İran şahlığına iddia edən Rza Pəhləvi öz aləmində zadəgan soy-kökünü əsaslanıb bu eşqə düşüb. Halbuki, onu və atalarını İran xalqı qarşısında dili gödək edən ən çatışmayan tərəfi soylu bir ailədən gəlməməsi olub.
Bildiyimiz kimi, Rza Pəhləvinin babası Rza şah 1925-ci ildə ingilislərin köməyi ilə Qacar xanədanlığını devirib indiki İranın başına keçmişdi. Amma bütün hakimiyyəti dövründə ən çox əziyyət çəkdiyi məsələ İran xalqı tərəfindən legitim şah kimi tanınmaması olmuşdu. Bunun səbəbi isə İranın Türk xanədanlıq qaydaları ilə idarə edilməsi idi. Türk törəsinə görə isə əsli-kökü Alpər Tonqaya (Mete) və ya Çingiz xana bağlanmayan heç kim xaqan (şah) ola bilməzdi. Məhz bu səbəbdən də hakimiyyətə gəldikdən sonra fars milliyyətçiliyini ideoloji silahına çevirən Pəhləvi sülaləsini öz soy-kökünü e.ə E.ə. 558 — e.ə. 330-ci illərdə İran ərazisində hökmdarlıq etmiş Əhəmənilər xanədanlığına bağlamağa çalışırdı. Amma bu iddiaları da xalq tərəfindən ciddi qarşılanmırdı.
Təsadüfi deyildi ki, şahzadə Rzanın babası Rza xan öz sülaləsinin legitimlik məsələsini həll etmək üçün oğlu Rzanı Misir şahzadəsi Fevziyə xanımla evləndirmişdi. Evlənərkən 18 yaşını yenicə tamamlamış Fevziyə xanım bu mehtər tayfasının ona layiq olmadığını anladıqdan sonra boşanmağa qərar verdi və əri Rza şah hökmdar tacını başına qoyduqdan sonra ondan ayrılmağa qərar verdi. Uzun çək-çevirdən sonra o, nəhayət 1945-ci ildə İrandan qaçıb Misirə getdi. 1948-ci ildə isə öz arzusuna qovuşdu – Rza şahdan ayrıldı.
Qeyd edim ki, oğul Rza şahın hakimiyyətə gəlməsi də bir təsadüfə bağlı idi. İkinci dünya savaşında ata Rza Alman faşizminin yanında yer aldığı üçün 1941-ci ildə ingilislər və ruslar İranı işğal etmiş və onun arxasına bir təpik vurub öz ölkəsindən qovmuşdular, yerinə isə oğul Rzanı gətirmişdilər. Bu gün zadəgan söy-kükündən dəm vuran nəvə Rza unudur ki, babası taxt-tacından qovulduqdan sonra ingilislər onu Bəndər-Abbas limanında gəmiyə “yükləyib” (yəni mindirib) özləri ilə “obbalara” – Mavriki adasına apardılar. Rza Şah Hind okeanının bu kiçik adasında öyrəşmədiyi tropik iqlim səbəbindən xəstələndi. Çox xahiş-minnətdən sonra ingilislər onun Cənubi Afrikanın Yohannesburq şəhərində ömrünü başa vurmasına razılıq verdilər. Rza Şah 26 iyul 1944-cü ildə Yohannesburqda kimsəsiz vəziyyətdə vəfat etdi. Həkimlər onun ölüm səbəbinin həzm pozuntusu olduğunu açıqladılar. Başqa sözlə, Pəhləvi xanədanının əsasını qoyan baba Rza şah ömrünün sonlarında düz-əməlli yemək də yeyə və öz adını daşıyan varisi belə, mühacirətdə olduğu 3 il ərzində bir dəfə də atasını ziyarət edə bilmişdi. Buyurun bu da sizə Pəhləvi zadəganlığı.
Bəs, ömrünü Afrikanın ən uc nöqtəsində tamamlayan Rza şah niyə faşist Almaniyasını müdafiə edirdi?
