Azərbaycan hakimiyyətinin sülh oyunun başa düşə bilmirəm. Özü də Azərbaycan qadınlarını erməni kişilərini qucaqlayaraq, öpərək, təriflədərək. İlk öncə qazi qızı Samirə Əfəndi, ardınca kinomuzun Həzi Aslanov obrazını yaradan Ramiz Novruzun qızı Şəfəq Novruz indi isə Roza Zərgərli….
Anlayıram, sülh prosesi önəmlidir. Daha müharibə olmasın. Əvvəl axır bu sülh olmalıdır. Daha şəhid və qazi olmasın ölkəmizdə. Yeni dünya iqtisadi maraqlar üzərində qurulmalııdr. Qafqaza nəhayət sülh gəlməlidir.
Amma Azərbaycan qadın obrazını erməni kişiləri ilə birlikdə yaratmaq təhlükəlidir. Xüsusən də Qarabağda əsgərlərimizə güllə atan ermənini qucaqlamaq, öpmək və yaxud da “Çırpınırdı Qara dəniz” mahnısı başda olmaqla Azərbaycan mahnılarını oğurlayan Telman İsmayılovun sayəsində ulduz olub sonra onun üzünə duran Avraam İpçiyanı Qafqazın “gözəl kişisi” adlandırmaqla yox da.
Azərbaycan qadını tarixin bütün dövrlərindən ailə sədaqəti və dünyaya örnək olacaq Ana obrazı ilə bu günlərə gəlib. Azərbaycan qadını bu ölkəyə yüzlərlə qəhrəman oğul, alim, ziyalı, hərbçi, incəsənət xadimi və digər sahələrdə tarixə bəxş edən bir yaradıcıdır.
Azərbaycan qadını Tomrisdir, Mömünə xatundur, Sara xatundur, Canbəyim xatundur,Mehrican xanım, Məhinbanu Sultan, Pəri xanım, Xeyransa bəyim, Tuti Bikə, Tuğra xanım və başqaları ölkənin tarixində böyük izlər qoyanlardır.
Bu gün bu gözəl və ehtirama layiq obrazı erməni kişilərinə doğru itələyib sülh qurmaq gələcəkdə bizim xalqın qadınlarını tamam başqa adla tanınmasına yol açacaq..Etməyin belə. Bu yaxşı yerə aparmayacaq Azərbaycan milli kimliyini.
Sülh yaratmaq istəyirsiniz aparın parlamentdə oturan bəzi yatan deputatları, yaltaq ziyalı və ictimai xadimləri. Azərbaycanda təssüf ki, kimliyini pulasatan və ətrafınızda olub efirlərdə ağız dolusu danışan trol ordunuz var. QHT sədrləriniz var. Onları aparın. Getsinlər, qucaqlaşsınlar, görüşsünlər, sülh yaratsınlar. O qədər pul qabağında sınan adamlarınız var, göndərin onlar yaratsın bu sülhü. Bunu da edə bilirsinizsə heç olmasa Kişi çıxardın düşmən qarşısına.
Amma Azərbaycan qadınını rahat buraxın. Ən azından gələcək nəsillərə tarix yazıb miras edəndə bu obrazı qüsursuz saxlayaq.
Sosial medianın erməni seqmenti bizim 44 günlük və 23 saatlıq zəfər qəlbimizin qarşısında susurlar, amma sülh məsələsi gələndə bizim qadınların önə çəkilməsini xoş olmayan sözlər ilə üzümüzə vururlar
Son olaraq Roza Zərgərli Qafqazın ən gözəl kişiləri Polad Həşimovdur, Dövlətzadə Cəbrayıldır, Muxtardı, Xudayardı, Rafael Ağayevdir, Zabit Səmədovdur, Qarabağ FK üzvləridir, Hikmət Paşadır və yüzlərlə belə sizə adlar çəkərəm..
Etməyin Roza Zərgərli, bir fəxri ad, bir az pula görə Azərbaycan qadını obrazını, Ana obrazını erməni kişiləri qarşısında alçatmayın…
