“Lukoil”un qlobal aktivləri üçün əsas namizədlər məlum olub.
ABŞ-ın tətbiq etdiyi sanksiyalar fonunda “Lukoil”un qlobal aktivlərinin satışı üçün son tarix yaxınlaşır. Reuters-in mənbələrə istinadən yaydığı məlumata görə, əsas namizədlər arasında özəl investisiya nəhəngi “Carlyle Group”, “Chevron və
Quantum Capital Group”dan ibarət tərəfdaşlıq, həmçinin BƏƏ-də yerləşən “International Holding Company” yer alır.
ABŞ oktyabr ayında “Lukoil” və “Rosneft”ə sanksiya tətbiq edib və “Lukoil”a qlobal aktivlərini 17 yanvar tarixinədək satmaq üçün möhlət verib. Təxminən 22 milyard dollar dəyərində qiymətləndirilən portfelə İraq, Azərbaycan və Qazaxıstandakı neft yataqları, eləcə də Avropa və ABŞ-da emal zavodları və yanacaqdoldurma şəbəkələri daxildir.
Sanksiyalar səbəbindən şirkətin fəaliyyəti çətinləşib, İraq isə “Lukoil”un ən böyük yataqlarından biri olan “West Qurna 2″ni milliləşdirib. Razılaşma əldə olunacağı təqdirdə, sövdələşmə “U.S. Department of the Treasury Office of Foreign Assets Control (OFAC)” tərəfindən təsdiqlənməlidir. Məlumata görə, ABŞ Maliyyə Nazirliyi indiyədək “Lukoil”la bağlı iki mümkün sövdələşməni bloklayıb.
Şirkətlər mövzu ilə bağlı şərh verməkdən imtina ediblər. (Valyuta.az)
