Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan az qala təyyarəsini geri çevirmişdi – səbəb isə İsrailin Baş naziri Benyamin Netanyahunun Misirdəki Qəzza üzrə sülh sammitinə mümkün gəlişi olub.
Tacxeber.com xəbər verir ki, Bu barədə “Ülke TV” kanalının baş redaktoru Həsən Öztürk canlı efirdə məlumat verib. Onun sözlərinə görə, Ərdoğan Şarm əl-Şeyxə uçuş zamanı Netanyahunun sammitdə iştirak edə biləcəyi barədə məlumat alıb. Bundan sonra Türkiyə lideri bir neçə tərəfdaşa xəbərdarlıq edib ki, əgər İsrail baş nazirinin iştirakı təsdiqlənsə, səfəri yarımçıq kəsib Ankaraya qayıdacaq.
Öztürkün bildirdiyinə görə, həmin an Ərdoğanın təyyarəsi artıq eniş üçün şassi buraxmış, lakin xəbərdən sonra yenidən yüksəklik qazanmışdı.
Bir müddət sonra Misir tərəfi İsrail baş nazirinin sammitdə iştirak etməyəcəyinə zəmanət verib və bundan sonra Türkiyə liderinin təyyarəsi yenidən istiqamətini dəyişərək Şarm əl-Şeyxdə eniş edib. Rəsmi açıqlama hələlik verilməyib.
Bu arada INA agentliyi xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Netanyahunu sammitə cəlb etməyə çalışsa da, bir sıra ölkələrin mövqeyi buna imkan verməyib. Mənbəyə görə, İraq hökumət başçısı İsrail baş naziri sammitə qatılacağı halda tədbiri tərk edəcəyini Qahirə və Vaşinqtona bildirib. Digər ölkə nümayəndələrinin də eyni mövqedə olması nəticəsində Netanyahunun danışıqlarda iştirakı mümkünsüzləşib.
Mənbə əlavə edir ki, Misir rəsmi olaraq İsrail baş nazirinə dəvət göndərməyib, lakin Tramp onun sammitə qatılması üçün diplomatik kanallardan istifadə edib.