Avtoritar- korrupsiyaçı rejimlərin bir çox qəribə özəllikləri var: danışdıqca- yazdıqca bitməz.
Bu sistemlərdə sosial durum pis olur adətən, bu, qəribə deyil.
Əhali də zorla yaşayır. Amma həmin o pis yaşayan adamların arasından kimlərisə seçib vəzifəyə (oxu- korrupsiya sxeminə) yerləşdirəndə, yaxud xırda imtiyazlarla hansısa layihələrə dürtəndə bu adamlar çox qısa müddətdə pozitiv siqnal mənbəyinə çevrilir, əhalinin əla səviyyədə yaşadığını deyirlər. Onlara ya elə gəlir ki, hamının həyat səviyyəsi bunlarla birlikdə yaxşılaşıb, ya da sadəcə olaraq aldıqları gəlirli imtiyazlara görə diktatora “şükür dualarını” bu şəkildə çatdırmağı borc sayırlar. Təbii ki, ikincidir.
Bu prosesi təxminən belə də adlandırmaq olar: “kiçik imtiyazların psixologiyası, yaxud avtoritar rejimlərdə loyal ictimai təbəqənin formalaşdırılması”.
Avtoritar–korrupsiyaçı rejimlərin ən bic xüsusiyyətlərindən biri budur ki, sosial vəziyyət ümumilikdə pis olsa da, sistem daima “məmnun azlıq” yaradır.
Cəmiyyətin əksəriyyəti yoxsulluq və qorxu içində yaşayarkən, rejim müəyyən qruplara: bürokratik, media, QHT və sair “layihə imtiyazlıları”na kiçik güzəştlər verir. Bu kiçik imtiyazlar, azadlıq və hüquqdan məhrum edilmiş bir mühitdə, nəhəng xoşbəxtlik illüziyası yaradır.
Əlbəttə, bu, Azərbaycan rejiminin xüsusi tapıntısı deyil, geniş tətbiq edilən üsuldur və “kiçik imtiyazlar sindromu” da adlandıra bilərsiz. .
Rejim azadlıq vermir, amma kiçik iqtisadi və ya sosial faydalar yaradır. Məsələn, maaş artımı, vəzifə, layihə, hətta hansısa məqsəd üçün ödənişli səfər imkanları və sairə.
Bu faydalar sosial ədalətsizliyin ölçüsü ilə müqayisədə əhəmiyyətsiz olsa da, psixoloji baxımdan rejimlə barışığın bəhanəsinə çevrilir.
Proses belə başlayır: adam “bütün sistem çürüyüb” dediyi yerdə birdən- birə, “deyəsən, axı, vəziyyət o qədər də pis deyil” relsinə düşməklə öz vicdanını rahatladır.
Bu, başlanğıcdır.
Azərbqycan təcrübəsində bu kursun bir başqa başlanğıc nöqtəsinə də tez- tez rast gəlmək olur: “daxili soyasətdə müəyyən problemlər var, amma xarici siyasət mükəmməldir”. Tanış gəlirmi?
Bu yaxınlardakı yazılarımın birində koqnitiv dissonans faktoruna toxunub keçmişdim, ya da belə yadıma gəlir nəyə görəsə. Sözümün canı budur ki, insan eyni anda iki zidd fikri daşıya bilmir.
Əgər biri həm rejimin korrupsiyasını görür, həm də ondan mənfəət götürürsə, zehni diskomfort yaranır.
Bu diskomfortu aradan qaldırmaq üçün insan özünü inandırır ki, rejim elə də pis deyil.
Beləcə, o, həm mənəvi narahatlıqdan, həm də qorxudan qurtulur.
Rejim bu insanları öncə real güc mövqelərinə deyil, simvolik əhəmiyyətə malik vəzifələrə və ya layihələrə yerləşdirir.
Onlar özlərini sistemin bir parçası kimi hiss etməyə başlayırlar və bu onlara təhlükəsizlik illüziyası verir. Bu illüziya onları yavaş- yavaş rejimin “mənəvi təbliğat ordusunun” nəfərlərinə çevirir və hətta tədricən, açıq müşahidə ediləcək templə aqressivləşə də bilirlər.
Avtoritar sistemlər üçün bu tərz sosial kapitalın icarəyə verilməsi kimi izah oluna bilər. Yəni rejimi müdafiə edənlərə qismən rifah, qalanlara da antirifah paylayır.
Avtoritar rejimlərin bu sosial siyasət tərzi, əlbəttə, xoşbəxt azlıq və susqun çoxluq arasında ziddiyyətləri davamlı olaraq dərinləşdirir. Xoşbəxt azlıq düşərgəsinə yerləşmiş şəxs “susqun çoxluq” tərəfə ikrahla baxmağa başlayır, bunu gizlətməməyə çalışır.
Başlanğıcda simvolik (və ya şərti) integrasiya niyyətilə sistemin psixoloji sığortasını əldə edənlər tezliklə ədalət hissini dəfn edirlər: İnsan artıq doğrunu deyil, öz payını müdafiə etməyə başlayır. Təbliğatın könüllü daşıyıcıları sırasına yeni vahid belə əlavə edilir.
Beləliklə, rejim özünün maraq dairəsində olan fərdləri zorakılıqla deyil, xırda sevinc payları ilə götürməklə ictimai idarəetmə təşəbbüslərinə nəzarəti əlində saxlaya bilir.
Avtoritar rejimlər üçün sədaqət bir qayda olaraq ideologiya ilə deyil, maddi rüşvətlə təmin olunur.
Sosial rüşvət kimi verilən bu kiçik imtiyazlar isə böyük yalanların psixoloji dayaq nöqtəsinə, arqument bazasına çevrilir.
Öyrənin, nə qədər gec deyil.
