1 C
Bakı
06 Fevral 2026 00:15
DünyaGündəmSiyasət

İfşa siyasəti: niyə iqtidarı yox, cəmiyyəti çökdürür?

İqtidar da, radikal müxalifət də eyni üsula əl atanda, siyasət ideyalar mübarizəsi olmaqdan çıxır, kompromat bazarına çevrilir.

Azərbaycanda siyasət getdikcə ideyalar, proqramlar və alternativ modellər üzərindən deyil, ifşa üzərindən aparılır. Bu, yeni tendensiya deyil. Amma bu gün ilk dəfə olaraq açıq şəkildə pulla işləyən, bazara çevrilmiş ifşa mexanizmi ilə üz-üzəyik. Fərq yalnız hədəflərdədir. Metod isə eynidir. Və məhz bu metod Azərbaycanı siyasi yox, əxlaqi böhrana aparır.

İfşa siyasəti zahirdə güclü görünür. Çünki emosiyaya toxunur, sürətlə yayılır, qısa müddətdə sarsıntı yaradır. Amma uzunmüddətli nəticəsi həmişə eyni olur: cəmiyyət aşınır, siyasət ucuzlaşır, dövlət isə daha kövrək hala gəlir. Tarix göstərir ki, bu üsul heç vaxt hakimiyyəti dəyişməyib, amma çox vaxt cəmiyyətləri çökdürüb.

Mən illərdir eyni şeyi deyirəm: iqtidar Qərbdə yaşayan tənqidçilərlə, bloqerlərlə, müxalif səslərlə dil tapmalıdır, onları qorxutmaq yox, anlamağa çalışmalıdır. Çünki Qərbdə yaşayan tənqidçi artıq yerli inzibati mexanizmlərin təsirindən kənardadır. Ona qarşı Bakıda qiyabi məhkəmə keçirmək, 10–15 il həbs hökmü oxumaq nə hüquqi nəticə verir, nə də siyasi üstünlük yaradır. Əksinə, bu addımlar həmin fiqurları daha radikal, daha aqressiv və daha nəzarətsiz edir.

Bugünkü mənzərə absurddur. İqtidar Qərbdəki tənqidçilərinə qarşı hədələyici ritorika qurur, müxalifət isə iqtidarı küçə söyüşləri, təhqir və barmaq silkələmə dili ilə hədəfə alır. Bu, dialoq deyil. Bu, iki tərəfin də bir-birini təhlükəsizlik riski kimi görməsidir. Belə mühitdə isə nə konsensus yaranır, nə sabitlik.

Mehman Hüseynov ətrafında yaranan son qalmaqal bu yanlış yolun nə qədər təhlükəli olduğunu bir daha göstərdi. Mehman Hüseynov dövlət deyil, sistem deyil, institut deyil. O, tanınmış bir bloqerdir. Amma ifşa mexanizmi elə qurulub ki, belə fiqurlar istər-istəməz böyük siyasi proseslərin mərkəzinə düşür. Ən təhlükəli məqam da budur. Çünki bu cür mexanizmlər xarici aktorlar üçün son dərəcə əlverişlidir. Pulu olan, texniki imkanı olan istənilən kəşfiyyat strukturu bu bazardan rahatlıqla istifadə edə bilər. Saxta material, montaj, yarımçıq fakt və ya kontekstdən qoparılmış görüntü ilə cəmiyyətdə ciddi sarsıntı yaratmaq mümkündür.

