“Müdafiə Xətti” insan haqlarını müdafiə təşkilatının icraçı direktoru, 1 il 2 aydır həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərov deyir ki, atası Eldar Sabiroğlu bu hakimiyyətin qurucularından biri olsa da, özü atasının mövqeyi ilə razılaşmayıb. Bəyanat verməklə prokurorluğun müstəntiqi vəzifəsindən istefası da ölkədəki insan hüquq və azadlıqlarının boğulmasına etirazından qaynaqlanıb.
“Onları dəli eləyən budur ki, necə ola bilər, hakimiyyətin qurulmasında birbaşa xidmətləri olan bir insanın övladı asi çıxır, etiraz edir? Bunu mənə bağışlamadılar. On il ərzində dəfələrlə həbs elədilər, özümün, ailə üzvlərimin başına elə iyrənc işlər gətirdilər… Açığı, mən bu qədərini gözləmirdim”, – R.Səfərov yanvarın 26-da öz məhkəməsində bunları deyib.
Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
R.Səfərovun atası Eldar Sabiroğlu keçmiş deputatdır, 2007-2013-cü illərdə Müdafiə Nazirliyi Mətbuat xidmətinin rəhbəri də olub.
Hüquq müdafiəçisi vurğulayıb ki, 2015-ci ildə prokurorluğun müstəntiqi vəzifəsindən istefa verəndən sonra müxtəlif təzyiqlərlə üzləşsə də, heç nəyə görə peşman deyil: “Bu gün biz tiranlığın içindəyik. Bəlkə də sadəlöhvcə görünər, böyük bir tiranlıqda Rüfət təkbaşına hüquq mübarizəsi aparır. Olsun. Əminəm ki, günün birində haqq qələbə çalacaq”.
Yanvarın 26-da məhkəmədə zərərçəkmiş qismində tanınan Natiq İmanquliyev R.Səfərovun vəkillərinin suallarını cavablandırıb.
İddia olunur ki, N.İmanquliyev torpaq sahəsi almaq məqsədilə R.Səfərova 60 min manat versə də, ona nə torpaq satılıb, nə də pulu geri qaytarılıb. Bu üzdən, 2024-cü il dekabrın 3-də Rüfətdən pulunun geri qaytarılmasını tələb edəndə, aralarında dava olub, xəsarət alıb.
Vəkilin sualına cavab verərkən N.İmanquliyev iddia edib ki, R.Səfərov ona xəsarət yetirib. Müdafiəçi xatırladıb ki, əgər Rüfət onu vurubsa, bu qədər xəsarət yetiribsə, nə əcəb özünün əlində heç bir iz qalmayıb? Zərərçəkmiş bu suala cavab verə bilməyib.
N.İmanquliyev vəkilin suallarına cavab olaraq, onu da deyib ki, xəstəxanada müayinədən keçməyib. Vəkil Elçin Sadıqov hakimlərin nəzərinə çatdırıb ki, şəxs tibbi müayinədən keçmədiyini bildirdiyi halda, onunla bağlı tibbi rəy hazırlanıb.
Müdafiə tərəfinin zərərçəkmişə pulun mənbəyi barədə sual verməsi isə məhkəmə prosesində qalmaqal doğurub.
“Deyirsiniz ki, əvvəl 60 min manat verib torpaq sahəsi almısınız. Dediyinizə görə, sonra yenə də torpaq almaq üçün Rüfət Səfərova daha 60 min vermisiniz. Fəhlə adamsınız, qısa müddətdə 120 min manat sizdə hardan idi?”, – vəkil Rövşanə Rəhimli zərərçəkmişdən bu sualı soruşub.
Prokuror baxılan cinayət işinə aidiyyəti olmadığını əsas gətirərək, sualın çıxarılmasını istəyib.
R.Səfərov buna etiraz edincə, prokuror sualın qanunsuz olduğunu söyləyib.
“Qanunsuzluq bilirsiniz nədir? Qanunsuzluq təqsirsiz adamı həbs eləməkdir. Qanunsuzluq saxta ittihamı müdafiə eləməkdir. Özünüz də yaxşı bilirsiniz ki, onun nəinki 120 mini, heç 120 manatı yoxdur. Mənə nəinki pul verməyib, məni heç görməyib. Yenə də bu ittihamı müdafiə eləməyi özünüzə sığışdırırsınız”, – R.Səfərovun prokuror Vüsal Mehrəliyevə dediyi sözlərdir.
Beləcə, məhkəmə prosesi yarımçıq dayandırılıb. (AzadlıqRadiaosu)
