Bir çox ölkələrdə böyük marketlər məhsulların saxlanma müddəti azalanda müəyyən günlərdə yüksək endirim edirlər. Camaat axışıb alır, dükan sahibi də ziyana düşmür. Bizdə isə çürüdüb zibilliyə tökürlər. Bayaq böyük bir marketin qabağından keçirdim; yarısı çürümüş meyvələri əvvəlki qiymətdən cüzi endirimlə qoymuşdular. Portağal, narıngi artıq kiflənmişdi. Əslində qida təhlükəsi belə şeydən yaranır. Kiflənmiş istənilən qida zəhərlənmə verə bilər.
Tamah, acgözlük və hamıdan artıq yemək hissinə təslim olanlar hara aparır cəmiyyəti? Mərkəzi Bankın sədri açıqlayıb ki, əhali pulu yastıq altında saxlayır. Vəsaitin 10 milyard dolları əhalinin özündə, 7 milyardı isə supermarket və otellərdə nağd şəklində kassalarda saxlanılır.
Yəni pul dövriyyədən çıxır, mübadilə aparılmır. Orta əsr feodalizm quruluşunun təzahürü olan bu vəhşət əhalini daş dövrünə sürüyür.
Tamah və acgözlük xəstəlikdir. Nəsirəddin Tusi bu xüsusiyyətləri mərəz adlandırıb, hətta müalicə də təyin edib aidiyyəti əsərində.
Heç kəs bölüşmək istəmir. Çoxu bu ölkəyə vətən kimi baxmır. Kirayə qaldığı düşmən evi kimi baxır. Nə bacarırsan dağıt, tala…
Allahdan da əllərini düzüblər. Həzrət Peyğəmbər deyirdi ki, nə qədər paylayıb dağıtsanız, nə qədər səxavətli olsanız, zəkat, sədəqə versəniz Allah əvizini artıqlaması ilə verəcək. Amma bu riayət edən yoxdur. Könüllər qəsafət bağlayıb. Cəsədlə namaz qılır, amma ruh ölüb. Ayaqla Həccə gedir, qəlb yoxdur. Namazı da təmənna ilə qılır çoxu ki, o dünyanı da əldən verməsin. Həccə də Allahla alver məqsədi ilə gedir ki, axirətdə ona şöhrət versin.
Deyirlər, bu filan “həcinin” obyektidir. Daxil olub görürsən hiylə – fırıldaq kəllə-çarxa çıxır. Sən demə belə edirlər ki, dindar, inanclı müştəriləri cəlb etsinlər. Dini alverə alət, qalxan, reklam vasitəsi edib.
Marketdə məhsulu çürüdür, amma vaxtında endirim edib kasıba satmır. Müdirinin yanına getsən, görəcəksən otağında 22 ədəd Quran var, divarlar da Həcdən gətirdiyi eksponatlarla doludur. Danışdırsan kreslosunu cırıldada-cırıdada başlayacaq and içməyə ki, “getdiyim Kəbə haqqı özümüz də baha alırıq… “
Çürüdüb əhaliyə təklif etdiyi kiflənmiş portağal kimi çoxunun içi də beləcə kiflənib. Baxma bahalı paltar geyib qiymətli ətir vurduğuna. Çöldə dönərxananın qabağında iki pişik dayanmışdı, yediyim dönərin bir parçasını onlara verdim. Dədə malı kimi iki yerə bölüb yedilər. Daha biri hamısını götürüb qaçmadı. Amma bu günün insanı elə deyil. İstəyir hamısını özü qabağına çəksin. Axır zaman ölkədə insanların heyvanlara meyl etməsinin səbəbləri haqda çox düşünürdüm. Çünki adamlar çoxalsa da isnanlıq azalır. İnsanlar insanlığı adamlarda tapa bilmir, ona görə ev heyvanları alıb saxlayırlar. Heyvanlar əhliləşir, adamlar isə daxilən vəhşiləşir. Bu çox qorxulu prosesdir. Hər şey maddiyyatla, pulla ölçülür artıq. Mənəvi zənginliyə deyil, maddi zənginliyə üstünlük verilir. Təbəqələşmə, sinifləşmə artır və siniflər arası məsafə böyüyür. Varlı daha da varlanır, kasıb isə daha da kasıblaşır.
Dini təmsil etdiyi deyilən kütlə də cəmiyyətə mənəvi dəyərlər açıqlamaq əvəzinə yutub kandarında məzhəb davası aparır, özünü tərifləyir, orta əsr ərəb – fars nağıllarını danışır. Alimlərə, mötədil dinşünaslara, mütəfəkkir, filosoflara da efirlərdə vaxt ayrılmır ki, toplumun mənəvi yöndən qidalanmasını təmin edələr. Şəhvətə, maddi tələblərə uyğun verilişlər verilir. Mənəvi aclıqları doyuran dəyərlər dəfn olunur artıq. Sabun, araq, pampers, hətta adını çəkməyə həya etdiyimiz nəsnələr belə televiziyalarda reklam olunur, lakin bircə alimin, yazıçının əsəri, kitabı reklam olunmur. Bəyəm cəmiyyətin ehtiyacı yalnız maddi qidalaradır? Bəyəm hamı vəhşidir ki, qidadan, kolbasadan, uşaq əskisindən savayı heç nə düşünmür? Bəyəm bu cəmiyyətin alimi, şairi, yazıçısı, filosofu, ziyalısı yoxdur? Onların mənəvi qidası hanı bəs? Cəmiyyəti tamah, xəsislik, xəbislik, möhtəkirlik kimi mənfi xüsusiyyətlərdən (daha doğrusu xəstəliklərdən!) müalicə etmək üçün müdrik adamlar, alimlər, professorlar, akademiklər danışmalıdır, maarifləndirmə aparmalıdır edirlərdə. Yalnız müğənnilər, yalnız artistlər, yalnız qara xəbərlər psixoloji cəhətdən cəmiyyəti yalavaclaşdırır, ruhunu korşaldır…
Nizami Gəncəvi yazırdı ki, insan gündə üç dəfə maddi qida qəbul etdiyi kimi, ən azı üç dəfə də mənəvi qida qəbul etməlidir. Yoxsa qarnı tox, könlü, ruhu, beyni ac qalacaq…
