Kazanda “Baku Dvorik” kafesinin fəaliyyətini məhkəmə dayandırıb. Müştərilər “Verka Serduçka” mahnısı sədaları altında rəqs etdikdən sonra məhkəmə bu kafenin fəaliyyətini dayandırıb. Rusiya mediasının məlumatına görə, qanun pozuntuları Tatarıstan prokurorluğunun yoxlamasından sonra aşkar edilib.
Novo-Savinovski Məhkəməsinin sənədlərində deyilir ki, “müəssisə müəllifi dəfələrlə Rusiya Federasiyası Silahlı Qüvvələrini nüfuzdan salmağa yönəlmiş ictimai hərəkətlər həyata keçirmiş bir musiqi əsərinin ifasını qeydə alıb”.
Binanın icarəçisi olan “Buta” MMC və təşkilatın direktoru Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsinə (Rusiya Federasiyasının və onun vətəndaşlarının maraqlarını qorumaq üçün Rusiya Silahlı Qüvvələrindən istifadəni nüfuzdan salmağa yönəlmiş açıq hərəkətlər) əsasən müvafiq olaraq 300.000 rubl (6455 manat) və 100.000 rubl (2152 manat) məbləğində cərimələniblər.
Hesabatda həmçinin qeyd olunur ki, kafedə yanğın təhlükəsizliyi və terrorizmə qarşı mübarizə qaydalarını da pozublar. Təşkilat və onun direktoru cərimələnib. Pozuntular aradan qaldırılana qədər kafe bağlanıb.
