Ukraynaya kompensasiya ödəyənə qədər Rusiyanın Avropadakı aktivləri dondurulacaq.
Tacxeber.com xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kostanın sosial mediada paylaşdığı məlumata görə, Brüsseldə 15 saatlıq danışıqlardan sonra Avropa İttifaqı 2026-27-ci illər üçün Ukraynaya 90 milyard avroluq maliyyələşdirmə paketini təsdiqləyib.
“Bizim razılaşmamız var. Ukraynaya 2026-27-ci illər üçün 90 milyard avroluq dəstək göstərmək qərarı verildi. Biz söz verdik və yerinə yetirdik“, – deyə o bildirib.
Almaniya kansleri Fridrix Merts də qərara münasibət bildirərək qeyd edib ki, “Bu, Avropadan Putinə açıq bir siqnaldır”: “Bu vəsait Ukraynanın növbəti iki ildə hərbi və büdcə ehtiyaclarını ödəmək üçün kifayətdir. Bu, müharibənin bitməsi üçün həlledici bir siqnaldır, çünki Putin yalnız müharibəsinin ona fayda verməyəcəyini anladıqda güzəştə gedəcək”.
Qeyd edək ki, Aİ Zirvə Toplantısının təzminat krediti ilə bağlı çıxılmaz vəziyyətə düşdüyü və nəticədə “B Planı”na keçməyə məcbur olduğu bildirilir. Belə ki, Belçika başda olmaqla, bir neçə ölkə Rusiya vəsaitlərinin birbaşa müsadirə edilərək Ukraynaya verilməsinə qarşı çıxıblar. Bundan sonra qərara gəlinib ki, Ukraynaya kredit ayrılsın, həmin pulun ödənilməsi isə Rusiyanın aktivləri hesabına həyata keçirilsin. Beləliklə, Rusiya aktivləri Moskva Ukraynaya təzminat ödəyənə qədər dondurulacaq və Ukraynanın borcu bu vəsait hesabına qapadılacaq.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta bundan öncə söz vermişdi ki, liderlər Ukrayna üçün maliyyələşdirmə barədə razılığa gəlmədən sammiti tərk etməyəcəklər. Toplantıdan sonra isə Kosta deyib ki, Ukraynaya kompensasiya ödəyənə qədər Rusiya aktivləri dondurulacaq.
Öz növbəsində, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen deyib ki, mexanizm “təzminat krediti” prinsipi ilə işləyəcək: “Ukrayna bu vəsaitləri yalnız Rusiya təzminat ödədikdən sonra qaytarmağa borclu olacaq. O vaxta qədər dondurulmuş Rusiya aktivləri bloklanacaq və Aİ bu krediti maliyyələşdirmək üçün mövcud vəsaitlərdən istifadə etmək hüququnu özündə saxlayır. Biz Ukraynanın növbəti iki il üçün maliyyə ehtiyaclarını ödəmək kimi aydın bir məqsədə çatdıq və çox məmnuniyyətlə deyə bilərəm ki, biz buna nail olduq. Bu ehtiyacları tam ödəyəcək bir razılığa gəldik”.
Qeyd edək ki, bundan öncə Prezident Volodimir Zelenski Ukraynanın təzminat krediti olmadan böyük problemlə üzləşəcəyini bildirmişdi.
Bu arada, Rusiya dondurulmuş aktivlər uğrunda mübarizə aparmaqda qərarlıdır. Rusiya Mərkəzi Bankı artıq “Euroclear” depozitariyasına və Aİ-yə qarşı məhkəmə iddiası qaldıracağını açıqlayıb. (AzPolitika)