ABŞ-da yaşayan Murad Quliyev Azərbaycanda mövcud olan repressiv rejimin qatı əleyhdarlarından biri kimi tanınıb.Bu istiqamətdə fəal çalışdığına gorə Murad Quliyevi Azərbaycandakı antidemokratik rejim qiyabi həbsə məhkum edib.
Murad Quliyevin keçmiş nazir olan atası oğlunun müdafiədinə qalxıb və bu barədə mövqeyini açıq şəkildə özünün fb səhifəsində yazıb.
MƏN OĞLUMLA FƏXR EDİRƏM!
Muradı, Azərbaycanda insan hüquqlarının və vətəndaş azadlıqlarının kobud şəkildə pozulmasına qarşı, hakim zümrənin ölkəni avtoritarizmin və korrupsiyanın bataqlığına çevirdiyinə qarşı, insanları azad sözə və fikirlərinə görə şərləyib azadlıqdan məhrum etdiyinə qarşı mübarizə apardığı üçün, milyonlarla işsiz və yoxsulluq həddində yaşayan vətəndaşların haqlarını tələb etdiyi üçün, davam edən ədalətsizliklərə və zülmə üsyan etdiyi üçün qanunsuz mühakimə ediblər.
Azərbaycan xalqının hakimiyyətini oğurlamış və milli sərvətlərini mənimsəməklə şah həyatı sürən cinayətkar bir zümrədən başqa “ədalət” gözləməyə dəyməz.
Başdan-ayağa qeyri-legitim, cinayətkar olan bir diktatura Muradın haqqın və ədalətin uğrunda mübarizəsini təbii ki, həzm edə bilməzdi.
Hakimiyyətini və milli sərvətlərini oğurlayanlara, insan azadlıqlarını və vətəndaş hüquqlarını tapdayanlara; ədalətini, təhsilini, elmini, iqtisadiyyatını, rifahını acınacaqlı günə salanlara qarşı üsyan etmək sənin hüququndur, Azərbaycan!
Azərbaycanın Ali Qanununda, Konstitusiyada, hətta “Ümümdünya İnsan Hüquqları Bəyannaməsində” təsbit edilmiş haqqındır, Azərbaycan xalqı!
Oğlum Murada və onun kimi yüzlərlə günahsız oğul və qızlarımıza qarşı qeyri-legitim, avtoritar, korrupsioner bir hakimiyyətin sifarişi ilə həmin hakimiyyətin burnundan düşmüş “məhkəmənin” qondarma qərarı hakim klanın sonuna aparan təlaşın, aqoniyanın növbəti bir əlamətidir.
Ədalət(qanunun aliliyi) bir gün zalımın və zülmün də qapısını döyür və mütləq döyəcəkdir.
Rəbbim Azərbaycanı qorusun!
