DünyaGündəmSiyasət

ABŞ Venesuela sərvətlərini öz tabeliyinə keçirə bilməyəcək.

Bir proqnoz da verim: ABŞ Venesuela sərvətlərini öz tabeliyinə keçirə bilməyəcək.

Ölkə başçısını oğurlamaq, devirmək, qaçmağa məcbur etmək və ya öldürmək olar – belə əməliyyatlar ABŞ təcrübəsində çox olub. Lakin ölkəni nəzarətə götürmək çox çətin və uzunmüddətli prosesdir. Ölkə ərazisində ABŞ-ın hərbi kontingenti yerləşdirilməyincə onu tam nəzarətə götürmək mümkün deyil. Hətta ordunun yerləşdirilməsi də buna təminat vermir. İraqda və Əfqanıstanda bunu görmüşük.

Ən vacibi ölkə əhalisinin işğalçını qəbul etməsi, ona xilaskar kimi baxmasıdır. Yəni əhali işğalçıya qarşı loyal deyilsə, hərbi kontingent də onun bu ölkəyə nəzarətini təmin edə bilməz. Tramp hakimiyyətinin Venesuelada etdikləri və bəyanatları isə ABŞ üçün Venesuelada yaxşı imic yaratmır.

Onillərdir Qərb mətbuatı Çaves və Maduro əleyhinə total qara piar kampaniyası aparır. Onların təsiri altında olan bütün dünya mətbuatı bu fikirləri insanların beyinlərinə yeridir. Təbliğatın da belə bir xüsusiyyəti var ki, ən axmaq yalan da dəfələrlə təkrarlandıqda ona inananlar çoxalır. Artıq Maduronun diktator, cinayətkar, narkobaron, qohumbaz, korrupsioner, seçkiləri oğurlayan, xalqın nifrət etdiyi bir şəxs olduğuna Venesuela xaricində az adam şübhə edir. Bunun üçün heç kim sübut axtarmır – sadəcə, aksiom kimi qəbul edir. Amma…

Bir düşünün:

Maduro keçən il əhaliyə özünümüdafiə üçün 4,5 milyon silah paylamışdı. Xalqın dəstəyinə inanmayan hansı hakimiyyət əhaliyə silah paylayar? Axı xalq hakimiyyətinə nifrət edirsə, bu silahları ona qarşı çevirməli idi, silahlı üsyanlar olmalı idi. Hakmiyyət ona nifrət edən, onu legitim saymayan xalqa silah etibar edərmi?

Maduronu ABŞ oğurladı, lakin hakimiyyət yenə Maduronun komandasındadır. Ona nifrət edən xalq, müxalifət niyə fürsətdən istifadə edib, üsyan qaldırmır? Silahları da var. Yaşayışları da yaxşı deyil. Niyə xalq zəifləmiş maduroçuları devirmək istəmir?

Niyə hakimiyyətdə qalanlar yalan-doğru Maduroya sadiq qaldıqlarını bəyan edir, onun geri qaytarılmasını tələb edirlər? Deməli, bu yolla xalqın rəğbətini qazanacaqlarını düşünürlər. Xalq Maduroya nifrət etsəydi, onlar əksini deyib, sevindiklərini göstərməli idilər axı.

Tramp “Sülh” nobelçisi Mariya Maçadonun Venesuelaya rəhbərlik etməsi təklifini rədd etdi. Bunu onunla əsaslandırdı ki, onun xalq arasında nüfuzu yoxdur. Təəccüblənmədiniz? Yəni Qərbin lideri etiraf edir ki, Qərbin müdafiə etdiyi, Nobellə populyarlaşdırmaq istədiyi, Maduroya qarşı kəskin mövqedə olan müxalifət liderinin xalq arasında nüfuzu yoxdur!

Adi məntiq deyir ki, bütün bunlardan sonra onillərin qara təbliğatına ən azı şübhə etməlisən. Amma “yuyulmuş beyinlər” şübhə edə bilməzlər.

Əlbəttə, Maduro mələk deyil. Amma hansı ölkə başçısı mələkdir?! Tramp, Makron, Starmer, Merz…?

Maduronu sındıra bilməsələr, onun ABŞ tərəfindən istintaq altında olması, aylarla məhkəmələrdə süründürülməsi Venesuela xalqında ona qarşı rəğbəti, ABŞ-a qarşı nifrəti bir az da artıracaq, Maduronun tərəfdarlarını populyarlaşdıracaq. Maduro bütün Latın Amerikasında yankilərə qarşı müqavimət, sınmazlıq simvoluna çevriləcək. Buna görə də ABŞ onu sındırmaq üçün əlindən gələni edəcək. İndiyədək bunun üçün hər şeyi edib, lakin hələ ki Maduro təslim olmayıb.

Aydındır ki, Venesuelada Çin, Rusiya, Kuba öz işlərini görəcəklər. Hakimiyyət Maduroya xəyanət etdi, lakin onların hələlik saxlanmasında bütün tərəflər, o cümlədən ABŞ da maraqlıdır – ölkədə sabitliyi qorumaq üçün. Lakin onların əksəriyyəti, yəqin ki, 1 il ərzində dəyişdiriləcək.

Bir sözlə, Maduronun oğurlanması “Venesuela oyunu”nun sonu deyil, onun başlanğıcıdır – qarşıda illərlə çəkəcək çoxpartiyalı oyun var. Birinci partiyanı ABŞ uddu…

ABŞ-ın Latın Amerikasını öz təsiri altında saxlaya biləcəyinə inanmıram. Bunun üçün onun nə hərbi, nə də iqtisadi gücü var.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

“Azərbaycan Paşinyandan milyardlarla dollarlıq silah aldı” – Serj Sərkisyandan cavab

redaktor

Türkiyəni idarə edən zehniyyət haqqında Azərbaycanda inanılan və bir çoxu uydurulmuş hekayələr yavaş-yavaş boşa çıxır.

admin

Vaşinqtonun rəhbərliyi Trampı məhkəməyə verib

redaktor