DünyaSiyasət

İran adlanan dövlətdə hakimiyyət seçimləri

Qacar, Pəhləvi, Xomeyni yoxsa 21 Azər ?

Bu gün İran adlanan dövlətdə baş verən hadisələr fonunda sosial mediada suallar yaranır. Amerika başda olmaqla anqlo-saks sistemi hakimiyyətə kimləri gətirəcək..

İlk növbə olaraq milli fikirə görə Qərbin seçim etməli olduğu sülalə Qacarlar olmalıdır. Əlbətdə, Qacarlar türk soylu tayfa olaraq müasir İranda tarixi köklərə və hakimiyyət ənənələrinə malikdir. Lakin mən Gülüstan və Türkmənçay müqaviləsinə imza atan və iki Azərbaycan yaradan və Səfəvi, Əfşar varisi ola bilməyən sülalənin yenidən hakimiyyətə gəlməsini istəmirəm.Bu bölünmə bu gün də davam edən siyasi və mədəni fərqliliklərin əsasını qoydu. Qacarlar həm Türkiyə, həm də Orta Asiyadakı türk dövlətləri ilə həmsərhəd idi. Bu coğrafi gücü əllərində saxlaya bilmədilər.

Onların imza atdığı Türkmənçay müqaviləsinin XV maddəsi Qacarların Azərbaycan üçün yaratdığı ən təhlükəli miraslardan biridir.

Bu maddəyə əsasən, İranda yaşayan ermənilərin Rusiya tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına (İrəvan, Naxçıvan və Qarabağ) köçürülməsinə icazə verildi. Bu kütləvi köç regionun etnik xəritəsini dəyişdirdi və sonrakı əsrlərdə baş verəcək ərazi münaqişələrinin və qanlı qarşıdurmaların təməlini qoydu. Məhz buna görə də bir və daha çox belə səhv edən sülalənin yenidən hakimiyyətə gəlməsini qəbul etmirəm. İnanıram ki, Güneydə də belə düşünürlər. Əgər iki Azərbaycanın 200 ildən çox ayrılığı varsa burda tək Rusiya yox eyni zamanda Qacar dövləti də günahkardır.

Qərbdə yaşayan şah rejiminin tərəfdarları, İsrail və Qərbin reklam etdiyi pəhləvilər Güney Azərbaycan üçün ən böyük təhlükədir. Qacarların dövründə itkilər daha çox ərazi və hərbi xarakter daşıyırdısa, Pəhləvilər dövründə bu, milli kimliyin məhvi və assimilyasiya siyasətinə çevrildi.

“Azərbaycanlılar türk deyil, dillərini unutmuş ari dilli iranlılardır” tezisi irəli sürüldü. Türk dili və mədəniyyəti rəsmi səviyyədə “mədəniyyətdən kənar” elan edildi, məktəblərdə türk dilində danışan uşaqlar cəzalandırıldı.Şəhər, kənd, dağ və çay adları fars sözləri ilə əvəz olundu. Məsələn, Xiyav adı Meşkinşəhr, Urmiya adı isə bir müddət Rizaiyyə (Rza şahın şərəfinə) adlandırıldı. Bu, bölgənin tarixi yaddaşını silmək məqsədi daşıyırdı.

Pəhləvilər hakimiyyətlərinin uzunömürlü olması üçün hasil olan neftin böyük hissəsinin ingilislər tərəfindən sahiblənməsinə razı olurlar. Ona görə də Pəhləvilərin hakimiyyətə gəlməsi bu siyasətin yenidən davam edəcəyini göstərir. Pəhləvi sülaləsi və Şah tərəfdarlarının yenidən hakimiyyətə gəlməsi iki Azərbaycan arasında nəinki sərhəd, eyni zamanda mədəni olan qalan əlaqələrin də qırılmasına səbəb olacaq.

Pəhləvilərdən sonra hakimiyyətin xomeyniçilərə ötürülməsində məqsəd Azərbaycanlıları hakimiyyətdən uzaq saxlanılması olub. Əslinə qalsa Xomeyni və molla rejimi Pəhləvi rejiminin başqa üzüdür. İranda hakimiyyətə gətirilən molla rejimi daha təhlükəli sistem yaratdı .Pəhləvilər “İrançılıq” ideologiyası ilə türklüyü əzməyə çalışırdısa, Xomeyni dövründə bu, “Ümmətçilik” pərdəsi altında edildi. “Müsəlman xalqlar arasında fərq yoxdur” deyilsə də, dövlətin rəsmi dili, təhsili və mərkəzi ideologiyası fars dili üzərində qaldı.

