Nyu Cersidən respublikaçı konqresmen Kris Smit “2025-ci il Azərbaycan Demokratiyası Aktı” adlı qanun layihəsini təqdim edəcək.
“Kyiv Post” saytı (Vaşinqton) AXCP sədri Əli Kərimlinin həbsinə ABŞ-ın reaksiyası barədə geniş məqalə dərc edib (link şərh bölümündə). Məqaləni jurnalist Ələkbər (Alex) Raufoğlu hazırlayıb. Məqalənin Azərbaycan dilinə tərcüməsini təqdim edirik:
Əliyev sərtləşir, Vaşinqton isə nəfəsini içində saxlayır
Azərbaycan hakimiyyəti müxalifət liderlərini hədəfə alarkən, ABŞ qanunvericiləri Tramp administrasiyasını “şüursuz şəkildə şərikliyə sürüklənməkdə” ittiham edir.
Azərbaycan prezidenti İlham Əliyev avqust ayında yüksək səviyyəli Ağ Ev səfərinin yaratdığı özünəinamla ölkəyə qayıtdıqdan sonra siyasi rəqiblərə qarşı genişmiqyaslı təzyiqləri sürətləndirib, rəsmi Vaşinqton isə buna göz yumur.
Onun növbəti hədəfi uzun illərdir Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) rəhbərlik edən və Əliyevin ən ardıcıl tənqidçilərindən biri olan Əli Kərimlidir.
Kərimli ötən həftə evinə edilən basqından sonra saxlanılıb və “hakimiyyəti zorla ələ keçirməyə cəhd” ittihamı ilə üzləşdirilib. Müxalifət nümayəndələri bu iddiaları həm fantastik, həm də ürək ağrıdıcı dərəcədə tanış adlandırırlar.
Bu həbslər AXCP funksionerləri və onlarla əlaqəli müxalif qruplara qarşı saxlamalar, məcburi yoxa çıxmalar və səfər qadağalarının artdığı daha geniş repressiya dalğasının bir hissəsidir.
Azərbaycan rəsmiləri həbsləri prezident Əliyevin son “kabus fiquru” – Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı istintaqla əlaqələndirirlər. Tənqidçilər isə bunun siyasi tamaşadan başqa bir şey olmadığını, təşkilatlanmış müxalifətin son izlərini silmək üçün uydurulmuş hüquqi bəhanə olduğunu bildirirlər.
“Əli Kərimlinin saxlanılması Azərbaycanda avtoritar praktikaların möhkəmləndirilməsinin sonuncu dəhşətidir,” – Amnesty International bəyan edib. “Onu evindən aparmaq, rabitə imkanı olmadan saxlamaq və əsassız ittihamlar irəli sürmək soyuq bir xəbərdarlıqdır,” – deyə təşkilatın region üzrə direktor müavini Denis Krivoşeyev əlavə edib.
Dövlət Departamentinin kar sükutu
Əliyevin təmtəraqlı Ağ Ev qarşılanmasından cəmi bir neçə ay sonra repressiyaların kəskin artmasına baxmayaraq, onu qucaqlayan administrasiya qəribə şəkildə susur. Dövlət Departamenti bir kəlmə belə deməyib. İnsan haqları təşkilatlarının və media qurumlarının – o cümlədən Kyiv Postun – dəfələrlə göndərilən sorğuları cavabsız qalıb. Vaşinqtonun təcrübəli simaları üçün bu sükut həm məqsədli, həm də təhlükəlidir.
“Səbəb budur ki, Əliyev dünyanın diqqətinin başqa yerdə olduğunu və Vaşinqtonun təzyiq göstərməyəcəyini düşünür,” – ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç bildirib.
“Dövlət Departamentinin və ya səfirliyin Əli Kərimlinin saxlanmasına və jurnalistlərə, siyasi opponentlərə qarşı davam edən təzyiqlərə görə narahatlıq ifadə edən bir açıqlama yayması yerinə düşərdi,” – o, “Kyiv Post”a deyib.
Bu sükut Bakıda da, Kapitolidə də təsəvvürləri formalaşdırır.
Demokratların yüksək vəzifəli bir Konqres əməkdaşı bu həftənin əvvəlində “Kyiv Post”a eksklüziv olaraq bildirib ki, administrasiya “şüursuz şəkildə şərikliyə addımlayır”.
“Biz bir müttəfiqin tam miqyaslı siyasi təmizləmə apardığını görürük,” – deyə həmin əməkdaş bildirib və əlavə edib: “Dövlət Departamentinin reaksiyası isə… heç nə. Bu boşluq Bakıda vəziyyəti daha da gərginləşdirmək üçün bir icazə kimi qəbul olunur.”
