CəmiyyətSiyasət

Bu gün hər bir məsuliyyətli şəxs birmanalı şəkildə Əli Kərimlinin azadlığını tələb etməlidir.

Qardaş soruşur ki, Əli Kərimlinin həbsinə münasibətim necədir? Gün ərzində elə o barədə yazmışam. Amma təəssüf ki, elə insanlar var ki, mətni oxuyurlar, ancaq mənasını başa düşmürlər. Hətta yazını tərs anlayanlar da olur.

Mənim mövqeyim birmənalıdır: Azərbaycanda olan bütün siyasi məhbuslar dərhal və qeyd-şərtsiz azad edilməlidir. Azərbaycanda heç bir halda siyasi məhbus olmamalıdır.

Əli Kərimlinin həbsi isə biabırçılıqdır və qəbuledilməzdir. İndiyə qədər Əli Kərimlini nə qədər döyüblər, söyüblər, həbs ediblər? Ən kritik məqamlarda mən onu müdafiə etmişəm. Bu, prinsip məsələsidir. Əli Kərimli həbsdə yox, ən azı parlamentdə olmalıdır. Düzdür, mən Əli Kərimlinin eyiblərindən də söhbət açıram. Zatən mən bütün siyasətçiləri tənqid edirəm. Kimisə tərfləmək mənlik deyil. Həm də bizim siyasətçilər tərifə layiq olsaydı Azərbaycan çoxdan cənnətə dönmüşdü…

Ümumiyyətlə, mən siyasi konsensusun tərəfdarıyam. İstəyirəm ki, iqtidar və müxalifət bir araya gəlsin, müxtəlif məsələlər üzrə müzakirələr aparsın, birgəyaşayış qaydalarını müəyyən etsin. Bütün siyasi partiyalar da həmin qaydalara baş əysin.

Sabah İlham Əliyev büdrəsə, iqtidara gələn müxalifət də indikilərə, xüsusən İlham Əliyevin özünə, ailəsinə və yaxın ətrafına qarşı eyni münasibəti göstərəcək. Həbslər, təqiblər, qətillər… baş alıb gedəcək və Azərbaycan yenidən xaosa qərq olacaq.

Mən barış tərəfdarıyam. Qarşılıqlı güzəştlər əsasında anlaşmaq, yekun razılığa gəlmək ən düzgün yoldur. Siyasətçilər opponentlərinə ehtiram göstərməyi bacarmalıdır. Bu, həm də siyasi mədəniyyətin göstəricisidir. Mədəni olmaq hər zaman faydalıdır.

Biz şəxsi ambisiyalarımızı və eqomuzu deyil, Azərbaycanın bu gününü və gələcəyini düşünməliyik. Siyasətə məsuliyyətlə yanaşmalıyıq. Mənə görə, siyasətlə dələduzlar yox, kübar və “Öncə Azərbaycan” düşüncəsinə sahib insanlar məşğul olmalıdır…

Məncə, bu gün hər bir məsuliyyətli şəxs birmanalı şəkildə Əli Kərimlinin azadlığını tələb etməlidir. Əli Kərimlinin həbsi həm də o deməkdir ki, Azərbaycan artıq Şimali Koreyanın gününə düşüb…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Dövlət Müstəqilliyinin Bərpası Günü.

admin

Sülh çağırışına görə 15 il həbs: Bəhruz Səmədov nümunəsi

admin

Tramp üçüncü dəfə prezidentliyə namizəd olub-olmayacağını açıqladı

redaktor