problem də odur ki, bu mübahisələr region on-yüz min insanlarını gətirib, üz-üzə qoya bilir!
Heç də yaxşı əlamət deyil bu, xalqın birliyini və onilliklərlə yaranmış gözəl, yaxın münasibətləri pozma halına gətirə bilən. Ölkəni ümumi geriyə sala bilən. Özü də ki, ortada elə bir ciddi səbəb də yox. Və əsas da, kiçik mübahisələrin üstünə benzin töküb alovlandıran tv kanallar, mediadır.
Nəticədə nə qədər ölkə vətəndaşı stress, əsəb zərbəsi alır, əl-ayağı hər şeydən soyuyur, işdən- gücdən qalır. Eyni millət, soydan olan insanlar bir-birinə kəc baxır. Kimə lazımlıdır, ölkə daxili bu ictimai qalmaqal, gərginlik, ziddiyyət? Niyə barışığa deyil, qızışdırıcı yayımlara “xod” verilir?
Hanı, bunun qarşısını alacaq, hüquq-mühafizə sistemi? Hanı KİV-lərə nəzarət edən qurumlar? Hanı ölkə miqyaslı ictimai qurumlar? Yazıçılar İttifaqı, Jurnalistlər İttifaqı, Dini Lider ağsaqqal, Milli Məclis, deputatlar, müvafiq QHT-lər? Hanı? Hamısı ağzına su alıb susur, şellənməyindədir!
Bir vaxt deyirdik, xaricdən təsirlə xalqı bölürlər. İndi bu nədir? Buraxmaçılıq, yiyəsizlikdir, nədir?
