CəmiyyətSiyasət

Bizim siyasətçilər mübarizə aparmır, sadəcə, dövranla dolanır.

Qardaş soruşur: Sən niyə Əli Kərimlini tənqid edirsən, ancaq İsa Qəmbərə toxunmursan. Niyəsini deyim. Çünki Əli Kərimli müxalifət adına heç olmasa bəyanat verir, sosial şəbəkələrdə status paylaşır. İqtidara qarşı sərt ritorika ilə çıxış edir. İsa Qəmbərin isə adı var, özü yoxdur. Yerdə qalan müxalifət partiyaları isə çoxdan ölüb. Sadəcə, bu həqiqəti dilə gətirən tapılmır.

Deməli, İlham Əliyevin 2 avtobusu var. Birinə müxalifətçiləri doldurur, müxalifətçilər də Qarabağda bir tur atıb Bakıya dönürlər. Digər avtobusa isə möhtərəm prezidentimiz möhtərəm jurnalistləri doldurur. Onlar da, müxalifətçilər də Qarabağın başına dolanıb xoşbəxt olurlar. Yəni İlham Əliyevimiz həm müxalifəti, həm də jurnalistləri beləcə yola verir və öz bildiyi kimi də Azərbaycanı fırladır. Daha dəqiq də demək olar: Şəxsi mülkiyyəti kimi idarə edib pul qazanır…

Əlbəttə, avtobuslara doluşan bu girdirmə müxalifətçilərin də, jurnalistlərin də bu xalqa elə bir dəxli yoxdur. Onlar öz başlarını girləməklə məşğuldurlar…

Ən pisi olan odur ki, bu müxalifət partiyalarının üzvləri, məsələn, daha konkret deyim, müsavatçılar İsa Qəmbərin yaxasından yapışıb demirlər ki, ey ulu başqan, biz iqtidara gəlmək uğrunda mübarizə aparırıq, ya yox? Aparırıqsa, niyə xalqdan bu qədər uzaq düşmüşük…

Mən deyəndə ki, Azərbaycan iqtidarı da, müxalifəti də özünü adekvat aparmır, bəziləri dodaq büzür. Ancaq bu günün reallığı belədir…

Mən nə təklif edirəm? Ya birləşin, əl-ələ verin, real siyasi mübarizə aparın. Azərbaycan xalqının iqtidardan tələb etdiklərinə dəstək verin. Meydanlara axışın. Ya da əllərinizi qaldırıb təslim olun. Siyasətdən gedin. Bu komediyanı bitirək…

Diqqət edin: Nə AXCP-yə, nə də Müsavata yeni üzvlər qəbul olunmur. Məsələn, son 10-15 ildə bu partiyalara tanınmış birisinin daxil olmasını mən xatırlamıram. Niyə gəlmirlər? Çünki heç bir perspektiv görmürlər. İnsanları qınamaq da olmur. Əvvəlcədən iqtidar qarşısında təslim olan partiyadan necə qələbə gözləmək olar ki?

Cırtdan partiyalar cəhənnəm. O boyda Məmməd Əmin kişinin partiyası belə rəzil gündə olmamalıdır. Vallah, ölüb yerə girmək lazımdır…

Bir şeyi də deyim: Bizim müxalifət, xüsusən AXCP Qərbdən pənah gözləyir. Yəni Qərb hansısa səbəbdən İlham Əliyevi devirəcək, bunlar da iqtidara gələcəklər. Bu, ciddi söhbət deyil. İlham Əliyev Qərbin dilini sizdən də yaxşı bilir. Dünənki görüşdə bu, bir daha sübut olundu. Donald Tramp özünü elə aparırdı ki, bilmirdin Amerikanın prezidenti İlham Əliyevdir, yoxsa o…

Mən hər kəsi, xüsusən müxalifətçiləri düşünməyə dəvət edirəm. Belə siyasi mübarizə olmaz. Ya var olun, ya da yox olun. Lütfən, belə yarımçıq olmayın. Azərbaycanda az qala 400 siyasi məhbus var, siz isə fil qulağında yatmısız…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Britaniyanın xarici kəşfiyyatı Mİ6-ya ilk dəfə qadın rəhbərlik edəcək

redaktor

Azərbaycanda sərnişindaşıma 36 % artıb

redaktor

Trampın oğlu milyarder oldu

redaktor