Cəmiyyət

İCBARİ SIĞORTA HAQQI MÜƏMMASI… – Faktiki işsizlərlə qeyri-formal işləyənlər necə fərqləndiriləcək?

Nazirin sözlərinə görə, əlillik dərəcəsi olmayan, təqaüd almayan, işsiz kimi qeydiyyatdan keçməyən və muzdla işləməyən hər kəs İTS haqqını ödəməlidir. Daha dəqiq desək: “Əmək potensialı olan, lakin heç bir kateqoriyaya daxil olmayan şəxslər (əməkhaqqı minimum 400 manatdan çox olanlar üçün) ayda 16 manat (illik 192 manat) İTS haqqı ödəməli olacaqlar”.

Bu şəxslərin müəyyənləşdirilməsi prosesi elektron qaydada, fərdiləşdirilmiş məlumatlar (FİN kodu) əsasında aparılacaq və onların gəlir mənbəyi sorğulanacaq. Nazir əlavə edib ki, qeyri-formal işləyən şəxslər üçün birdəfəlik sığorta haqqı ödəməklə tibbi xidmətlərdən yararlanmaq imkanı da yaradılıb.

Qeyd edək ki, burada əsas problem işsiz insanlarla qeyri-formal şəkildə işləyənlərin necə fərqləndiriləcəyi, işləməyənlərin bu kateqoriyalardan hansına aid olduğunun necə müəyyən ediləcəyidir. Çünki işləməyənlərin hamısı işsiz kimi qeydiyyata düşə bilmir. Xüsusilə kəndlərdə yaşayan insanların çoxunun adlarına torpaq sahəsi olduğundan işsiz kimi qeydiyyata alınmır. Ancaq eyni zamanda bu cür vətəndaşlar işsizdən o qədər də fərqlənmir. Ev təsərrüfatından il ərzində qazandıqlarını aylara bölsək, minimum əməkhaqqından belə xeyli aşağı qazanc əldə etdiklərini görə bilirik.

Buna görə də hökumətin ilk növbədə bu cür vətəndaşlarla qeyri-formal şəkildə işləyənləri ayıra biləcək kriteriyalar müəyyənləşdirməsi, bundan sonra yeni sistemi tətbiq etməsi məqsədəuyğun olardı.

Nəzərə almaq lazımdır ki, bu cür vətəndaşlar rəsmi olmasa da faktiki olaraq işsiz sayılır və onların tibbi sığortasının dövlət büdcəsi hesabına qarşılanması daha doğru olardı.

Qeyd edək ki, əksər dövlətlərdə işsizlərin tibbi sığortası məhz dövlət büdcəsi və ya sosial fondlar vasitəsilə qarşılanır.

Məsələn, Almaniya, Fransa, İtaliya kimi ölkələrdə işsizlərin tibbi sığortası dövlət tərəfindən ödənilir. İşsizlər ya sosial yardım fondları vasitəsilə, ya da işsizlik müavinətindən ayrılan hissə ilə sığortalanır. Onlardan ayrıca ödəniş tələb olunmur.

İsveç, Norveç, Danimarka kimi ölkələrdə səhiyyə tamamilə dövlət büdcəsindən maliyyələşir, işsizlərdən heç bir ödəniş tələb olunmur.

Qardaş Türkiyədə işsiz şəxslər “Genel Sağlık Sigortası” (GSS) çərçivəsində dövlət tərəfindən sığortalanır. Gəliri olmayan şəxslərin sığorta haqqı dövlət büdcəsindən ödənilir.

Postsovet ölkələrindən Gürcüstan və Qazaxıstanda işsizlər üçün dövlət tərəfindən maliyyələşdirilən minimum tibbi xidmət paketi mövcuddur.

Eyni zamanda o da nəzərə alınmalıdır ki, Azərbaycan BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Pakt”ına qoşulub. Bu sənəd hər kəsin “əlçatan tibbi xidmət hüququnu” tanıyır. İşsizlərdən ödəniş tələb etmək bu hüququn təmin edilməsini çətinləşdirə bilər.

Azərbaycan həmçinin Beynəlxalq Əmək Təşkilatının (İLO) bir sıra konvensiyalarına da qoşulub. Bu konvensiyalar sosial müdafiə, bərabər imkanlar və işçilərin hüquqlarını qorumağa yönəlib. Birbaşa “işsizlərdən tibbi sığorta haqqı tələb etmək olmaz” məhdudiyyəti yoxdur, amma sosial müdafiə prinsiplərinə zidd ola bilər.

Azərbaycanın imzaladığı Avropa Sosial Xartiyası da sosial müdafiə hüququnu tanıyır. Burada dövlətin işsizlərə tibbi xidmət təmin etməsi öhdəliyi vurğulanır.

Əlbəttə, qeyri-formal şəkildə işləyənlərin müəyyən olunması və onlardan icbari tibbi sığorta haqqının alınması lazımdır. Ancaq bu, faktiki işsiz olan vətəndaşlardan ödəniş tələb olunmasına gətirib çıxarmamalıdır. İşsiz şəxsdən ödəniş istəmək sosial ədalət prinsiplərinə uyğun deyil.

Qeyd edək ki, dövlətin maliyyə resursları da imkan verir ki, qeydiyyata alınmayan, ancaq faktiki işsiz insanlarla qeyri-formal şəkildə işləyənləri ayıra biləcək kriteriyalar müəyyənləşdirilənə qədər yeni sistemin tətbiqini təxirə salsın.

Belə ki, bu ilin ötən 10 ayı ərzində valyuta ehtiyatları 16–17 milyard manat artırılıb, üstəlik 5 milyard manat büdcə artığı yaranıb. Odur ki, büdcəyə əlavə 5–10 milyon manat vəsait cəlb olunmasına səbəb olacaq bir sistemin tələsik tətbiqinə zərurət görünmür. Bu, faktiki işsiz insanları çətin duruma sala və hökumətə inamsızlıq yarada bilər.(Azpolitiko.info)

 

Tacxeber.com

Oxşar xəbərlər

Hər gün ətrafınızda bu cür xəstələrə rast gələ bilərsiniz – Erotomani sindromu haqda

redaktor

“TikTok”da yeni trend: Qədim müalicə üsulu imiş

redaktor

Tanınmışlardan nazirə CAVAB GECİKMƏDİ: “Psixoloqa müraciət etsinlər”

redaktor