İnsan hüquqları məsələlərinə fokuslanan bir respublikaçı konqres əməkdaşı isə daha sərt danışıb: “Əliyev düşünür ki, Vaşinqtonun ona ehtiyacı var, onun isə Vaşinqtona yox. Bu düşüncə fonunda administrasiyanın hərəkətsizliyi inanılmaz dərəcədə narahatlıq doğurur.”
Konqres hərəkətə hazırlaşır
Ağ Ev tərəddüd edərkən qanunvericilər prosesə müdaxilə edir. Tom Lantos İnsan Hüquqları Komissiyasının həmsədri, Nyu Cersidən respublikaçı konqresmen Kris Smit yaxınlarda “2025-ci il Azərbaycan Demokratiyası Aktı” adlı qanun layihəsini təqdim etmək niyyətində olduğunu açıqlayıb. Bu qanun layihəsi Bakının yüksək vəzifəli rəsmilərini hədəf alan genişmiqyaslı sanksiyaları nəzərdə tutur.
Qanun layihəsi korrupsiya və siyasi repressiyalarda əli olan yüksəkçinli Azərbaycan rəsmilərinə qarşı viza qadağaları tətbiq etməyi və ABŞ-dakı aktivlərini dondurmağı nəzərdə tutur. “Kyiv Post”un tanış olduğu qanun layihəsinin ilkin variantında Əliyevin təhlükəsizlik, məhkəmə və siyasi strukturlarına daxil olan 35 nəfərin adı çəkilir.
Qanunun bir hissəsində belə yazılıb: “Konqresin fikrinə görə, Prezident [ABŞ Prezidenti] demokratik institutları zəiflətmək üçün atılan addımlardan şəxsi fayda götürən rəsmilərin bütün mülklərini və mülkiyyət hüquqlarını bloklamalıdır.”
Qanun layihəsinin hazırlanması ilə tanış olan bir konqres əməkdaşı “Kyiv Post”a bildirib ki, Əliyevin son addımları “hesablamaları dəyişdirib”.
“Əliyev Vaşinqtonun sükutunu yaşıl işıq kimi görür. Konqres isə deyir: daha heç bir çek ağ kağızla verilməyəcək,” – deyə əməkdaş vurğulayıb.
Post-Qarabağ təmizləməsi
Analitiklər deyirlər ki, Əliyevin təzyiqləri sadəcə fürsətçilik deyil, strukturlaşdırılmış addımlardır. Tramp administrasiyası Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsinə fokuslandığı üçün Əliyev ciddi xarici təzyiq hiss etmir. Bu da onu daxili müxalifətə üz tutmağa sövq edir.
Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli hesab edir ki, repressiyaların vaxtı birbaşa prezident Əliyevin bu yay Ağ Evdə təmtəraqlı şəkildə qarşılanması ilə bağlıdır. “O, Əli Kərimlini 10 ildir həbs etmək istəyirdi. Ağ Evdə edilən zarafatlar ona bu cəsarəti verdi.” – Həsənli “Kyiv Post”a bildirib.
Həsənli xəbərdarlıq edib ki, Əliyev artıq Azərbaycanın siyasi sistemini “post-Qarabağ dövrü” üçün yenidən formalaşdırmağa qərarlıdır, halbuki Qərb hökumətləri Ukrayna, Yaxın Şərq və digər böhranlarla məşğuldur.
“Dünya məşğul olduğu müddətdə Əliyev AXCP-ni və Milli Şuranı əzmək istəyir,” – deyə o bildirib.
‘Sabitsizlik’ hansı bahaya başa gəlir?
İnsan hüquqları təşkilatları xəbərdarlıq edir ki, Qərbin regional sabitliyə və Xəzər enerji resurslarına olan tələbatı repressiyalara açıq çekə çevrilə bilər.
“Rəsmilər real dəlillər ortaya qoya bilməsələr, Əli Kərimli azad edilməlidir,” – Amnesty International-ın nümayəndəsi Krivoşeyev qeyd edib.
Vaşinqtonda isə Əliyevin ABŞ-ın susqunluğundan istifadə etməsinə görə narazılıq artır.
Senatdan bir əməkdaş bunu açıq şəkildə ifadə edib: “Biz sabitliyi avtoritarlara həvalə edə və sonra onların avtoritar kimi davranmasına təəccüblənə bilmərik.”
Qanunvericilər hərəkətə keçməyə hazırlaşdığı və müttəfiqlər narahat olduğu bir vaxtda Ağ Ev Bakıya təsir imkanlarını itirmək riski ilə üz-üzədir.
Əsl sual budur: Vaşinqton nəhayət sükutunu pozacaqmı, yoxsa Əliyevin daha da qaranlıq bir fəsil yazmasına şərait yaradacaq?
