22 C
Bakı
13 Oktyabr 2025 14:00
CəmiyyətGündəm

“Bu, Ülviyyə Əli idi.”

Jurnalist siyasi məhbusdan digər jurnalist siyasi məhbusa ad günü təbriki

“Bu, Ülviyyə Əli idi.

14 mart, 2025-ci il.

O sabah yuxudan tələm-tələsik oyandım. Xətai Rayon Məhkəməsinə aparıldım və barəmdə seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadıldı. Həmin gün həbsimin üzərindən sadəcə 2 həftə keçmişdi…
Məhkəmə binasından çıxarılıb, Pentensiar Xidmətin xidməti avtomobilinə sarı aparılarkən uzaqdan tanış kamera obyektivi və hədəflədiyi kadrı yaxalamağın məmnunluğu ilə gülümsəyən bir reportyorun doğma simasını gördüm: Bu, Ülviyyə Əli idi.

Çox sevindim. Hələ də kimsə vardı! Hansı ki, onun kamerası sayəsində gözlərindən gizlədildiyim insanlar məni gördü, yenə gülümsədiyimə, əhvalımın yaxşı olduğuna əmin oldular.

Bir tərəfdən də ürəyimə narahatlıq hakim kəsilmişdi. Çünki, azadlığı əlindən haqsız yerə alınacaq növbəti jurnalistin kimliyini bilirdim: bu, Ülviyyə Əli idi.

Çox keçmədi ki, gözlənilən xəbəri təcridxananın görüş otağında anamdan aldım. Necə möhkəm sarsıldığımı hələ də yaxşı xatırlayıram. Anamla sağollaşıb kamerama qayıtdıqda ilk dəfə məyusluq hiss elədim. Kamera yoldaşlarım halımı görüb demişdilər ki, “heç özün həbs olunanda məyus olmamışdın”.

Bilmirdim nə edim. Ülviyyəni görmək, qucaqlamaq istəyirdim. Eləcə qucaqlamaq və xoş nə isə demək. Amma mümkün olan iş deyildi.

Qəfil bir neçə qapının eyni anda açılması, ardınca da qadın səsi eşidildi. Axşam saat 6-nı xeyli ötmüşdü. Bu saatdan sonra kameraların qapısı fövqəladə hadisə baş vermədikcə açılmır. Təxminim belə oldu ki, gətirilən Ülviyyədir və koridorun sonundakı kameralardan birinə yerləşdirilir.
Üzümü bağlı “qarmoşka”ya (nəfəslik) söykəyib var gücümlə qışqırdım: “Ülviyyə, səni sevirik! Hər şey yaxşı olacaq!”
Hələ də bilmirəm o məni eşitdi, yoxsa yox? Ümumiyyətlə, səsi gələn qadın Ülviyyə Əli idi?

Bu gün Ülviyyə Əli doğum gününü heç bir cinayət törətmədiyi halda təcridxana kamerasında keçirir. Üstəlik, əvvəldən razılıq alınmasına baxmayaraq, bu gün ona ailəsi ilə görüşməyə də icazə verilmədi. Baxmayaraq ki, digər bir çox məhbusa bu icazə verilirdi.
Ülviyyə Əliyə isə “olmaz”. Ülviyyə Əli cəzalandırılır. Bu məğrur qadını belə məyus eləmək cəhdi – sadəcə faydasızdır.

Mənim həbs yoldaşım, əziz həmkarım, ən “cool” şəklimin müəllifi, doğum gününü təbrik edirəm. Növbəti doğum günlərini arzuladığın yerdə və ürəyincə olan insanların əhatəsində keçirməyini diləyirəm.
Bütün bu qaramat bitəcək. Bugünkü streslər yekunlaşacaq. Sən yenə də sevimli kameranla hədəflədiyin kadrları lentə alacaqsan. Yenə qələmin kəskinliyi, kadrların aydınlığı ilə fərqlənəcək. Reportajlarını oxuyan, izləyən insanlar müəllifin kim olduğunu dəqiq biləcək və deyəcəklər: Bu, Ülviyyə Əli idi…”

 

Fatimə Mövlamlı
Bakı İstintaq Təcridxanası.

Tacxeber.com

Oxşar xəbərlər

“Tutdurun məni! Basın türməyə!” – Flora Kərimovadan sərt açıqlama – VİDEO

redaktor

Ukraynada qadınları zorlayan erməni komendant – Faktlar

redaktor

İşdən azad edilən Əhəd Abıyevin inanılmaz ailə sərvəti – Siyahı

admin