Çox bəsit bir səbəbə görə. Onun Hitlerin tərəfində yer alması da əslində mənəvi legitimlik qazanmaq kompleksi ilə birbaşa əlaqəli idi. Məsələ burasındadır ki, Adolf Hitler arilərin üstün bir irq olduğunu iddia edirdi. Rza şah da farsların əcdadlarını arilərə aparıb çıxarır, fazişmdən ilham alaraq İranın incə damarlarına qədər işləmiş Türk törəsinin ali soy-kök nəzəriyyəsinə qarşı ari irq cəfəngiyyatını irəli sürürdü. Üstəlik, bu cəfəng nəzəriyyə ilə “tam müstəqil İran” arzularını gerçəkləşdirmək və ingilislərin boyunduruğundan qurtulmaq istəyirdi. Onun bu arzuları həyatını da məhv etdi. Belə ki, II Dünya savaşında Almaniyaya qarşı Rusiya ilə ittifaq quran Böyük Britaniya ona hərbi yardımları İran üzərindən çatdırmağa çalışırdı. Rza şah isə heyranlıq duyduğu Almaniyaya bu xəyanəti etmək istəmir və tərəfsizliyini bəhanə gətirirdi. Halbuki, o, Qacariyyə dövlətinin ən seçkin hərbi birləşməsinə komandanlıq etməsi, dolayısıyla Əhməd şah Qacarı devirmək platforması qazanmasını Rusiyaya, hakimiyyətə gəlməsini və taxtında möhkəmlənməsini isə ingilislərə borclu idi. Faktiki olaraq iki mühüm himayədarının əleyhinə faşist Almaniyasına sığınması özü-özlüyündə ən böyük xəyanət idi və bunun bədəlini çox ağır ödədi.
Onun yerinə gələn Rza Məhəmməd Pəhləvi də atası kimi legitimlik arayış içində qalmışdı. Soy-kökünü dəyişdirmək imkanı olmadığından çarəni zadəgan bir xanımla evlənməkdə görürdü. Yeri gəlmişkən, evlilik vasitəsilə zadəganlaşmaq da türk törəsinin İran siyasi iyerarxiyasına qazandırdığı bir təcrübə idi. Məlum olduğu kimi, böyük Türk komandanı Əmir Teymur da ali bir ailədən gəlməmiş və öz legitimlik məsələsini Çingiz xan tayfasından olan bir qadınla evlənməklə həll etmişdi. Və bu səbəbdən də özünə Kürəkən (Gürkan) təxəllüsünü götürmüş, ömrünün sonuna qədər “xan” ünvanını yaxına buraxmamış, özünü “əmir” kimi təqdim etmişdi. Guya oğul Rza şah da Əmir Teymurun bu metodunu mənimsəmək yolunu tutmuş, ilk əvvəl Misir şahzadə ilə ailə həyatı qurmuşdu. Amma Fevziyə xanım bu mehtər balasını bəyənməyib ondan ayrılandan sonra oğul Rzanın özünə uyğun qadın axtarmaq səyləri yenidən başlamışdı. Məsələ burasında idi ki, Fevziyə xanımdan onun bir qızı (Şahnaz) dünyaya gəlmişdi və İran siyasi ənənələrinə görə qızını öz siyasi varisi elan edə bilməzdi.
Xeyli axtarışdan sonra 1951-ci ildə axır ki, öz qismətini buldu. Bu, İranın zadəgan ailəsinin mənsubu Sürəyyə İsfəndiyari Bəxtiyari idi. Di gəl ki, soysuz şahzadənin bu dəfə də bəxti gətirməmişdi. Sürəyyə xanım sonsuz çıxmışdı. Nəticədə 1958-ci ilə qədər davam edən bu evlilik soysuz şahzadənin ailəsinin təzyiqi ilə sona çatmışdı. Oğul Rzanın yenidən xanın arayışına girişmiş və 1959-cu ildə İran-türk soylu ailəsində dünyaya göz açmış Fərəh Diba ilə evlənmişdi. Fərəh xanım özünə təkcə həyat yoldaşı deyil, həm də soy-kök axtaran Rza şaha 4 övlad bəxş etmişdi. Bunlardan biri şahzadəlik eşqinə düşən Rza, digərləri isə, Fərəhnaz, Əli Rza və Leyla.
Bəs, özünü zadəgan ailənin varisi hesab edən nəvə Rzanın digər qardaş və bacıları indi nə işlə məşğuldurlar?
Böyük bacısı Fərəhnaz barədə hansısa məlumat tapa bilmədim. Kiçik bacısı Leyla isə 2001-ci ildə Londonda aşırı dozada narkotik qəbul etdiyi üçün ölüb. Dünyasını dəyişəndə onun 31 yaşı vardı. Kiçik qardaşı Əli Rza isə 2011-ci ildə ABŞ-da özünü güllələyərək dünya ilə vidalaşıb.
Bir sözlə, Rza şahın belindən gələnlərin taleyi də ata və babaları kimi ürəkaçan olmayıb.




