Amnistiya aktı qəbul edilib. Deyirlər 20 mindən çox məhbusa şamil ediləcək. Ölkədə haradasa 27 minə yaxın məhbus var. Məhbusların, xüsusi ilə qadın məhkumların öz ailələrinə qovuşması bütün hallarda humanist hadisədir və təqdir edilməlidir. Hazırda həbsdə olan 5 min məhbusun azad ediləcəyi bildirilir. Qalan 15 min isə azadlıqda olan məhkumlardır. Proses başlanıb. Sosial mediada gedən məlumata görə cəzasının başa çatmasına 22 gün qalmış bir məhbus artıq azad edilib.
Lakin Amnistiya aktı siyasi mülahizələrlə qəbul edilib. Siyasi mülahizələrlə qəbul edildiyi üçün 400-dən çox siyasi məhbusa şamil edilmir. Aktı hazırlayanlar bir əli ilə sənədə geniş humanist məzmun veriblər, digər əli ilə həmin humanist maddələri humanizmdən məhrum ediblər. Bu Amnistiyadan siyasi məhbuslara düşəcək bircə şey var. Oksigen! Hər necə olmasa kamera yoldaşları çıxacaq və onların oksigen payı bir qədər artacaq, sıxlıq bir az seyrələcək. Buna da şükür.
Amnistiya aktı ağır və ya xüsusilə ağır cinayət ittihamı ilə həbs edilənlərdən demək olar ki, heç kimi əhatə etmir. Yəni ağır cinayət məhkəməsindən keçənlər, şərlənənlər, öncədən hazırlanan ssenarilər əsasında saxta ittihamlarla tutulan günahsız adamlar amnistiyaya düşmür. Zərrəbinlə işləyiblər. Adamların maddəsinə görə xüsusi maddələr daxil ediblər akta. Məsələn, Tofiq Yaqublu. Qarabağ qazısıdır, 64 yaşı var. 20 km-lik fiziki məsafədən nağd rüşvət almaqda ittiham edilib və törətmədiyi əmələ görə 9 il azadlıqdan məhrum edilib.
Cəbhəçilər də, Abzas Mediaçılar da, dini məhbuslar, ola bilsin İşçi masası məhbusları da bu qəbildəndir.
