Elxan Şahinoğlu: “ABŞ-nin “Tramp yolu” layihəsinin reallaşmasında maraqlı olmasının əsas səbəblərindən biri də Mərkəzi Asiyaya çıxış əldə etmək niyyətidir”
“ABŞ Prezidenti Donald Trampın Avropa bölgəsinə marağı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Ağ Ev sahibi Avropa İttifaqını zəif təşkilat, Avropa liderlərini isə cəsarətsiz siyasətçilər kimi qiymətləndirir”.
Tacxeber.com xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında ABŞ-Avropa münasibətlərini təhlil edərkən yazıb.
Şahinoğlu qeyd edib ki, Trampın bu yanaşmasının əsas səbəbi Avropa İttifaqının müxtəlif problemlərin həllində qətiyyətli addımlar ata bilməməsi və qitənin təhlükəsizliyinə yetərincə diqqət ayırmamasıdır.
Politoloqun sözlərinə görə, Avropa ölkələri uzun illər ərzində öz təhlükəsizliklərini ABŞ-yə həvalə edib, hərbi xərclər əvəzinə sosial rifaha üstünlük veriblər:“Bu siyasət Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlamasına və Trampın prezident seçilməsinə qədər davam edib. Vaşinqton artıq Avropa İttifaqının təhlükəsizliyi ilə bağlı maliyyə yükünü daşımaq istəmir”.
Elxan Şahinoğlu bildirib ki, Tramp administrasiyasının diqqəti hazırda Avrasiya məkanına, xüsusilə də Mərkəzi Asiyaya yönəlib.Onun fikrincə, ABŞ-nin Azərbaycanla Ermənistan arasında barışığa nail olmaq və “Tramp yolu” layihəsinin reallaşmasında maraqlı olmasının əsas səbəblərindən biri də Mərkəzi Asiyaya çıxış əldə etmək niyyətidir.
Politoloq xatırladıb ki, tarixdə ilk dəfə Mərkəzi Asiya ölkələrinin liderləri 5+1 formatında ABŞ Prezidenti ilə Ağ Evdə görüşüblər. O bildirib ki, Vaşinqtonda keçirilən bu görüş çərçivəsində ABŞ ilə Qazaxıstan arasında ümumi dəyəri təxminən 17 milyard dollar olan 30-a yaxın saziş imzalanıb. Eyni zamanda, Özbəkistanın yaxın illərdə ABŞ-dan milyardlarla dollar dəyərində 22 “Boeing” təyyarəsi alacağı açıqlanıb.
E.Şahinoğlunun sözlərinə görə, Donald Tramp bununla kifayətlənməyərək Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə telefon danışığı aparıb və hər iki lideri gələn il ABŞ-da keçiriləcək G20 sammitinə dəvət edib.
Politoloq vurğulayıb ki, Trampın Mərkəzi Asiya ilə bağlı hədəfləri tamamilə praqmatik xarakter daşıyır.
O bildirib ki, Qazaxıstan və Özbəkistan dünya üzrə uran ehtiyatlarının təxminən yarısına malikdir və region ölkələri eyni zamanda nadir torpaq elementləri baxımından da zəngindir:“Smartfonlar, elektrik avtomobilləri, külək turbinləri və digər yüksək texnologiyalı məhsulların istehsalında bu elementlərdən geniş istifadə olunur. Çin əvvəllər bu resursları ABŞ və Avropaya ixrac edirdi, lakin son illər ixracı kəskin azaldıb. Məqsəd Qərbin istehsal imkanlarını zəiflətmək və öz məhsullarının dünya bazarındakı payını artırmaqdır”.
Şahinoğlu əlavə edib ki, Çin faktorunun zəifləməsi Qərb ölkələrini, o cümlədən ABŞ-nin Mərkəzi Asiyaya yönəldib. Onun sözlərinə görə, ABŞ Qazaxıstanla nüvə enerjisi sahəsində əməkdaşlığı da genişləndirib və bu ölkədə modul tipli reaktorlar quraşdırmağı planlaşdırır. Bu məqsədlə Almatıda tədris mərkəzi açılıb və burada müvafiq mütəxəssislər hazırlanır.
Politoloq bildirib ki, ABŞ bu sahədə Rusiya ilə açıq rəqabətə girir, çünki “Rosatom” Qazaxıstanda iri atom elektrik stansiyasının tikintisini həyata keçirir.ABŞ isə daha kiçik tutumlu modul stansiyalar təklif edir. Şahinoğlunun fikrincə, Özbəkistan da Qazaxıstan nümunəsini əsas götürərək atom energetikası layihələrini gündəmə gətirir və Vaşinqton bu məsələləri Daşkəndlə müzakirə edəcək.
Sonda Elxan Şahinoğlu qeyd edib ki, Qazaxıstan və Özbəkistan ABŞ ilə iqtisadi əlaqələri gücləndirməklə Çinin bölgədəki inhisarını zəiflətməyə çalışırlar. Onun sözlərinə görə, Çin tərəfindən verilən iri kreditlər bu ölkələrin borc yükünü artırıb və Pekinin təsir imkanlarını genişləndirib:“Mərkəzi Asiya ölkələri bunun təhlükəsizliklərinə risk yaratdığını anlayır və ABŞ ilə əməkdaşlığı artırmaqla Çin və Rusiya ilə münasibətlərində balans formalaşdırmağa çalışırlar”.