Bu nöqtədə xüsusilə ehtiyatlı olmaq lazımdır. Çünki artıq müxtəlif şayiələr dolaşır. Guya bu qalmaqal hansısa daxili güc mərkəzlərinin qarşıdurmasının nəticəsidir. Müxtəlif adlar çəkilir. Bu qalmaqal son vaxtlarda vurulmuş xüsusi çəkiyə malik siyasi fiqurların Mehriban Əliyevadan intiqam almaq cəhdi kimi dəyərləndirilir. Konkret adlar çəkilir, konkret ssenarilər qurulur. Mən çox dərinə getməyəcəm. Çünki dərinə getsəm mən də prosesin bir hissəsinə çevrilərəm. Amma burada əsas məsələ kimin nə etdiyi yox, belə iddiaların ümumiyyətlə mümkün olmasıdır. Bu o deməkdir ki, sistem özü ifşa üzərindən işləməyə o qədər alışıb ki, cəmiyyət artıq hər şeyə bu prizmadan baxır. Bu isə son dərəcə təhlükəli vəziyyətdir.

Tarixə baxaq. Hansı ölkədə birinci ailənin daxili qalmaqalları iqtidarı yıxıb? Demək olar ki, heç yerdə. ABŞ (Clinton–Lewinsky), Fransa (Sarkozi ailə qalmaqalları), İtaliya (Berlusconi), Rusiya (Putin ailəsi ilə bağlı saysız iddialar), Misir (Mübarək ailəsi), Səudiyyə Ərəbistanı (şahzadələr qalmaqalları)…

İqtisadi kollaps (SSRİ, Argentina, Venezuela), Müharibə məğlubiyyəti (Çar Rusiyası 1917), Elita parçalanması (İran 1979), Xalqla struktur bağların qopması (Ərəb Baharını yada salmaq yetər…). Yəni şəxsi skandal iqtidarı dəyişmir, struktur böhran isə iqtidarı bitirir.

ABŞ-da prezident ailələri ilə bağlı saysız skandallar olub. Fransada, İtaliyada, Rusiyada, Yaxın Şərq monarxiyalarında eyni mənzərə yaşanıb. Ancaq dediyim kimi, hakimiyyətlər ailə skandalına görə yox, iqtisadi böhran, müharibə məğlubiyyəti, elita parçalanması və ya xalqla struktur bağların qopması səbəbilə çöküb. Şəxsi həyat üzərindən qurulan hücumlar sistemi sarsıtmır, sadəcə cəmiyyəti zəhərləyir.

Bu gün Azərbaycanda da risk buradadır. İfşa siyasəti iqtidarı devirməyəcək. Amma cəmiyyətdə dərin etimadsızlıq, ümumi əxlaqi tənəzzül və “hamı çirkab içindədir” düşüncəsi yaradacaq. Bu isə dövlət üçün ən təhlükəli vəziyyətdir. Çünki iqtidarla xalq arasında etibar itəndə nə idarəedici orqanlar işləyir, nə qanun, nə də siyasi legitimlik.

Çıxış yolu var. O da konsensusdur. Qorxutmaq yox, danışmaq. Susdurmaq yox, dinləmək. Qərbdə yaşayan tənqidçiləri düşmən yox, problemli tərəfdaş kimi görmək. Müxalifətin də anlaması lazımdır ki, ifşa ilə yox, ideya ilə qalib gəlmək olar. Əks halda hər iki tərəf uduzacaq. Qazanan isə xaos olacaq.

İfşa siyasəti qısa müddətdə səs-küy yaradır. Amma iqtidarları yox, cəmiyyətləri çökdürür. Azərbaycan bu tələdən vaxtında çıxmasa, problem təkcə iqtidarın və ya müxalifətin problemi olmayacaq. Bu, hamımızın problemi olacaq.

Sonra deməyin ki, demədin. Mən dedim, üzərimə düşəni etdim, ancaq siz eşitdinizmi?

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

“Şöbə müdiri keçməyim üçün 20 min manat verdim” – Səlim Müslümovun işçisi

redaktor

Ermənistan elektrik şəbəkələrini Rusiyanın inhisarından çıxarmaq üçün hərəkətə keçdi…

admin

Putin xəyanət ittihamına gülə-gülə “inək” məsəli ilə cavab verdi – VİDEO

redaktor