İqtisadi resurslar daha çox dini mərkəzlərə (Qum, Məşhəd) və müharibəyə yönəldildi. Azərbaycan şəhərləri sənayeləşmə və infrastruktur baxımından geridə qaldı.Xomeyni rejimi inqilaba dəstək verən solçu, millətçi və demokrat azərbaycanlı qrupları “din düşməni” və ya “parçalanma tərəfdarı” elan edərək edam etdi və ya həbsxanalara doldurdu. Pəhləvinin zindanlarını bu dəfə dini rejimin zindanları əvəz etdi. Hər iki Azərbaycanda tarixi dini kökləri olan Əhli Beytə sevgi, İranın molla rejimi sayəsində tamamilə sıradan çıxarıldı və farsdan doğulan varislər şiə və Xomeyniçilik ideyasının təbliğat bazasına çevrildi.

Çox təəsüf ki, bu üç rejimin başında duran əsas simalar da Azərbaycan türk geni daşıyan, farslaşmış şəxslər idi.

Bəs İran üçün normal sistem hansı olar bilər ?

1945-ci il dekabr ayının 12-də 21 Azər hərəkatının qələbəsi ilə əlaqədar fəaliyyətə başlamış Güney Azərbaycanda dövlətçilik uyğun ola bilərr. Məhz həmin hökumətin İranın daxilində Azərbaycanın milli muxtariyyət hüququnu bərpa edərək azərbaycanlıların öz ana dilində danışmaları, yazıb-oxumaları üçün şərait yaratdı. Məktəblərdə ana dilində dərslərin keçirilməsini təmin etdi. Savadsızlığın kökünü kəsmək üçün qəti addımlar atdı. Fəhlələr üçün iş qanunu, qadınlar üçün kişilərlə bərabər hüquqlar, bütün ölkədə əhəmiyyəti olan torpaq islahatı həyata keçirildi. İranda ilk dəfə qadınlara seçkilərdə iştirak hüququ verildi.

Ölkədə misli görünməmiş əmin-amanlıq və abadlıq işlərinə başlandı. Güney Azərbaycanda görülən demokratik tədbirləri hətta düşmənlər belə etiraf edirdilər. Qərb mətbuatı dəfələrlə yazmışdır ki, Pişəvərinin rəhbərlik etdiyi Milli hökumət il ərzində sanki Güney Azərbaycanda yarım əsrlik fəaliyyət göstərmişdir.

Milli hökumət ideyasının üstünlüyü ondadır ki, yuxarıda Qacar başda olmaqla, Pəhləvi və Xomeyniçilik demokratiya adı altında yenə də farslaşdırma siyasəti yürüdülür. Hakimiyyətdə təmsil edilən güc yerli xalqların hüquqlarını tam əllərindən aldılar.

Bu məsələdə Bakıda və xarici ölkələrdə olan “mühacir”-lərin üzdə olan adamlarına etibar etməmək lazımdır. Bu gün özünü “demokrat” sayanların əksəriyyəti İran xüsusi xidmət orqanlarının adamlarıdır. Onlar bu məsələdə ən təhlükəli adamlardır. Üç fars rejiminin gizlədilmiş üzləridir. Özlərini yazıçı, şair, mühacir, qaçaq sayanlar əslində İranın beşinci kalonudur Azərbaycan və xarici ölkələrdə.

Artıq qırmaq lazımdır sülalə, ailə, tayfa zəncirlərini. Azərbaycan orda yaşayan bütün insanlara aiddir, hansısa ailə, tayfa yaxud sülaləyə yox. Nəhayət iki yüz ildən sonra Azərbaycanlılara vermək lazımdır torpaqları, özləri qərar versinlər daha.

Yaxşısı budur ki, 21 Azər modelində amma müasir dünya hüquq sistemi ilə yeni bir simalar olsun. Seçki azadlığı olsun ki, insanlar özləri qərar versin. Müstəqil, demokratik və dövlət yoxsa Azərbaycanla birləşib tam olmaq. Hər iki halda da qazanan Azərbaycan xalqı olacaq..

 

Prof.Dr. Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Qəzza ABŞ-ın himayəsinə keçə bilər

redaktor

“Yarışları boykot edib geri qayıtmaq lazımdır!” – Deputatdan bayrağımızın yandırılmasına etiraz

redaktor

Zaxarova Qurani-Kərimin yandırılmasına münasibət bildirdi

redaktor