Son 2 həftə ərzində USQ Rusiya ərazisində yerləşən strateji obyektlərə zərbələrin yeni seriyasına start verib. Bu zərbələrin öncəkilərdən fərqi ondadır ki, Rusiyanın “kölgə donanması” da hədəfə alınıb və Qara dənizdə gəmilərlə yanaşı Aralıq dənizində də tankerə unikal zərbə endirilmişdi. Bundan əlavə Xəzər dənizində Rusiyaya məxsus neft yatağı platformasına zərbə endirilib.
Görünən odur ki, ruslar bu zərbələrə heç hazır deyildilər və Ukrayna hərbi rəhbərliyində yeni “zərbə bölgüsü”nün rolu var. Əgər bu günə qədər Xəzər dənizində rusların neft yataqları platformalarına UTX(SBU) zərbələr endirirdisə, son zərbələri Ukrayna XƏQ-i(Xüsusi Əməliyyatlar Qüvvələri) endirdi. Əgər bu günə qədər Krıma zərbələr hərbi kəşfiyyatın (Budanovun rəhbərlik etdiyi qurum) “zərbə bölgüsü” zonasında idisə, son zərbələri (18 və 20 dekabrda Belbek aerodromuna) UTX(SBU) endirib.
Son günlərdə Rusiyanın Türkiyəyə qarşı təxribatlara gəlincə xronologiyaya diqqət yetirməyimiz çox vacibdir
28 noyabrda UTX Qara dənizdə Türkiyənin dəniz sərhədlərinin 120 km məsafəsində Rusiyaya məxsus 2 tankerə zərbə endirib, sonra 10 dekabrda Rusiyanın Qara dənizdə daha bir tankeri vuruldu. 12 dekabrda ruslar Türkiyənin ticarət gəmisini vurublar. Son 2 gün ərzində isə Rusiyaya məxsus dronlar Türkiyə hava məkanına daxil olurlar.
Gördüyünüz kimi Rusiya Türkiyəyə qarşı təzyiqlərə Ukraynanın 10 dekabr zərbələrindən dərhal sonra başladı. Türkiyə bu məsələyə çox formal şəkildə narahatlığını ifadə edib, yəni ciddi heç bir etiraz ortaya qoymadı və görünən odur ki, Rusiya bundan qəzəbləndi.
Rusiya isə nəsə onu qıcıqlandıranda, adətən mesaj vermək üçün terror xarakterli, hibrid hücumlara əl atır.
Məhz buna görə də son dövrlər Rusiya dronları daha tez-tez Türkiyə ərazisinə daxil olur və Türkiyə onları elektron mübarizə vasitələri ilə zərərsizləşdirir.
Eyni zamanda qeyd etməliyik ki, “kölgə donanmasına” məxsus tankerlər son hücumlardan sonra Novorossiyskə gedib-gələn marşrutlarını Qara dənizdə dəyişiblər.
İndi bu tankerlər Qara dənizi birbaşa keçməkdənsə, Türkiyə sahillərinə daha yaxın hərəkət etməyə üstünlük verirlər və bəzən hətta Türkiyənin ərazi sularına daxil olurlar.
